Azərbaycanın ilk qadın bəstəkarı

Çadranı atan ilk qızlardan biri olmuşdu

Azərbaycan musiqisinin unudulmaz simaları arasında Ağabacı  Rzayevanın xüsusi yeri var. O, bəstəkarlıq sənətinə gözəl numunələr bəxş etmiş ilk qadın musiqiçilərimizdəndir…

O, 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Atası Ismayıl Rzayev ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onlar tarda çalmağı öz atası məşhur tarzən Mirzə Fərəcdən (1847-1927) öyrənmişdi. Bakıda tarın ilk ifaçısı (alət hələ 5 simli idi), gözəl muğamşünas və müəllim kimi tanınmış Mirzə Fərəcin ilk və ən istəkli nəvəsi Ağabacıya musiqi istedadı irsən keçmiş, uşaqlıqdan muğamın sehrinə düşmüşdür. Ikincisi, ən başlıcası isə o, dahi bəstəkar Üzeyir bəyin dərsləri və musiqi əsərləri sayəsində özü də yavaş-yavaş yaradıcılıq həvəsinə düşmüşdü.
Ailəsinin ilk sevinci, çadrasını atmış ilk qızlarımızdan, sonra da ilk müəllimələrdən biri kimi o, həmçinin milli bəstəkarlıq sənətimizin də ilk qadın nümayəndəsi olacaqdı. Lakin bu və başqa birinciliklər qətiyyən asan başa gəlmirdi. Onun həyat və yaradıcılıq yolu daşlı-kəsəkli olmuş, bədxahların haqsız tənqidi, böhtan və maneələri onu ömrü boyu izləmiş, zərif qadın qəlbini sarsıtmışdır. Dünya görmüş babası bütün bunları öncədən duyurmuş kimi nəvəsinin bəstəkarlıq qədər əzab-əziyyətli sənətə gəlməsini və heç tar çalmağını da arzulamazdı.
Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilirdi. Onu da qeyd etmək lazımdır ki, A.Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi.
Ağabacı Rzayeva not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.
Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın bəstəkardır.
Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Şəfiqə Axundova) bə

stəkarlıq sahəsinə gəlirlər.
Unudulmaz musiqi əsərlərinin müəllifi
Onun bəstələdiyi ilk əsər “Gənc vətənpərvərlər marşı” olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. Ilk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət etmişdir. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli, I.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – “Durna qatarlı qızlar”.
A.Rzayeva Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə “Sənin xatirən” adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işi ilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.
A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini (“Günəş eşqi”, “Höcət eləmə”), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün “Şənlik” süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.
Böyük Vətən müharibəsi illərində sənətkar fəaliyyətini dayandırmamış, ön cəbhəyə dəstək verən insanların qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm etmişdir; “Vətən”, “Partizan oğlu”, “Qəhrəman ananın qəhrəman oğlu”, “Sevgilim əsgər gedir”, “Gözləyəcəyəm, sevgilim” doğma Vətənə dərin məhəbbət hissləri ilə aşılanmışdır.
Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən “Neftçi Qurban”, “Evimizə gəlin gəlir”, “Oxuma gözəl”, “Çoban Qara”, “Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. Ilk dəfə Moskvada oxunan “Kukla” mahnısı ona xalqın rəğbətini qazandırmışdır.
Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin “Höcət eləmə” (1965, I.Quliyevlə birgə) musiqili komediyasının, “Ögey ana” dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. Ifa olunmamış əsərləri Incəsənət Arxivində saxlanılır.
Şirin nəğmələrdə yaşayan sənətkar
A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.Ismayılova, L.Imanov və b. Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, “Ey pəri” və “Evimizə gəlin gəlir” kimi məşhur mahnılarına bənzərsiz möhür vurmuşdur.
A.Rzayeva gəncliyindən başlayaraq ömrünün sonuna kimi ictimai işlərdə də fəal iştirak etmişdir. O, dəfələrlə Bakı Sovetinə və Ali Sovetə deputat seçilmiş, öz xalqı qarşısında vəzifə borcunu canla-başla yerinə yetirmiş, rayon mədəniyyət evləri ilə sıx əlaqə saxlayaraq gənc istedadların üzə çıxmasına böyük yardım göstərmişdir. Bəstəkar, Dünya sülh tərəfdarlarının Moskva konfransına dəvət olunmuş, bu mühüm və aktual mövzuya qarşı öz münasibətini yaradıcılığında da ifadə etmişdir. A.Rzayeva Azərbaycan Bəstəkarlar Ittifaqının xalq yaradıcılığı şöbəsinin xətti ilə tez-tez müxtəlif rayonlara ezam olunar, xalq istedadlarının üzə çıxarılmasına diqqət və qayğı göstərərdi. Məsələn, bəstəkar Salyanda olarkən, tar çalıb gözəl səslə oxuyan zaman Aşıq Qulu adı ilə tanınan bir gənc şirin nəğmələrini eşidir və ona məsləhət görür ki, Bakıya gəlib peşəkar musiqi təhsili alsın. Tezliklə bütün xalqın sevimlisinə çevrilən həmin gənc unudulmaz xanəndəmiz Qulu Əsgərov idi. Əlbəttə, A.Rzayevanın xeyirxahlığına və insanpərvərliyinə bir çox nümunə çəkmək olar.
Respublikamızın əməkdar incəsənət xadimi kimi yüksək fəxri ada layiq görülmüş bəstəkar Ağabacı Rzayeva “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunmuşdur.
5 iyul 1975-ci ildə (63 yaşında) Bakıda vəfat etmiş bəstəkar 2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Bəstəkarın dəfni izdihama çevrildi. Ağabacı Rzayevanı gözəl əsərlərin müəllifi kimi tanıyan sonsuz sayda insan da onunla vidalaşmağa gəlmişdi. Bəstəkarı ikinci Fəxri Xiyabanda dəfn etdilər. Korifey sənətkarımız Fikrət Əmirov Ağabacıya son sözünü dedi: “Rahat yat, əziz bacımız, pak insan. Biz səni heç vaxt unutmayacağıq”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir