Və ya günahsızların hüquqları hardadır?!.
IV yazı
Yalçın İmanov
Nardaranda polisləri kim(lər) öldürüb? Polislərin ölümü hansı şəraitdə və necə baş verib? Həyatını itirmiş 4 mülki vətəndaşın meyidi üzərindəki xəsarət izləri necə və haradan əmələ gəlib?
Cinayət işinin materiallarına və məhkəmədə ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra BMCMİ) əməkdaşlarının ifadələrinə görə, rəhmətlik Vüqar Nəsibov və İsmayıl Tağıyev Əbülfəz Bünyatova məxsus olan həyət evinə girərkən Tale Bağırzadənin tərəfdaşlarının həyətin ortasına atdıqları qumbaranın partlayan qəlpələri və açılmış atəşlər nəticəsində yaralanıblar.
İstintaqın versiyasına görə, qumbaranı hadisə zamanı öldürülmüş rəhmətlik Əkbər Babayev atıb, zərərsizləşdirildiyi zaman o yaralanıb, evin içinə qaçıb və oradan polsilərə atəş açmağı davam etdirib. Ancaq məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər Əkbərin əlində heç bir qanunsuz əşya, o sıradan silah-sursat olmadığını, heç kimə qumbara atmadığını, polislərin evə qəfil basqını zamanı həyət divarının yanında qara maskalıların onu dərhal güllələdiyini bildirdilər.
26 noyabr 2015-ci il tarixdə əməliyyat tədbirinə rəhbərlik etdiyi bildirilən BMCMİ-nin şöbə rəisi Kərim Əlimərdanovun tərtib etdiyi “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında” protokolda atılmış qumbaranın hər hansı izinə rast gəlmək mümkün deyil. Nə qumbaranın həyətin ortasında yaratdığı çüxur, nə onun ətrafa səpələnən qəlpələri barədə sözügedən protokolda heç nə deyilmir.
Eyni şeyi 3 dekabr 2015-ci ildə tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol haqda da demək mümkündür. Həyət divarları, darvaza, mənzillərin içi, həyətdəki müxtəlif növ ağaclar və s. üzərində qumbaranın partlayan qəlpələrinin hər hansı izi yoxdur. Əvəzində həmin protokolda Bünyatovun tar-mar edilmiş mülkünün hər yerində – həyət darvazasından (6 güllə zədəsi) tutmuş yataq otağına qədər bayırdan içəriyə doğru açılmış atəş nəticəsində çoxsaylı zədə izləri, qan ləkələri əksini tapıb.
Bəs onda bu qumbara hara yoxa çıxıb? Əkbər evdən atəş açırdısa, nəyə görə zədə izləri içəridən bayıra deyil, bayırdan içəriyə doğrudur?
Bu sualların cavabları sirri-xudadır.
Cinayət işinin materiallarına görə, Vüqar Nəsibov Sarvan Səfərovun avtomat silahdan atdığı güllə nəticəsində yaralanıb. Ancaq təqsirləndirilən şəxslər məhkəmədə verdikləri ifadələrində Sarvanı da qara maskalı əməliyyatçıların dərhal və yerində güllələdiyini bildirdilər.
Ekspert rəyinə görə, İsmayıl Tağıyevin nəşinin daxili müayinəsi zamanı sağ budun ön-içəri səthinin orta 1/3 hissəsində sağdan-sola doğru istiqamətli dəri, dərialtı piy təbəqəsi və budun üçbaşlı əzələsinin və həmin nahiyədəki qan damarlarının zədələnməsinə səbəb olan odlu silah – qəlpə yarası, qarının ön divarının qarın boşluğuna keçərək peritonu, piyliyi, qara ciyəri və qarının arxa divarının yumşaq toxumalarının zədələnməsinə səbəb olan başqa bir odlu silah – qəlpə yarası aşkar edilib. Rəyə əsasən, aşkar olunmuş odlu silah – qəlpə yaraları partlayıcı odlu silah olan qumbara partlaması nəticəsində qəlpələrin yaxın olmayan məsafədən təsir zamanı əmələ gəlib (cəmi 2 qəlpə yarası).
