Və yaxud niyə bu ölkədə zibillikləri təmizləmirlər?!
V yazı
Yalçın İmanov
“Nardaran işi”ndə əksəriyyət “silahlıdır”. İstisna bəxti gətirən bir-iki nəfər və Taledir. Güman ki, o da “mütəşəkkil dəstə”nin rəhbəri kimi təqdim edildiyindən. Axı mentalitetimizin qosqoca tarixi məxəzlərində rəhbərin silah gəzdirməsi (bir halda ki onun mühafizləri var) vacib sayılmayan əməllərdəndi! Azərbaycan polisi də ki, maşallah, mentalitetin irsi, qədim pərəstişkarıdı.
Hamının bir əlində (əksəriyyətin sol əlində) əl qumbarası, alışdırıcısı ilə birlikdə, o biri – sağ əldəsə Tale Bağırzadənin müraciət kitabçası… Mənzərəyə baxın, mən ölüm. Tarkovski özü belə bu unikal həyat dolu tablo-kadra baxıb paxıllıq eləyər, hirsindən dilin-dodağın gəmirər, siqareti siqaretə calayardı: “Terroristlər” bir əldə silah, o biri əldə kitab, şalvarın bel kəmərində boş “Revolver”, yəni gülləsiz, patronsuz onlara hücum edən əli silahlı qara maskalıların önündə!…
Bu, yəqin, yeganə cinayət işidir ki, sifarişli və aşırı abırsız əməliyyat eskalasiyası süjet xətti boyunca “göz oxşayır”.
Hamı “məhəllədəki zibil qutularının yanından” (ən çox), “kolluqdan”, “qəbiristanlıqdakı adını xatırlamadığı qəbirin yanından”, “otların və seyrək səpələnmiş tullantıların arasından”, “dəniz kənarındakı qamışlıqdan” (sitatlar cinayət işindəki materiallardandır) şübhəli sellofan paketləri “tapır”, yaşadığı evə aparır, ya hasarın dibində gizlədir, gecə hamı yatandan sonra maraq üstün gəlir, açıb baxır, ya da birbaşa yataq otağına aparır və göydən üç “alma” – tapança, qumbara, fitil “düşür”…
Ahmet Kaya oxuyur ey, “cinayəti kor bir qayıqçı “gördü”! Onun kimi bir şey!
Bax, o əsrarəngiz sübut yaradıcılığının (beldə boş tapança əli silahlı qara maskalıların qarşısına çıxmaq) fonunda bu banal və onillərdir təkrarlanan yıpranmış süjet xətti nəsə heç uyuşmur, atavizm təsiri bağışlayır. Elə bil quzu kababının üstündən boyat, qızdırılmış vermeşil supu hörtdədirsən. Yeni nələrsə düşünmək gərəkdir, cənablar! Bir az innovativ olun! Axı, bu sizdə alınır!
Özünüifşanın kulminasiyasına baxın, siz Allah: Talenin Gəncə şəhərində tutulmuş tərəfdaşı Ramil Suliddin oğlu Seyfullayev “Dubay bazarı” adlanan yerin aşağı hissəsində çayın yaxınlığındakı zibillikdə qara sellofan torba görür, torba diqqətini çəkir, baxır və oradan 2 “F-1” əl qumbarası, 1 fitil, 1 qoruyucu, 2 ədəd avtomat patronu vəəə… Tale Bağırzadənin 2 müraciət kitabçasını tapır!..
Silahla kitabça nədisə yeni bir kombinasiyadı.
Parisi partladan Dərviş demiş, zalımıçıxmışlar bu boyda barıt qoyarlar? Bu nə pəhriz, bu nə təam, əfəndilər?!.
Amma öz aramızdı, bütövlükdə götürsək, Azərbaycan polsinin “silah radarı” “silah-sursat intuisiyası” xalis desertdi, anadangəlmə vergi kimi bir şeydi, “qoyulma və çıxarılma” üzrə müntəxəbata salınmalı dərs vəsaitidi…
…İndi bildiz bu ölkədə zibillikləri niyə təmizləmirlər?!.
Müəllifin “Nardaran işi”ylə bağlı digər yazıları:
Endşpil – https://www.azadliq.info/152113.html
Manatlıq çevriliş – https://www.azadliq.info/152496.html
Əməliyyata illüstrasiya! – https://www.azadliq.info/160804.html
Ölüm fəndi – https://www.azadliq.info/162019.html