Vaşinqton 1992-ci ildən bu yana Azərbaycana hansı yardımları edib?
Ölkə başçısı İlham Əliyev noyabrın 4-də Zaqatalada Heydər Əliyev Mərkəzinin açılışında Azərbaycana heç bir yerdən kömək olunmadığını bildirib. “Onsuz da heç kim bizə heç vaxt kömək etməmişdir. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Biz heç kimdən heç bir yardım gözləmirik, buna ehtiyac yoxdur”, – deyə ölkə başçısı bəyan edib.
Noyabrın 5-də isə ABŞ-ın Avropadakı Hərbi idarəsinin vasitəçiliyi ilə Bərdə rayonunun Yeni Daşkənd, Alxaslı və Ərdüşlü kəndlərində su sistemlərinin təkmilləşdirilməsi sahəsində üç humanitar layihənin təməlqoyma mərasimi keçirilib. Mərasimdə bu ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və Azərbaycanın rəsmi şəxsləri də iştirak edib.
ABŞ səfirliyinin məlumatına görə, mərasimdə çıxış edən Robert Sekuta bildirib ki, ABŞ 1992-ci ildən azərbaycanlılara güclü, sabit, çiçəklənən, demokratik Azərbaycan qurulmasında kömək etmək və Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş insanların ehtiyaclarını qarşılamaq üçün layihələr icra edir: “Bu layihə həmin layihələrin davamıdır. 1992-ci ildən ABŞ azərbaycanlılara kömək etmək üçün 1.5 milyard dollardan çox vəsait ayırıb. USAID, Hərbi Əməkdaşlıq Ofisi və ABŞ-ın digər təşkilatları məcburi köçkünlər üçün layihələrə 115 milyon dollar ayırıb. Bu layihəni ABŞ Avropa Komandanlığı, ABŞ Ordu Mühəndislər Korpusunun köməyi ilə ABŞ səfirliyinin Hərbi Əməkdaşlıq Ofisi icra edəcək”.
Səfirin sözlərinə görə, 2003-cü ildən ABŞ Müdafiə Nazirliyi məcburi köçkünlər üçün 17 humanitar yardım, məktəb tikintisi və su layihəsi üçün 4 milyon dollar ayırıb.
Robert Sekutanın bu çıxışı İlham Əliyevinə fikirlərinə cavab sayıla bilər.
Vidadi