İcra başçısının “ünsür” xasiyyətnaməsi

yalcin3Və ya 27 yaşlı gənc cəmiyyət üçün necə “kifayət qədər təhlükəli və zərərli” elan olundu?!

VI yazı

Yalçın İmanov

 “Nardaran işi” bugünki Azərbaycan cəmiyyətinin qısa annotasiyasıdır. Burda ölkədə rast gəldiyimiz bütün rənglər var: aparıcı xətt təbii ki, dramadır. Amma arada dodaqqaçıran detallara da təsadüf eləmək mümkündür.

Məsələn, 22 cildlik cinayət işinin bötöv bir cildi Müsəlman Birliyi Hərəkatının (bundan sonra MBH adlanacaq) 2015-ci ilin avqust ayında keçirdiyi “Vəhdət” məscidlərarası kubok turniri (futbol) haqdadır. Təsəvvür edirsiz, həmin futbol turnirində iştirak etmiş, həvəskar və ya peşəkar futbolçular (20-yə yaxın şəxs) istintaqa cəlb edilib, onlardan yekə-yekə ifadələr alınıb, futbol turnirinə necə, kim(lər) tərəfindən cəlb edilməsi, bu turnirin keçirilməsində hansı niyyətin güdülməsi, MBH üzvü olub-olmamları, hərəkatla əlaqələri, şəxsən Tale Bağırzadə ilə tanışlıqlarının olub-olmaması və s. və i.a. barədə çoxsaylı absurd suallar verilib. Ən maraqlısı isə həmin ifadələrin ittihamın subutları qismində məhkəməyə təqdim edilməsidir.

Və ya Fuad Qəhrəmanlının ittiham olunduğu maddələr üzrə. İttihamın yeganə şahidləri onun “Facebook”dakı statuslarını bəyənmiş və yaxud da şərh yazmış sosial şəbəkə fəallarıdır. Cəmi 10 nəfər. Bu ifadələrin Fuad bəyə irəli sürülmüş ittihama hansı aidiyyəti var, anlamaq çətindir. Hətta Zenon paradoksları belə acizdir!

İndi isə sizə bir sənəd haqda danışacam.  Bu “Xasiyyətnamə”dir. Lənkəran rayon sakini, istintaqın MBH-nin cənub regionu üzrə koordiantoru kimi təqdim etdiyi İbrahimov İsa Tofiq oğlu haqda. İsa, Nardaran hadisələri baş verən vaxt ümumiyyətlə ölkədə olmayıb. Noyabrın 19-da (hadisədən 7 gün əvvəl) Kərbəla ziyarətinə gedib, ordan dekabrın 17-də (hadisədən 21 gün sonra) geri qayıdıb. İran-Azərbaycan sərhəddində, Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən ilk əvvəl ölkəyə buraxılmayıb, pasportuna ölkəyə girişi qadağan edən möhür vurulub. Daha sonra hansısa səbəbdən fikir dəyişilib, sərhəddən birbaşa polis şöbəsinə aparılıb və 18 dekabrda rayonun Velədi kəndindəki ata evində axtarış aparılıb və…”valideynlərinə məxsus yatağın altından…qumbara, trotil şaşkası və Tale Bağırzadənin müraciət kitabçası “aşkar edilib”.

Qayıdaq xasiyyətnaməyə. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, onun səlahiyyətinə aid olmayan (“Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə icra hakimiyyəti başçısının xasiyyətnamə verməsi nəzərdə tutulmayıb) bir işə qol qoyur və 27 yaşlı gənc haqda görün nələr yazır: “İbrahimov İsa Tofiq oğlu…radikal ekstremist mövqeli dindardır. O, əsasən Lənkəran şəhərinin M.Əsədov küçəsindəki “Cümə” məscidində toplaşan bir qrup radikal mövqeli dindarlarla birlikdə olur və təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olub, dindarları, xüsusilə gəncləri itaətsizliyə, qanunsuz hərəkətlərə çağırır.

İsa İbrahimov xüsusilə Nardaran hadisələri zamanı daha da fəallaşaraq radikal dindar Elman Ağayevlə (sonradan həbs olunanlardan biri – Y.İ.)  birlikdə həmfikirlərini “Cümə” məscidinə toplayıb qanunsuz aksiya keçirməyə, dövlət və hüquq–mühafizə orqanlarının əməkdaşlarına qarşı kəskin hərəkətlər etməyə təhrik etmiş, hadisələrlə bağlı həbs olunmuş Tale Bağırzadənin və Zülfüqar Mikayılzadənin qeyd-şərtsiz azad olunmasını tələb etmişdir (bir daha xatırladıram, İsa, Nardaran hadisləri zamanı ölkədə olmayıb, ölkəyə qayıdan kimi də sərhəddə həbs olunub – Y.İ.).

İ.İbrahimov yaşadığı Velədi kəndində də zərərli mövqeyi ilə tanınır, məsciddə ibadət edən möminlərə qarşı qeyri-səmimi, kobud münasibət bəsləyir, sakinləri şəriət qanunları ilə yaşamağa çağırır. O, cəmiyyət üçün kifayət qədər təhlükəli və zərərli ünsürdür”…

Taleh Qaraşov az qala İsa İbrahimovu mürtəd elan edir!. Xristianlıqda anafema kimi bir şey!

Digər tərəfdən, ritorika tanış gəlirmi? Ünsür söhbəti, zərərli mövqe-filan.

Hərçənd, heç bilmirəm, bu xasiyyətnamə həqiqətən də dodaqqaçıran hesab oluna bilərmi?!…

 

Müəllifin “Nardaran işi”ylə bağlı digər yazıları:

Endşpil – http://www.azadliq.info/152113.html

Manatlıq çevriliş – http://www.azadliq.info/152496.html

Əməliyyata illüstrasiya! – http://www.azadliq.info/160804.html

Ölüm fəndi – http://www.azadliq.info/162019.html

“Cinayəti kor bir qayıqçı “gördü”!http://www.azadliq.info/162409.html