
Gözləmədiyimiz yerdən haqsız ittihamla üzləşmişik. Söhbət tanınmış hüquqşünas, fəal ictimai xadim Aslan İsmayılovun feysbuk qeydlərindən birində bizi hansısa sosial problemləri işıqlandırmaqdan çəkinməkdə ittiham etməsindən gedir. Aslan bəyin həmin qeydinə az sonra qayıdacağıq. Hələliksə Aslan bəylə indiyəqədərki münasibətlərimiz barədə.
Aslan bəyi özümüzə dost bilmişik, dostyana da davranmışıq. Uzun müddət qarşılıqlı hörmətə söykənən işgüzar münasibətlərimiz olub. Aslan bəy Azərbaycanı özünün diktatorluq iddiası ilə zəlil etmiş bu rejimə qarşı fikirlərini “Azadlıq”da dərc etdirib. Böyük həvəs və məmnunluqla yer vermişik Aslan bəyin o fikirlərinə. Hakimiyyətin qəsdən yaratdığı süni problemlər üzündən qəzetimiz bağlanmaq təhlükəsilə üzləşəndə yanımızda ilk gördüyümüz ictimaiyyət nümayəndələrindən biri də Aslan bəy olub. Qəzetimizin başqa dostları kimi, o da qəzetimzi yaşatmaq naminə ictimaiyyətə çağırışlar edib.
Açığı, biz də borclu qalmamışıq. Nə zaman Aslan bəyin ictimai-siyasi məzmunlu haqsızlığa, basqıya məruz qaldığını görüb, hiss etmişiksə tərəddüd etmədən müdafiəsinə qalxmışıq, səsinə hay verməyə çalışmışıq. Bunu həm də prinsiplərimizin diqtəsi ilə etmişik və bəri başdan deyək ki, Aslan bəylə sonrakı münasibətlərimizin xarakterindən asılı olmayaraq, onunla bağlı oxşar situasiyalarda yenə də eyni cür davranacağıq.
İndi isə Aslan bəyin bizə olan ittihamı barədə. Aslan bəy feysbuk hesablarında (profil və səhifə) yazır: “Maraqlıdır, 22 ildir xalqa ağ gün vəd edən Müsavat, AXCP və onların mövqeyini həyata keçirən "Yeni Müsavat" və "Azadlıq" qəzetləri təxminən bir neçə aydı on minlərlə sadə insanların etirazına səbəb olan AZAL-ın inhisarı və Xəzər dənizinin hasarlanması problemini niyə işıqlandırmırlar?”.
Bəri başdan qətiyyətlə təkzib edirik: “Azadlıq” qəzeti hər iki problem barədə dəfələrlə yazı dərc edib. Aslan bəy bizi məsələn, AZAL-ın inhisarçılığı, yaxud onun şefi Cahangir Əsgərovun əməlləri barədə yaza bilməməkdə ittiham edəndə heç olmasa, özünün bu mövzuda “Azadlıq”da dərc etdirdiyi yazıları xatırlamalı idi (birini biz xatırladırıq – Cahangir Əsgərovun nəfsi http://www.azadliq.info/xeberler/358-xeber/63549-cahangir-sgrovun-nfsi.html).
Amma Aslan bəy yaddaşını təzələmədən və arxivlərə nəzər salmadan “Azadlıq” qəzetini artıq çoxdan “Yeni Azərbaycan”laşmış “Yeni Müsavat” qəzeti ilə eyniləşdirib, sıradan bir sosial problem barədə yaza bilməməkdə suçlayıb. Yeri gəlmişkən, “Azadlıq”ı “Yeni Müsavat”la tərəzinin eyni gözünə qoymaq da Aslan bəy kimi diqqətli bir şəxsə yaraşan deyil. Hər halda ictimai maraqları sata-sata gedib despotik bir rejim başçısından medal alanlarla baş redaktorundan əməkdaşlarına qədər həbslərdən, ölüm təhlükələrindən, mühacirət həyatından, aylarla maaşsız işləməkdən, davamlı təhdid və təzyiq altında yaşamaqdan usanmayıb söz azadlığını, azad medianı inadla qoruyan; bağlanmaq təhlükəsi Domokl qılıncı kimi başının üzərindən əskik olmasa da, rejimi birinci şəxsindən üzü aşağı tənqiddən kənarda saxlamayan bir kollektivi eyniləşdirmək heç məlumatsızlıq nümunəsi də sayıla bilməz. Çünki bu iki qəzet arasındakı fərqi indi ölkənin hüdudlarınadan çox-çox uzaqlarda da bilirlər. Azərbaycanda isə Aslan bəy qədər məlumatlı çox az adam tapmaq olar. Ancaq biz bunu Aslan bəyin öz vicdanının və oxucuların ədalət hissinin öhdəsinə buraxıb ünvanımıza olan ittihama fokuslaşmaq istərdik.
