Məlumatlı mənbələrdən yayılan xəbərə görə aylardır müəllimlərin maaşı gecikir. Məlum böhranın ölkənin bütün təbəqələrini vurduğu kimsəyə sirr deyil. Bağlanan iş yerlərini və artan işsizliyi də nəzərə alsaq, bu aralar kimsənin durumunun yaxşılaşması haqqında söhbət gedə bilməz. Hətta dünyanın BP kimi nəhəng şirkətində çalışan dost-tanışlar belə durumdan gileylənirlər. Indiyə qədər işçilərə verilən bir sıra imtiyazlar ləğv olunmağa, vəzifələr ixtisar olunmağa, dənizdə işləyənlərin belə maaşları belə azalmağa başlayıb. Aydın məsələdir, dünya bazarında neftin qiymətinin üzüaşağı düşə-düşə getməsi xeyirdən xəbər vermirdi. Amma büdcədən maaş alan müəllimlərlə məsələ bir az başqadır. Hamı bilir ki, indi müəllimlər ölkənin ən üzüyola və itaətkar təbəqəsidir. Hamıdan çox əziyyət çəkir, hamıdan az maaş alırlar. Hamıdan çox danlaq götürür, hamıdan çox sədaqət göstərirlər. Hamıdan çox hökumətin karına gəlir, hamıdan az yada düşürlər. Bütün təntənəli dövlət tədbirlərinin, kampaniyaların, seçkilərin “yaraşığı” onlardır. Insaf harda, heç olmasa, sizə bu qədər bağlılıqla xidmət göstərən, bir sözünüzü iki eləməyən, göstərişlərinizi əskiksiz və dəridən-qabıqdan çıxaraq yerinə yetirən bu təbəqəyə yaxşı baxın. Onsuz da hamıya bir gözlə baxmaqdan keçib, bu haqda danışmağa da dəyməz. Barı işinizə gələnləri gözdən salıb, bu qədər ucuzlaşdırmayın…
Hər şey aydındır, əslində. Müəllimlər özləri də bunu anlamamış deyillər. Bu ölkədə hər şey bir qrupun mənafeyi üçün hesablanır. Bütün icraçıların işi də onların arzuları üzərində qurulur. Onların istədikləri partiyaya üzv olmaq, onların istədikləri adamları təbliğ etmək, onların istədikləri namizədləri qutudan çıxarmaq…Hər şey onlar üçündür. Siz yalnız deyilənlərə əməl etmək üçün gərəksiniz. Sizin dərdiniz-odunuz, az-azacıq maaşınız, saxtakarlığa və günaha batan adınız onların vecinə də deyil. Onlar təpədə oturub lükslərini yaşarkən, sizin icraçı olaraq etdikləriniz müqabilində yediyiniz tənələri, üstünüzə yığdığınız ahları, qazandığınız lənətləri də veclərinə almazlar. Sizin dərdləriniz onlar üçün maraqlı deyil. Onlar üçün maraqlı olan şey hər dəfə sizin əlinizi harama batırıb, öz komfortlarının istifadə müddətini bir az da artırmaqdır. Sizin maaşınızın məbləğini, yaşayış səviyyənizi, ehtiyac zənbilinizin çəkisini artırmaq heç onları narahat edən axırıncı məsələ də deyil. Guya özünüz bilmirsiniz bunu? Bir aldığınız maaşa baxın, özünüzü başqa ölkələrin müəllimləri ilə müqayisə edin, elə itaətində durduğunuz böyüklərin həyat səviyyəsi ilə də. Bir ölkənin naziri ilə müəllimi arasındakı fərq necə ola bilər, sizcə? Minin birə nisbəti olmaz hər halda, deyilmi? Amma bizdə bu nisbət çoxdan həddini keçib. Heç olmasa, aldığınız o 150-160 manatın belə gecikdirildiyi bu zamanlarda ölkəni idarə edənlərin evindən çıxan tonlarla dollara, bankalarla brilyanta baxıb, hesabınızı götürün. Bu ölkədə dəyərinizin hansı yerdə olduğunu düşünüb, ibrət alın. Qəbahət kimdədir, daha çox özünüzdə deyilmi yəni?
Bütün bunları kimsəni incitmək və ya gözdən salmaq üçün yazmıram. Heç qəpik-quruşla hesablanan maaşların gecikməsini bu ədalətsiz hökumətə can-başla qulluq göstərən müəllimlərin başına qaxınc etmək fikrim də yoxdur. Hansımızın ailəsində və ya yaxın qohumluq çevrəsində, heç olmasa, bir müəllim yoxdur ki? Yazmaqda məqsədim insanlarımıza, o cümlədən də müəllimlərimizə bir daha “haqqınızı bilin” mesajını çatdırmaqdır. Haqqınızı bilin ki, özləri bu qədər cah-calal içində ağalığın dadını çıxarınca, sizinlə axırıncı növ təbəələri kimi davranmaq cəsarətində olmasınlar.