Şərlənərək həbs olunmuş insanlar niyə azad edilmir?
Bütün dünya Azərbaycandakı qanunsuzluqdan, korrupsiyadan, vəzifəli şəxslərin biznes imperiyasından, saxta seçkilərdən, siyasi məhbuslardan danışır. Xeyli müddətdir ki, bütün beynəlxalq hesabatlarda Azərbaycanın adı “qara siyahı”ya düşür. Neft-qaz ölkəsinin vətəndaşları borc bataqlığında çırpınır.
Amma hökumətimz öz gözündə tiri görməyib, özgə gözlərdə tük axtarmaqla məşğuldu. Bu mənada ölkə başçısı Ilham Əliyevin Zaqatala səfəri zamanı səsləndirdiyi fikirləri “şedevr” hesab etmək olar. Ölkə başçısı Avropada mənəvi böhranın yarandığını sübut etmək üçün belə deyib: “Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara – müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı çox dözülməz, qəbuledilməz addımlar atılır. Milyonlarla insan qaçqın vəziyyətinə düşdü və indi onlar Avropaya pənah aparırlar. Orada isə onların qarşısında sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir. Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır”.
Bəli, cənab prezident, belə hərəkətlər heç kimə şərəf gətirmir.
Avropanın müsəlman miqrantları qəbul etməməsini, ölkəyə məhdudiyyətlərlə buraxmasını başa düşmək olar. Bəs, Ilham Əliyevin prezident olduğu ölkədə rayon sakinləri niyə paytaxta buraxılmır? Avropalı miqrantın dərdinə yananlar, rayondan Bakıya gələ bilməyənlərin dərdinə niyə yanmır? Fakt budur ki, bu gün minlərlə ölkə vətəndaşı Avropada mühacir həyatı yaşayır və onminlərlə vətəndaş mühacir statusu almaq üçün yollar axtarır.
Ölkə başçısının diqqətinə çatdırmaq istəyirik ki, bugünə qədər yüzminlərlə suriyalı qaçqın Avropada sığınacaq alıb. Təkcə Almaniya hökuməti qaçqınlar üçün 10 milyard vəsait ayırıb. Azərbaycan hökuməti isə 13500 şəhid ailəsinin sığorta pulunu vermir, Qarabağ qazisi sosial vəziyyətin ağırlığından intihar edir, 2.5 milyon vətəndaş məmur banklarının ağır kredit faizləri altında əzilir.
O ki qaldı insanların qəfəsə salınmasına, bəli, 21-ci əsrdə bu əməl heç kimə şərəf gətirmir. Bu gün ölkədə 100-ə yaxın siyasi məhbus var. Tanınmış hüquqşünaslar, jurnalistlər, blogerlər, ilahiyyatçılar şərlənərək həbsə atılıb. Bu adamların günahsız olduqlarını məhkəmə proseslərində ortaya çıxan faktlar sübut edib. Bütün dünya hakimiyyətdən tələb edir ki, siyasi məhbusları azad edin. Bəli, 21-ci əsrdə insanların cibinə narkotika ataraq həbs etmək, adamlara siyasi mövqeyinə görə “xuliqan” damğası vurmaq, müxalif fəalların yaxınlarına imtina ərizəsi yazdırmaq şərəf gətirmir. Bütün bu hallar dövlətin imicin zədələyir. Bu ölkənin ən ləyaqətli, intellektual, vətənpərvər adamları qəfəsə salınıb. Bu adamlar korrupsiyaya, ədalətsizliyə, talançılığa etiraz etdiklərinə görə həbs olunublar.
Yaxşı olar ki, ölkə başçısı Avropaya buraxılmayan və qəfəsə salının suriyalı qaçıqının həyat hekayəsinə nəzər salanda, paytaxta buraxılmayan və şərlənərək həbsə atılan Azərbaycan vətəndaşını da xatırlasın.
Niyə eyni əməl Azərbaycanda şərəfli, Avropada şərəfsiz olur? Əgər insanları qəfəsə salmaq pisdirsə, uzun illərdi günahsız insanlar niyə zindan həyatı yaşayır? Niyə günahsız adamlar məhkəmələrdə şüşə qəfəsə salınır, səsləri eşidilməməsi üçün mikrofonları söndürülür? Həbsxanalarda ən alçaldıcı rəftarla üzləşir? Hakimlərin sifarişlə hökm çıxarması, seçkilərin saxtalaşdırılması, ölkə sərvətlərini bir qrupun mənimsəməsi, bütün sahələrin monopoliyada olması şərəf gətirən iş deyil. Ölkə başçısının ürəyi ölkədə baş verənlərə görə niyə ağrımır?
Xülasə, ölkə başçısı Avropanı ittiham etdikcə, gözümüzün qarşısında Azərbaycan canlandı. Çünki, səslənən bütün ittihamların ünvanı Azərbaycanda yerləşirdi. Biz də illərdi deyirik ki, bütün bu baş verənlər ölkəyə şərəf gətirmir.
Akif