Həyət evinin qarşısındakı həyətyanı sahənin ölçüsü 30×20 metrdir. Cinayət işi və məhkəmədə ifadə verən BMCMİ-nin əməkdaşları deyir ki, Vüqar və İsmayıl hamıdan öndə, birinci həyətə daxil olublar və daxil olduqdan az sonra (saniyələrdən söhbət gedir) həyətin ortasına atılmış qumbaranın ətrafa səpələnən qəlpələri və atvomat silahdan atılmış atəşlər nəticəsində yaralanıblar və daha sonra Daxili İşlər Nazirliyinin A.Heydərov adına hospitalında vəfat ediblər.
Əgər belədirsə, onda “yaxın olmayan məsafə” dedikdə nə(lər), hansı məsafə nəzərdə tutulur? Axı həyətin ortasına qumbara atılıbsa, bu, giriş darvazasının lap yaxınlığını əhatə etməliydi.
Vüqar Nəsibovla bağlı ekspert rəyinə görəsə, onun sağ budunun ön-içəri səthinin orta 1/3 hissəsində sağdan sola doğru istiqamətli səthi yara kanalı əmələ gətirən odlu silah – qəlpə yarası aşkar edilib. Sol budun ön-içəri səthinin orta 1/3 hissəsində isə 1 ədəd yumşaq toxumaların və budun iri arteriya və vena damarlarının zədələnməsi ilə müşayiət olunan soldan-sağa, içəri səthindən bayıra doğru istiqamətli kor odlu silah – güllə yarası aşkar edilib (cəmi 1 güllə, 1 qəlpə yarası). Rəyə əsasən, qəlpə və güllə yaraları atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən atəş zamanı əmələ gəlib.
“Atəşin əlavə faktorlarının təsir etmədiyi məsafə” nə deməkdir? Necə olur, eyni vaxtda həyətə daxil olan, eyni yerdə, eyni vaxtda olan şəxslərin birinin yaralanması “yaxın olmayan məsafədən”, digərinin yaralanması isə “atəşin əlavə faktorların təsir etmədiyi məsafədən” baş verir?
Cavablar yoxdur.
Bir neçə kəlmə də hadisə zamanı həyatını itirmiş 4 nəfərin üzərindəki güllələr və xəsarət izləri haqda. Əkbər Babayev – daxilə keçən 3, daxilə keçməyən 4 odlu silah yarası, 9 sıyrıq və qançır. Sarvan Səfərov – 1 güllə yarası, sol qarınüstü nahiyənin sıyrığı və sol bazu oynağının qançırı. Fərayıl Bünyatov – qırma ilə doldurulmuş odlu silahdan atılmış yaralar. Alın və sol təpə nahiyələrinin əzilmiş yaraları, sağ mil və dirsək sümüklərinin sıyrıqları. Rəfayıl Bünyatov – bir yerdə 2, bir yerdə 1 güllə yarası göstərilir, sağ almacıq və gicgah nahiyələrinin əhatə edən sıyrıq, sağ dirsək oynağının bayır səthində sıyrıq…
Rəfayılla bağlı ekspert rəyində maraqlı bir məqam var. Rəydə deyilir ki, mərhum əvvəl odlu silah yarası, daha sonra isə xəsarətlər alıb… Bunun nə demək olduğunun əlavə izaha ehtiyacı varmı?
Nəticə. Yaşı 50-ni haqlamayan 6 nəfərin ölümü: Rəfayıl Bünyatov – 49 yaş. Fərayıl Bünyatov – 48 yaş. Vüqar Nəsibov – 40 yaş. İsmayıl Tağıyev – 38 yaş. Sarvan Səfərov – 28 yaş. Əkbər Babayev – 23 yaş…
Son çağlar izlədiyim bir filmdən bir söz nəyə görəsə yaddaşımda ilişib qalıb: Günahkarların hüquqları var, bəs günahsızların?!.
İlahi, sən özün bu qanlı əməliyyatda həlak olanlara əbədi rahatlıq, ailələrinə səbr ver!…
Müəllifin “Nardaran işi”ylə bağlı digər yazıları: