Novella Cəfəroğlu: «Mülkləri əlindən alınan daha bir sahibkar bizə müraciət edib»
Mülkləri zor gücü ilə əllərindən alınan Zülfüqarlı qardaşlarının problemləri ictimaiyyətdə böyük rezonansla qarşılansa da, onların şikayətlərinə rəsmi qurumlardan heç bir reaksiya verilmir. Əksinə, Türkiyəyə sığınan qardaşlara təzyiqlər davam edir, hətta iş adamlarının vəkili Aslan Ismayılovun bildirdiyinə görə, məhkəmələr onların şikayətlərinə baxmaq istəmir. Bu məsələ hüquq müdafiəçilərinin də diqqətindən yayınmayıb.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri Intiqam Əliyev deyir ki, bütün dünyada mülkiyyət toxunulmazlığı müqəddəs sayılır, bizdəsə hakimiyyət dövlətin gücündən istifadə edib insanların mülkiyyətlərini əlindən alır. Hüquq müdafiəçisi Leyla Yunusun mənzilinin dağıdılması bu yanaşmanı sübut etdi. Amma bizim ölkədə yalnız müxalifətçilər təzyiq altında saxlanılmır, təkcə onların əmlakı əllərindən alınmır, hətta YAP-çılar da, hər hansı nazirin qardaşı da bu cür özbaşınalıqlardan sığortalanmayıb: “Bildiyimə görə Zülfüqarlılar hakimiyyətə loyal münasibətləri ilə seçiliblər. Buna baxmayaraq onlar da, soyğunçuluqla üzləşdi. Bu gün ölkənin müxtəlif bölgələrində sahibkarlara qarşı total təzyiq var. Amma bu qanunsuzluğu durdurmaq üçün ictimai fəallıq yoxdur. Bütün sahələrdə, o cümlədən, vəkilləri, sahibkarları, müxalifəti, medianı hakimiyyət pərən-pərən saldığından, ictimaiyyəti bu özbaşınalıqlara qarşı səfərbər etmək çətindir. Amma buna baxmayaraq, bizlər geri çəkilməməli, mübarizəni hüquqi müstəvidə aparmalıyıq. Baş verənləri izləməli və bu adamlara haqlarını müdafiə etməkdə dəstək durmalıyıq”.
Tanınmış hüquq müdafiəçisi Novellaÿ Cəfəroğlu deyir ki, son günlərdə adını hələ açıqlamadığı daha bir sahibkar ona müraciət edərək mülklərinin alındığını bəyan edib: “Bildirdi ki, mülklərini kiməsə vermələri ilə bağlı qarşısına şərt qoyublar. Ona məsləhət gördük ki, ərizə yazsın və sənədlərini bizə təqdim etsin, biz də öz növbəmizdə bu sənədləri Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsi adından Baş Prokurorluq yanında Korrupsiya Idarəsinin rəhbərinə təqdim edək. Bundan sonra təzyiqlə üzləşən sahibkarlar qorxularından yanımıza gəlmədilər. Novellaÿ Cəfəroğlu hesab edir ki, Zülfüqarlıların problemlərini mətbuatdan oxuyub və dəhşətlə qarşılayıb: ”Fikrimcə, buÿ cür hallar çox ağır hüquq pozuntusudur. Işləməyən zavodları hərəkətə gətirən və çox sayda yeni iş yerləri açanlara qarşı bu hərəkətlər ağlasığmazdır. Bunlar aradan qaldırılmalıdır. Biz bu məsələni diqqətdə saxlayacağıq”.
Tanınmış vəkil Fuad Ağayev hesab edir ki, Zülfüqarlılara qarşı təzyiq və hədə-qorxu halları hökmən hüquqi müstəvidə də araşdırılmalıdır. Çünki Azərbaycan Cinayət Məcəlləsi bu kimi qanunsuz halları tənzimləyir. Vəkil deyir ki, bu hallarla bağlı Türkiyənin Cinayət Məcəlləsində də kifayət qədər ciddi məsuliyyət müəyyən olunub. Zülfüqarlılar Azərbaycan hüquq-mühafizə orqanları ilə bərabər, Türkiyənin müvafiq orqanlarına da şikayət etməlidirlər.Korrupsiyaya Qarşı Mübarizə Fondunun sədri Vasif Mövsümov təəssüfləndi ki, ölkədə orta və kiçik sahibkarlığa qarşı məmur müdaxiləsi illərdir davamlı xarakter alıb: “Fakt olaraq Gəncə və Sumqayıtdan aldığımız şikayətləri göstərə bilərik. Heç cür anlaşılan deyil, sahibkarların dükanlarının ərazisini artırmaq üçün ”haqq” yığılır, bunun da bir adı var: reketçilik. Baxmayaraq ki, prezident dəfələrlə məmurların azad sahibkarlığa müdaxiləsinin yolverilməz olduğunu söyləyib, amma nəticə yoxdur. Əksinə məmurlar iri sahibkarları çökdürməyə başladılar, Zülfüqarlıların qarşılaşdıqları özbaşınalıq isə bunun bariz nümunəsidir. Əlbəttə, onların məhkəməyə müraciət etməsini deyə bilərəm və artıq bu yöndə addım da atılıb. Ancaq vəziyyətin acınacaqlı tərəfi ondadır ki, Azərbaycanda məmurlar məhkəmələrə də müdaxilə edir, imkan vermirlər ki, hakimlər müstəqil şəkildə hökm çıxarsınlar. Bax, əsas problem budur. O ki qaldı onlara hədə-qorxu gəlinməsi, hesab edirəm ki, Azərbaycanın və Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.