Bizi AZAL-ın ihisarçılığından və Xəzərin hasarlanması problemindən yaza bilməməkdə suçlamaq, yumşaq desək, həqiqəti danmaq cəhdidir. Aslan bəy belə bir cəhddə bulunmalı deyildi. Ona heç arxivlərə nəzər salmaq, yaddaşını oyatmaq də gərək olmazdı – əgər bir sadə məntiqi sualı özünə versəydi: Əcəba, ölkəni krallığa çevirdikləri üçün “birinci ailə” adı ilə işarə edilən Əliyevlərin və Paşayevlərin qanunsuz əməllərini açıb ictimailəşdirməkdən çəkinnməyən bir qəzet Cahangir Əsgərov və sair iri, orta, xırda məmurlardan çəkinib-ehtiyatlanarmı?
Əlbəttə, cavab qərəzli olmayan, “Azadlıq”ı hansısa motivlə qaralamaq istəməyən hər kəs üçün “xeyr”dir. Zatən, “Azadlıq” fəaliyyəti, yazıları, tənqid ünvanları ilə başqa cavaba şans da tannımır. Amma biz elə ölkədə yaşayırıq ki, heç də hamı doğruların ardınca qaçmır və çox təəssüf ki, Aslan bəy də bizə münasibətdə belələrindən biri kimi görünməyə başlayıb. Görünür elə buna görədir ki, Aslan bəy bizimlə bağlı ərz etdiyimiz qeydində çoxlu sayda etiraz dolu rəylərlə qarşılaşmalı oldu. Axı “Elin gözü tərəzidir”…
Aslan bəy feysbuk profilində bizi ittiham edən qeydinin altında sıralanmış rəylərə nəzər sala bilibsə, yəqin ki, “Azadlıq” qəzetinin saytından həmin mövzulara dair məqalələrin linklərini də görüb. Burada başqa maraqlananlar üçün də o linklərlə tanış olmaq imkanı yaradırıq, buyurub baxa bilərsiz:
AZAL-ın qiymət “islahatı” http://www.azadliq.info/xeberler-menu/311-son-xbrlr/70828-azal-n-qiymt-islahat.html
Əliyevi niyə eşidən yoxdur? http://www.azadliq.info/siyast/70875-liyevi-niy-eidn-yoxdur.html
Azərbaycanda turizm niyə məhv edilir? http://www.azadliq.info/cmyyt/330-cmyyt1/69676-azrbaycanda-turizm-niy-mhv-edilir.html
AZAL xalqa niyə güzəşt etmir? http://www.azadliq.info/xeberler-menu/311-son-xbrlr/68437-azal-xalqa-niy-guezt-etmir.html
Cahangir Əsgərov Litvada zərərlə işləyən aviaşirkəti alır http://www.azadliq.info/xeberler/358-xeber/55270-cahangir-sgrov-litvada-zrrl-ilyn-aviairkti-alr.html
Dərdlərimiz və dərmanlarımız http://www.azadliq.info/xeberler/358-xeber/71625-drdlrimiz-v-drmanlarmz.html
Acı təcrübənin təkrarı http://www.azadliq.info/faq/302-elnur-astanbyli/70947-ac-tcruebnin-tkrar.html
Ya prezident, dəniz dərdimiz var! http://www.azadliq.info/faq/306-natiq-guelhmdolu/32262-ya-prezident-dniz-drdimiz-var.html
Çin səddinin bizdəki növləri http://www.azadliq.info/faq/302-elnur-astanbyli/35281-cin-sddinin-bizdki-noevlri.html
Türkan kəndi qiyama qalxdı http://www.azadliq.info/siyast/3696-tuerkan-kndi-qiyama-qalxd.html
Bu linklər hələ həmin məqalələrin bir qismidir. AZAL, Xəzər və başqa korrupsiya hallarına dair mövzularda “Azadlıq”da dərc olunan məqalələrdən babat bir kitabxana da düzəltmək olar. Və o məqalələrin mütləq çoxu “Azadlıq”dan başqa ölkənin heç bir qəzetində dərc olunmayıb.
Beləliklə, əlahəzrət fakt deyir ki, Aslan bəy bizi suçlamaqda haqlı deyil. İndi Aslan bəy doğru-dürüstlükdən, haqq-ədalətdən onlarla yazı yazmış bir ictimai xadim kimi, “Azadlıq”a qarşı konkret bu məqamda haqsızlığa yol verdiyini etiraf edəcəkmi? Biz Aslan bəyi tanıyan birisi kimi, etiraf gözləyirik və hesab edirik ki, buna haqqımız çatır.
