Mən Holland qoyunuyam

Mayakovskinin “Sovet pasportu” sovetdənqalma adamların hamısına yaxşı tanışdı. Bu şeiri Rəsul Rzanın tərcüməsində oxumuşduq. Şeirin özü də, tərcüməsi də çox gözəl idi.

“Alın a, yana-yana qalın a, mən Sovet vətəndaşıyam!”.
Bu misralar necə də möhtəşəm səslənirdi. Bu şeiri, qarşıda özünü, ölkəsini, vətəndaşlarını və bütün dünyanı nə gözlədiyindən xəbərsiz olan, gənc Sovet dövlətinin eyforiyaya qapılmış şairi yazmışdı. Necə də gözəl səslənirdi. Vətənsevərlik, insanların sosial, xalqların siyasi bərabərliyinə, qardaşlığına sadəlövh inam bu şeirin şah damarından qızıl qan kimi fışqırırdı. Hələ əldə heç nə olmadan, yalnız oxunan yalançı nağıllara, quru ümidə dayanan nə böyük fəxr, nə möhtəşəm qürur!
Insan bu qədər sadə və rahatca xoşbəxt olmağı bacaran varlıqdı. Onun ən təbii maddi və mənəvi ehtiyaclarını ödə, qoy ömrü uzunu xoşbəxt olsun. Lakin bu qədər sadə görünən xoşbəxtliyi görəsən insanlara nədən vermək istəmir, o ehtiyacları dilə gətirənləri isə dilindən dara çəkirlər.
Bu yaxınlarda bir dostum Avropa turnesinə çıxmışdı. Orada təhsil alan qızına dəyməyə getmişdi. Qayıdanda görüşdük. Hələ orada olduğu günlərdə vaxt tapan kimi FB-də yazışırdıq. Avropanı öyməkdən usanmır, dil boğaza qoymurdu. Bununla da doymur,- qoy hələ gəlim, daha ətraflı danışaram,- deyirdi.
Gəldi, görüşdük və danışdı.
Söhbətlərin sonunda bircə bunu deyə bildim: “Mənimlə bir qəsdi-qərəzliyin yoxdu ki? Yoxsa məni infarkt eləməyə and içibsən?”. Dostum ağladı. “Axı bizim avropalılardan nəyimiz əskikdi? Niyə onlar o cür xoşbəxtcəsinə yaşamalı, biz isə sürünməli, hətta tapdana-tapdana sürünməliyik?”.
Mən belə düşünürəm ki, o insanlar, onların ata-babaları o gözəlliyi yaratmaq, əldə etmək üçün canlarından və ən əsası zaman-zaman murdar nəfslərindən keçiblər. Təkcə bir zamanlar Avropanı başına almış siyasi və dini diktaturalarla deyil, həm də öz nəfsləri ilə qanlı-qadalı savaşlar aparıblar. Tonqallarda yandırılıblar, asılıblar, gilyotinə göndəriliblər, inqilablardan keçiblər. Indi bizim bəzi Avropasevər ziyalılarımızın inqilablardan xoşu gəlmir, lakin sanki yada salmaq istəmirlər ki, həmin sevimli Avropa vaxtında o inqilablardan keçməsəydi, indi bu halında olmazdı. Əlbəttə, bizim də taleyimizə inqilab yaşamaq düşüb və nə yazıq ki, bu, bir yığın anti-bəşəri, təbii, harmonal inkişaf stixiyasının əksinə olan quldur inqilabı olub, qırmızı inqilab. O da ölkəmizdə olmayıb, bizə süngünün ucunda ixrac edilib. Başında burjuaziyanın deyil, qaçaq-quldurun, nüvəsində xalqın deyil, qulların dayandığı inqilab heç vaxt təkamülə gətirə bilməzdi, necə ki gətirmədi də.
Dostum dünya burjua inqilabının beşiyi olan Hollandiyada da bir neçə gün qonaq olmuşdu. Xeyli şəkillər çəkib gətirmişdi. Bu şəkillər iki şeyi göstərirdi: ucuzluq və xoşbəxtlik. Insanların üzündən azadlıq yağır, dükan-bazarda satılan malların üzündən isə…
Dostum bilirmiş ki, mən azadlıq söhbətinə inanacam, ama ucuzluğa yox. Ona görə də şəkillər çəkib, satılan mallar, üstündə də qiyməti. Bir iri dəmət holland gülü görürəm. Azı 20 çiçək var dəmətdə. Üstündəki qiymət kağızında isə cəmi 5 avro yazılıb. O güllərin burda bir dənəsinin qiyməti 5 avrodan az deyil. Nəticə: Avropada qiyməti çox baha olan bircə şey var. Onun adı mal deyil, Insandı!
Dostum deyir: – Holland qoyunlarına baxdım. Saçı-başı, ayağı-dırnağı, yalan olmasın, bizim adamlarınkından təmiz. Gül kimi. Baxışları isə sanki qürurla bunu deyir: “Mən Holland qoyunuyam!”. Görəsən, elə bir gün olacaqmı ki, biz də deyə bilək: “Mən Azərbaycan insanıyam!..”. Bu günəcən Azərbaycanın on min insanı “mən 51-lərdənəm” deyə bilirdi, daha onu da deyə bilməyəcəklər. Alın, aaa…