“Həmin o cinayətkar generallar bütün o cinayətləri təkbaşına etməyiblər ki…”
«Hara baxırdı Prezident Aparatı, dövlət başçısı niyə bunlardan məlumatsız olub?»
«Necə olub ki, nazirliklərin tərkibində mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib?»
həmin o cinayətkar generallar bütün o cinayətləri təkbaşına etməyiblər ki
AXCP sədri Əli Kərimli Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlərə münasibət bildirib. Əməkdaşımızla söhbətində o, Azərbaycan ictimaiyyətində yaranan suallara hakimiyyətin cavab verməli olduğunu deyib:
Niyə görə dövlət orqanları işləməyib?
– Əlbəttə, son günlərdə Milli Təhlükəsizlik Nazirliyindəki həbslər, ifşalar, hətta digər nazirliklərdə bununla bağlı həyata keçirilən həbslər, ifşalar gündəmin əsas məsələsinə çevrilib. Azərbaycan ictimaiyətinə həbs olunan generalların, işdən çıxarılan nazirlərin varidatı haqqında məlumatlar verilir. Azərbaycan ictimaiyyətində çoxlu suallar yaranır. Nə baş verir? Necə olub ki, nazirliklərin tərkibində mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib? Necə olub ki, xüsusi bir qabiliyyət sahibi, həmin sahə üzrə peşəkarlığı olmayan adamlar beş-yeddi ilin ərzində general rütbəsi alıblar? Bu qədər cəzasız olublar? İri miqyaslı korrupsiya ilə məşğul olublar? Evlərdən yüz milyonlarla dollar tapılır, kiloqramlarla brilyant tapılır? Necə olub ki, Milli Təhlükəsizlik Nazirliyinin (ölkənin təhlükəsizliyinə cavabdeh olan qurumun) hansısa bir generalının bankı olur? Deməli, bütövlükdə bu sahə uzun müddət qanunçuluğun və dövlətin nəzarətindən çıxıb. Bəs necə olub bunlar baş verib? Axı ölkənin dövlət başçısı var, Prezident Aparatı var, müvafiq dövlət orqanları var. Yaxşı, başa düşdük ki, Milli Təhlükəsizlik Nazirliyində, yaxud Rabitə Nazirliyində mütəşəkkil dəstə formalaşıb. Bəs niyə dövlətin başqa qurumları bundan xəbər tutmayıb? On il ərzində bu adamlar insanlara zülm ediblər, reketlik yoluyla yüzlərlə, minlərlə insanın sərvətini əlindən alıblar, onları şərləyiblər, bəzilərini öldürüblər, işgəncə veriblər. Niyə görə dövlət orqanları işləməyib? Hara baxırdı Prezident Aparatının Dövlət və Hüquq Şöbəsi? Nə zaman ləğv olunub prokrorluğun o səlahiyyəti ki, Milli Təhlükəsizlik orqanlarında qanunçuluğa nəzarət etsin? Axı bu, prokrorluğun birbaşa vəzifəsidir. Dövlət başçısı niyə bunlardan məlumatsız olub? Axı bir müddət əvvəl İlham Əliyev deyirdi ki, Azərbaycan balaca ölkədir, burada hamı hamını tanıyır və hər şeydən hamının xəbəri var. Niyə bəs özü təhlükəsizlik orqanlarında belə bir mafiyanın kök salmasından xəbərsiz olub? Belə bir mafiyadan axı ölkənin xəbəri var idi. Təkcə “Azadlıq” qəzetində bu mövzuda yazılmış yazıları oxumaq, onlara reaksiya vermək kifayət idi ki, 11 il ərzində bu cinayətkarlar ölkədə meydan sulamasınlar. Minlərlə insanı bədbəxt eləməsinlər. Dövlət orqanlarından bu insanları küsdürməsinlər. Niyə görə bu boyda səhlənkarlığa yol verilib? Ikinci mühüm suallar bloku yaranır ki, indi həmin o ifşa olunan nazirliklərdə ortaya çıxmış qanunsuzluqlar yalnız o nazirliklərəmi aiddir? Indi məlum olur ki, təkcə bir Milli Təhlükəsizlik Nazirliyində nazirin 80 nəfər qohumu çalışırmış. Mən soruşuram: Digər nazirliklərdə elə deyil? Kim bilmir ki, bütün nazirliklər bu qaydada formalaşmayıb? Tam məsuliyyətlə deyirəm ki, hətta 80 nəfər bir nazirin həmin nazirlikdə işləyən qohumları üçün çox böyük rəqəm sayılmaz. Deməli, Eldar Mahmudov heç də bu sırada ən öndə gedəni deyil. Yüzlərlə qohumunu öz tabeliyindəki nazirliklərdə işə düzəltmiş nazirlər var. Dövlətin bunlardan xəbəri yoxdurmu? Deməli, nazir vurulur, ya siyasi səbatsızlıq göstərir, ya məşhur terminlə desək, maliyyə xəyanəti edir və ondan sonra yada düşür ki, bunun onlarla villası var. Yada düşür ki, bunun nəzarətində bank var. Yada düşür ki, bu yüz milyonlarla dövlət vəsaitini korrupsiya vasitəsi ilə mənimsəyib.
