Müsəlman Birliyi Hərəkatı ictimaiyyətə müraciət etdi
Tale Bağırzadə: «Öz nöqsanlarını gizlətmək üçün islamçıların üstünə gəlirlər»
İlahiyyatçı, “Müsəlman Birliyi Hərəkatı” (MBH) təşkilatının sədri Tale Bağırzadə “Azadlıq” radiosuna müsahibəsində son günlər onlara qarşı səsləndirilən ittihamlara münasibət bildirib. Bir sıra yerli media orqanlarında bu təşkilatın “radikal Islamçı” olduğu, xaricdən maliyyə dəstəyi alaraq ölkədə qarışıqlıq yaratmaq istədiyi barədə fikirlər səslənir. Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da ANS-ə müsahibəsində bu təşkilatın rəsmi qeydiyyatının olmamasını önə çəkib və onların hər hansı bəyanat yaymaq, din adından fətva vermək hüququnun olmadığını bildirib. Bütün bunlar Hərəkat üzvlərinin Sabunçu Polis Idarəsinin qarşısına toplaşıb təşkilatın orada saxlanılan Idarə Heyətinin sədri Elçin Qasımova azadlıq tələb etməsindən sonraya təsadüf edir. Polisə müqavimət göstərməkdə təqsirli bilinən Elçin Qasımov 30 sutka azadlıqdan məhrum edilib. Buna etiraz edən 10 nəfər Hərəkat üzvü 10-30 sutka aralığında inzibati həbs cəzası alıb.
– Tale bəy, Sabunçu Rayon Baş Polis Idarəsinin qarşısında saxlanılan dindarlarla bağlı son durum nədir?
– Onlar hazırda Binəqədi təcridxanasındadır. Onlarla yalnız ailə üzvlərinin görüşməsinə icazə var, yəqin ki, sabah görüşəcəklər. Aldığımız məlumata görə, səhhətlərində heç bir problem yoxdur, saxlanma şəraitindən şikayətçi deyillər.
– Sizə qarşı səslənən “radikal İslamçılıq”, xarici qüvvələrin təsiri ilə ölkədə qarışıqlıq yaratmaq kimi ittihamlara cavabınız nədir?
– Bizə qarşı aparılan bu kampaniyanın arxasında hazırkı ictimai-siyasi fəaliyyətimiz durur. Onlar bizim bu fəaliyyətimizi təhrif etmək istəyirlər, bizi radikal və digər yöndə göstərmək istəyirlər. Müsəlman Birliyi Hərəkatı olaraq fəaliyyətimiz ölkə konstitusiyasına tam uyğundur. Konstitusiyadan kənar heç bir addım atmırıq. Deyərdim ki, fəaliyyətimizin intensivləşməsi, xalqla əlaqələrimiz, insanların bu hərəkata inamının güclənməsi, inanclı insanların ətrafımızda sıx birləşməsi və digər amillər Azərbaycan hakimiyyəti və digər aidiyyəti qurumları çox narahat edir. İstəyirlər ki, bizi başqa cür təqdim etsinlər. Amma buna nə qədər cəhd etsələr də, alınmayacaq, xalq artıq ayılır, haqqı nahaqdan seçə bilir. Mövqeyimiz hər kəsə bəllidir. Məsələn, bu gün Bayraq Günüdür. Biz dövlətimizin simvolu olan bu bayrağın altında hakimiyyətin nələrə əl atmasından, bayrağa, dövlətə sadiqliyini bildirsə də, Milli Təhlükəsizlik Nazirliyi başda olmaqla, reketlik, xuliqanlıqla məşğul olmasından narahatıq. Öz nöqsanlarını gizlətmək üçün islamçıların üstünə gəlirlər, bununla da gündəmi dəyişmək istəyirlər. Biz özümüz dəfələrlə bildirmişik ki, IŞID məmurlar tərəfindən dəstəklənir. Indi isə bizi IŞID-çi kimi təqdim etmək gülüncdür, bu ittiham bizə yapışmaz.
– Sizə qarşı səsləndirilən ittihamları hüquqi müstəvidə mübahisələndirmək fikriniz varmı?
– Biz rəsmi səhifəmizdə bununla bağlı məlumat vermişik, bildirmişik ki, mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq. Əlbəttə ki, bu ittihamları yayan KIV, aidiyyəti orqanlar məhkəməyə veriləcək. Məsələ tam şəffaflaşacaq ki, mahiyyət ortaya çıxsın.
– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Müsəlman Birliyi Hərəkatının rəsmi qeydiyyatdan keçmədiyini deyir. Siz qeydiyyat üçün müraciət etmisinizmi?
