18 yaşlı iqtidarın 16 yaşlı qatil övladı

Əli Nağıyev, Sirus Təbrizli, Gültəkin Hacıbəyli və digər “vurulmuş” məmurların siyasi bioqrafiyasını diqqətlə izləsək, qəribə mənzərə yaranır – məhz təhsil və gənc nəslin təlim-tərbiyəsi ilə bağlı tənqidi fikirləri, bu sadiq heydərçilərin statuslarının önünə sabiq və eks kəlmələrinin əlavəsinə səbəb olub. Hər hansı uğursuzluğu isə AXC hakimiyyətinə bağlaya bilmək, indiki iqtidar nümayəndələrinin yaşam kriteriyasıdır. Bağlaya bilmədinsə, yaxud vicdanın buna yol vermədisə, ən yaxşı halda vəzifə əldən gedir.  …Lap elə bu yaxınlarda 1992-ci ildə anadan olmuş və komandir və həkimlərin etinasızlığı ucbatından çürüyən əsgər Eldar Novruzov haqda iqtidarın təzyiqi ilə Hippokrat andlı həkimlər səbəb kimi şəhidin, 1992-ci ildə anadan olmasını (?) və ana bətnində (!) aldığı travma ilə əlaqələndirməyə çalışdılar. Lakin cəmiyyətdən gələn təpki nəticəsində bu biabırçılığa son qoyuldu. Başqa bir səbəb isə, tezliklə 1992-93 təvəllüdlülərin öz yerlərini 94 və ondan sonrakı çağırışçılara verəcəyindən və bu tip faciələrin gələcəkdə daha çox təkrarlanacağının göz önünə alınması idi. 1992-93-cü ildə ali məktəbə qəbul olunanlara ögey münasibət bəsləyən iqtidar, bu illərdə doğulan körpələri belə, həzm etməkdə “çətinlik” çəkir.

…Iki gün əvvəl 1995-ci ildə doğulmuş, 2001-ci ildə birinci sinfə getmiş Şabran məktəblisi Şahverdiyev Elçin 73 yaşlı ağsaçlı müəlliməsi, M.Ə.Rəsulzadə küçəsi ev 8-də yaşayan Cəbrayılova Şərqiyyəni sinif otağında ölümcül şəkildə bıçaqlaması xəbəri yayıldı.
Bu qəbildən olan xəbərlərə adət etmişik, ölkədə artıq bir gənc cinayətkar bumu yaşanır. 18-25 yaşlarında gənclər, demək olar, hər gün tükürpədici cinayətlər törədirlər. Şəmkir rayonunda ağbirçək qadının zorlanması, Qazaxda gənclərin qrup şəklində yaşlı qadına təcavüz etməsi, Mərdəkanda yeniyetmələrin qoca qadını qarət məqsədi ilə öldürməzdən əvvəl başına gətirdikləri insanlığa sığmayan vəhşilikləri… Cəmiyyət uçuruma yuvarlanır sanki… Nələr olur, rejim bizi hara aparır, məqsəd nədir, zorakılıq vəhşiliyi doğuran ictimai bərabərsizlikdir, yoxsa bu xalqın mentalitetini dəyişmək istiqamətində aparılan siyasətin bir parçasıdır?..
Xatırlayırsınızsa, təxminən 5-6 il əvvəl ANS kanalında yaşlı ifaçılar arasında bir mahnı müsabiqəsi keçirilirdi. Iştirakçılar arasında Cəbrayıl rayonundan olan yaşlı bir qadın – Xanım xala da var idi. Vətən həsrəti, itirilmiş torpaqlar, şəhidlərin naləsi sanki bu qoca qadının oxuduğu mahnılara hopmuşdu. O oxuduqca, sanki insanları intiqama, işğalla barışmamağa çağırırdı. Fantastik dərəcədə populyarlıq və insanlarda, xüsusən gənclərdə vətənpərvərlik hisslərinin oyanması, iqtidarı ciddi narahat etdi və müsabiqənin sonrakı günlərində Xanım xalanın repertuarı “dəyişdirildi” və o, əvvəlki imicinə xas olmayan şit mahnılar oxumağa, başqa əttökən verilişlərə qonaq olmağa məcbur edildi və xalqa yeni imicdə təqdim edilməyə başlandı. Bu, düşünülmüş bir addım idi, eyni zamanda iqtidarın zəifliyini göstərən bir amil idi. 70 yaşlı ağbirçəyin yanıqlı səsindən belə, qorxdu iqtidar.  
…Bu gün gənclərimizin təlim-tərbiyəsi, onların layiqli vətəndaş kimi yetişməsi rejimi çox narahat edir. Gənc nəslə ilk zərbə, birinci sinifdən vurulmağa başlanılır. Bu yaxınlarda məlum oldu ki, hansısa qızlar kollecinin Cəlilabad filialı var imiş və bu qurama təhsil müəssisəninin məzunları illərdir orta məktəblərdə ibtidai sinif müəllimələri (?) kimi fəaliyyət göstərirmiş. Mən bir qədər araşdırma apardım və məlum oldu ki, əksər məktəblərdə ibtidai təhsil kimi məsuliyyətli sahə, bu tip “qondarma” müəllimlərin ixtiyarına buraxılıb. 2-3 ay pullu təhsil və buyurun 30 nəfər körpəni həyata hazırla! Sadəcə cinayətdir.  Bu gün müəlliməsini bıçaqlayanların sabah nələr törədəcəyini ağla gətirmək belə, dəhşətdir. 
Rejim artıq istədiyinə nail olub – müəlliməsini bıçaqlayan 16 yaşlı məktəbli… Bu, Əliyevlərin Azərbaycana bəxş elədiyi, tipik gənc obrazıdır. Çox güman ki, məddahlar bu gəncin valideynlərinin 1992-ci ildə ailə həyatı qurmaqlarını, müəllimənin isə M.Ə.Rəsulzadə küçəsində yaşamasını əsas tutaraq, yenə əvvəlki iqtidarı “günahkar” elan edəcəklər. Əvvəlki ittihamların bundan da gülünc olduğunu nəzərə alsaq, burada təəccüblü bir şey yoxdur.