Sülhəddin Əkbər: «Rusiya hakimiyyəti belə bir qərarı terror hücumuna məruz qaldığı üçün qəbul edib»
Xəbər verdiyimiz kimi, Rusiya hava şirkətlərinə dünyanın 47 ölkəsinə uçuşla bağlı xəbərdarlıq verilib. Həmin siyahıda Avstriya, Əlcəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, Indoneziya, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, Ispaniya, Italiya, Hindistan, Iraq, Iran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldoviya, Suriya, ABŞ, Türkiyə, Özbəkistan kimi ölkələrin adları çəkilir.
Bu ölkələrə uçuşlar zamanı şirkətlərə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırığı verilib. Eyni zamanda bu ölkələrdəki texniki xidmətlər də şübhə altına alınıb.
Bəs maraqlıdır, Rusiya nəyə görə AZAL-ı bu cür şübhə altına alıb?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Rusiya hakimiyyəti belə bir qərarı terror hücumuna məruz qaldığı üçün qəbul edib. Ona görə Rusiyanın təhlükəsizlik sahəsində qəti addımlar atmağa başladığını deyən S.Əkbər vurğuladı ki, terrorizmlə mübarizə kəskin addımlar tələb edir: “Terrorizm qlobal xarakter daşıyır və yalnız Rusiya ərazisində bu tədbirləri görməklə ondan qorunmaq mümkün deyil. Ona görə Rusiya bu məsələdə öz milli maraqlarından çıxış edir. Bu baxımdan digər məsələlər ikinci plana keçir”.
Azərbaycana qarşı bu cür münasibətin sərgilənməsinin təsadüfi olmadığını deyən S.Əkbər bildirdi ki, ölkədə milli təhlükəsizliyə, o sıradan nəqliyyatda təhlükəsizliyə cavabdeh olan qurumlarda baş verənlər xarici ölkələrə bəllidir. “Belə bir vəziyyətdə Rusiya ciddi narahatdır. Rusiya Azərbaycanda xüsusilə təhlükəsizlik sahəsindəki vəziyyəti gözəl bilir”, deyə S.Əkbər vurğuladı.
Xəyal