– Müsəlman Birliyi Hərəkatının fəaliyyətini, bir daha deyirəm ki, təhrif edirlər. Biz Qeyri Hökumət Təşkilatıyıq, dini qurum deyilik. Bir QHT kimi də sənədlərimiz hal-hazırda Ədliyyə Nazirliyindədir. Qanuni prosedurları keçirik, bundan əvvəl də bir neçə dəfə sənədləri göndərmişik, bəzi nöqsanlar olduğuna görə geri qaytarılıb. Deyilən nöqsanları düzəldib yenə sənədlərimizi təqdim etmişik və nazirlikdən cavab gözləyirik. Qeyri-qanuni heç bir iş görmürük. Amma onu da bilirik ki, müstəqil, xalqın milli, mənəvi dəyərlərinə söykənən QHT-lərin rahat şəkildə qeydiyyatdan keçməsi çox çətin, hətta absurd məsələdir.
– Hərəkatın sosial bazasının kimliyi, maliyyə qaynaqları barədə ictimaiyyətə açıqlama verilibmi?
– Biz dəfələrlə demişik ki, Müsəlman Birliyi Hərəkatının maliyyə dəstəyi sırf ianələr hesabınadır. Istər üzvlərimiz, istərsə də üzvümüz olmayan, amma bizi dəstəkləyən inanclı insanlar müxtəlif vəsaitlərlə bizə yardım edirlər. Sosial bazanın kimliyinə gəlincə isə, əsasən inanclı insanlardır, fərq etmir, sünni, ya şiə, o cümlədən namaz qılmayan insanlar da üzvlərimiz arasında var.
– Sizə qarşı ittihamların yenidən həbsinizə səbəb ola biləcəyini ehtimal edirsinizmi?
– Zülmlə mübarizədə həbsi göz özünə almaq lazımdır. İki dəfə həbs olunmuşam, üçüncünü də gözləyirəm. Bizim üçün həbs məğlubiyyət deyil, əksinə, qalibiyyətdir. Biz öz yolumuzda kifayət qədər mübarizik, haqqımızı tələb edirik. Geri çəkilmək fikrimiz yoxdur, həbslər, təzyiqlər, işgəncələr olsa belə.
“Bizi hansısa xarici qüvvəyə bağlamaq quru böhtandır”
Bu arada, Müsəlman Birliyi Hərəkatı ölkə ictimaiyyətinə, Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə deyilir:
Hörmətli vətəndaşlar, möhtərəm təşkilat təmsilçiləri! Son günlər qərəzli şəkildə hərəkatımız ətrafında başladılan qara piar kampaniyası ilə bağlı bir neçə məqamı bəyan etməyi vacib sayırıq.
Bildiririk ki, MBH sivil və qanunlar çərçivəsində fəaliyyət göstərən təşkilatdı. Biz öz əsasnaməmizi və başqa bütün sənədlərimizi məhz Azərbaycan qanunvericiliyi çərçivəsində hazırlamışıq, qeydiyyat üçün də müvafiq dövlət strukturuna təqdim eləmişik. Öz əməli fəaliyyətimizdə də qanunun aliliyinə sadiqik və bu yoldan bütün təxribatlara baxmayaraq, dönmək fikirimiz yoxdur. Biz illeqal, zorakı təşkilat deyilik, məqsədlərimiz sırasında əsla insansevərlikdən, qanunçuluqdan, ədalətdən kənar nəsə yoxdur.
Bizi naharat edən ölkədəki nizamsızlıq, vətəndaşların hüquq və azadlığına hörmət bəslənilməməsi, insanların siyasi səbəbdən diskriminasiyaya məruz qalmasıdır. Ölkə konstitusiyası bizə hüquq verib ki, neqativ, qanunsuz hallara qarşı tənqidlərimizi səsləndirək, vətəndaşlara qarşı saymazyana münasibət göstərən məmurlara məsuliyyətlətini xatırladaq.
MBH bəyan edir ki, bizi hansısa xarici qüvvəyə bağlamaq quru böhtandır, Allahın köməyi, bizim öz yolumuzda sabitqədəmliyimiz hər zaman bunu sübut edəcək. Biz xalqımızı, dövlətimizi sevən insanlarıq. Bütün çalışmalarımız, istəklərimiz daha yaxşı Azərbaycan, haqq-ədalətin bərqarar olduğu, qanunlara hörmət bəsləndiyi cəmiyyət görmək üçündür.
MBH insan hüquq və azadlıqları üçün çalışan təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edir. Biz marginal, qapalı qurum deyilik, ölkəmizin taleyi ilə bağlı istənilən dialoqa, müzakirəyə hazırıq. Tam əminliklə bildiririk ki, zorakılıq heç bir problemdən çıxış yolu ola bilməz. Bunu ilk növbədə dövlət rəsmiləri də başa düşməli və öz vətəndaşlarına qarşı böhtan siyasəti aparmağa son qoymalıdır.
MBH ölkə ictimaiyyətindən, fəallardan, demokratiya və azadlıq ideallarına sadiq olduğunu bildirən təşkilatlardan inanclı insanlara qarşı aparılan qara təbliğata qarşı diqqətli yanaşmağı, repressiyaları pisləməyi təmanna edir!