Hərçənd bu məqamda bir sual da açıq qalır: Aslan İsmayılov kimi diqqətli və reputasiyasının qayğısına qalan bir ictimaiyyət adamı belə ağır ittihama sadəcə, xəta olaraq, təsadüfən yol verib? Yoxsa o, bununla hədəfini dəyişir və bunun prezentasiyasını edir? Çox təəssüf ki, Aslan bəyin bir müddətdir müşahidə olunan, amma bizim ona hörmətimizdən dolayı üzərində fokuslaşmadığımız bəzi açıqlamaları bu məsələdə optimist olmağa imkan vermir. Təki biz yanılardıq, amma Aslan bəy inzibati terrorla üzbəüz qalan vətəndaş cəmiyyəti, o cümlədən vicdan məhbusları İntiqam Əliyev və Leyla Yunus barəsində rəsmi mövqeyə uyğun gələn mövqedən münasibət bildirəndə, Milli Şuranın 5 aprel mitinqinə qarşı çıxanda, Avropa Oyunlarına dəstəyini ifadə edəndə, gerçək müxalifət qüvvələrini dolayısı da olsa hədəf alanda əvvəlki haqq-ədalət təəssübkeşi, anti-xalq rejimin əleyhdarı mövqeyini dəyişmiş kimi görünürdü.
Bəli, indi Aslan bəy AZAL-ın inhisarçılığı və Xəzərin hasarlanması mövzularında ictimai maraqların yaxşı müdafiəçisi kimi çıxış edir. Özünün zəhmət və xərc çəkib böyütdüyü feysbuk resurslarını bu yöndə səmərəli səfərbər edib. Biz onun siyasi hədəflərini dəyişmiş kimi görünməsindən məyus olsaq da, bu cür ictimai fəaliyyətini təqdir edirik. Amma bu yöndə başqa resurslarda da müəyyən işlər görənlər var. Onları da qiymətləndirmək lazımdır. O cümlədən, nə qədər qeyri-təvazökar səslənsə də, “Azadlıq” qəzeti və onun əməkdaşlarının etdikləri də layiqli qiymətini almalıdır – hər nə qədər “Azadlıq”ın kollektivi etdiklərini “Balıq bilməsə də, xaliq biləcək” prinsipi ilə etsə də. Məsələn, “Azadlıq”ın əməkdaşı Natiq Ədilov hələ 2 il qabaq Xəzərin hasarlanması mövzusunda “Azərbaycan saatı” teleproqrmı üçün (yeri gəlmişkən, bu proqramı “Azadlıq”ın baş redaktoru Qənimət Zahidin ərsəyə gətirdiyini xatırlatmağa da yəqin ki, ehtiyac yoxdur) bir videosüjet hazırlamışdı və onun təkcə YouTube kanalında izlənmə sayı 1 milyona çatır. Yada salmaq üçün videonu yazının sonunda əlavə edəcəyik.
Biz bu yerdə “Azadlıq”ın arxivindən bir neçə yazının da istinadını paylaşırıq.
Əliyevlərin daha bir çoxmilyonluq mülkü aşkara çıxarıldı http://www.azadliq.info/siyast/71672-eliyevlerin-daha-bir-coxmilyonluq-mulku.html
Korrupsiya əleyhinə şəbəkədən Əliyevlərə növbəti zərbə http://www.azadliq.info/siyast/69450-korrupsiya-leyhin-bkdn-liyevlr-noevbti-zrb.html
Beynəlxalq şəbəkə Əliyevlərin bank biznesini faş etdi http://www.azadliq.info/siyast/68467-liyevlrl-bal-yeni-ok-aradrma-glir.html
Əliyevlərin şirkəti 1 milyarda 3 təyyarə alır http://www.azadliq.info/qtisadiyyat/299-qtsadyyat/58778-liyevlrin-irkti-1-milyarda-3-tyyar-alr.html
Və Aslan bəyə də, bizə şübhəli nəzərlərlə baxan başqa təftişçilərə də təklif edirik ki, bu yazılardan birini öz resurslarında təkrar dərc etsinlər. Dərc edə bilsələr, onların bizə nəyi necə yazmağı öyrətməyə mənəvi haqlarının çatdığını düşünəcəyik. Yox əgər, bu, onlara mümkünsüz görünəcəksə, onda bizim də sual etməyə haqqımız var: rejimin onsuz da “yeməyə” hazırlaşdığı məmurları tənqiddən o tərəfə keçə bilməyib, sonra da o “yem”ləri də, onları “yeyən” lap başdakını da çəkinmədən və aman-zaman tanımadan hədəfdə saxlayan yeganə “atəş nöqtəsinin” üzərinə atılmaq istəyi nədən doğa bilər?
P.S. Bu da yuxarıda vəd etdiyimiz videosüjet:
AZADLIQ qəzeti