Hansı nazirlikdir ki, orada korrupsiya yoxdur?
Indi mən soruşuram: Digər nazirliklərdə belə deyil vəziyyət? Hansı nazirlikdir ki, orada korrupsiya yoxdur? Hansı nazirlikdir ki, orada qohumbazlıq, klan formalaşmayıb? Bütün nazirliklərdə nəinki nazirlər, onların tabeliyində olan digər vəzifəli şəxslər məgər öz klanlarını yaratmıyıblarmı? Ölkədəki bütün sahibkarlıq subyektləri məhz belə xırda klanların nəzarətində deyilmi? Biz mütləq hansı nazirin, hansı sərvətinin olduğunu bilməkdən ötəri onun vurulmağınımı gözləməliyik? Onun işdən çıxarılıb həbs olunmağınımı gözləməliyik? Azərbaycan cəmiyyətinin hüququ yoxdurmu ki, qanuna uyğun olaraq bütün bu nazirliklər, bütün vəzifəli şəxslər qanuna uyğun olaraq özlərinin gəlir bəyannaməsini elan etsinlər? Hansı sərvətə sahib olduqlarını, onu necə əldə etdiklərini cəmiyyət qarşısında elan etsinlər? Bu sualların hamısı belə bir nəticəyə gətirib çıxarır ki, hazırda ölkədə həyata keçirilən həbslər, işdən çıxarılmalar qətiyyən hansısa bir islahatın nəticəsi deyil. Islahatın anonsu deyil. Dövlət hakimiyyətinin idarə olunmasında əhəmiyyətli bir dəyişiklikdən xəbər vermir. Çünki eyni hadisə, eyni cinayət başqa nazirliklərdə bu gün də törədilir, amma onun üstü örtülür. Indi bizə məlumat verilir ki, Rabitə Nazirliyində böyük mənimsəmələr olub. O sıradan büdcə vəsaitlərini özəlləşdirməylə bağlı böyük mənimsəmələr olub. Rabitə Nazirliyi əslində heç də bu sahədə ən öndə olan nazirlik deyildi. Korrupsiya axtarırsız? Korrupsiya Dövlət Əmlak Komitəsində, Dövlət Gömrük Komitəsində, Maliyyə Nazirliyində… Hansı nazirliyi qaldırsanız, arxasından yüz milyonlarla korrupsiya çıxacaq. Niyə onları axtarmırsız? Əgər siz doğrudan da qayda yaratmaq istiyirsiz? Bu ölkədə Milli Təhlükəsizlik Nazirliyində, həmin o cinayətkar generallar bütün o cinayətləri təkbaşına etməyiblər ki. Bəs onların təqdimatı ilə insanları qanunsuz olaraq həbs etmək haqqında sanksiya verən prokurorlar niyə məsuliyyət daşımırlar? Niyə həmin o uydurma cinayət işləri üzrə hakimlər qərar çıxarıblar, hökm çıxarıblar, ancaq onların birinə də güldən ağır söz deyilmir? Nəyə görə? Çünki onlar hələ ali rəhbərliyin qarşısında etimadı itirmiyiblər…
Onsuz da bu adamlar məsuliyyət daşıyacaqlar
Deməli, onların hər birinin məsuliyyət daşıması üçün biz gözləməliyik ki, onlar nə zaman dövlət hakimiyyətinin nəzərindən düşəcəklər? Qanunçuluq belə olmur. Ona görə də biz hesab edirik ki, başlanan proses müəyyən mənada müsbətdir. Necə deyərlər, oğru, cinayətkar, quldur nə qədər tez məsuliyyət daşısa, o qədər yaxşıdır. Onsuz da bu adamlar məsuliyyətdən kənar qala bilməyəcəklər. Amma onun daha tez olması, öz əlləri ilə olması yaxşı haldır. Amma yarı yolda dayanmaq lazım deyil. Davam etmək lazımdır. Azərbaycan ictimaiyyəti, Azərbaycan müxalifəti bunu dövlətdən tələb edir. Bu cinayətlərin indi başqa nazirliklərdə, yaxud həmin nazirliklərdə başqa familiyalar altında davam etməsini biz istəmirik. Biz tələb edirik ki, bütövlükdə dövlət aparatını əhatə etmiş korrupsiya, qohumbazlıq, klan hakimiyyəti təmizlənsin. Dövlət orqanlarının reket kimi sahibkarlardan sərvət almasının, onlardan haqq tələb etməsinin qarşısı alınsın. Bu baxımdan hesab edirəm ki, Azərbaycan cəmiyyəti indi aktiv olmalıdır. İctimai rəy öz tələblərini ortaya qoymalıdır. Biz indi bu baş verənlərin davamını ardıcıl olaraq tələb etməliyik.