Növbəti curnalist həbsindən sonra bədbin bir oxucu məktubu aldım: “Artıq heç nəyə inanmıram. Bu ölkənin gələcəyi yoxdur. Satqın və namərd adamlardan bizim xalq qurtula bilməyəcək. Mübarizə aparanı da namərdlər yıxır…”
Ötən illər boyu belə bədbin məktublar almağa, belə fikirlər eşitməyə öyrəşmişəm. Amma cəmiyyətdə gələcəyə inamın daha da gücləndiyi bir vaxtda bu cür kəskin küskünlük gözləmirdim. Axı bütün dünya dəyişir, elə Azərbaycan da istisna olmayacaq. Son bir ildə arzu etdiyimiz Azərbaycana yetə biləcəyimizə inamımız xeyli böyüyüb. Tam ümidsiz ölkədən sabahına inanan bir ölkəyə çevrilməkdəyik.
Düzdür, inam məsələsində bizim cəmiyyət xeyli təzadlara sahibdir, amma artıq o da dəyişir…
Mən elə mömin adam tanıyıram ki, Azərbaycanın sabahına inanmır, bizim xoş gələcəyimizin olacağına əmin deyil. Necə bəyəm, Tanrı bizi gələcəksizmi yaratdı? Biz əbədi olaraq bu zülm və əxlaqsızlıq bataqlığında yaşamaq üçünmü doğulduq?
Necə inanmamaq olar?! Axı Tanrı da insanla yalnız inamın dili ilə danışır, sanki başqa yolu yoxdur…
Eyni zamanda təlimli ateistlər də tanıyıram ki, azərbaycanlıların normal bir cəmiyyət quracağına inanmır. Məgər biz ayrı meymunlardanmı törəmişik? Darvin ki belə söyləməmişdi. Yaxud bizi dünyanın fərqli çölləri və dağlarımı qoynunda böyütdü? Bizim almandan, fransızdan, qırğız türkündən fərqimiz nədir?
Bütün bunlar haqda çox yazmışıq. Mən özüm də çox yazmışam. Onu da əlavə edim ki, gələcəyə inanmamaq məntiqə də uyğun deyil…
Gələcəyə inanmamaq nihilizmin ən konkret, ən dağıdıcı, ən çirkin formasıdır. Amma inam insanlara və xalqlara bir azadlıq bəxş edir. Hətta heç bir təlim və ideologiyaya sahib olmadan xalq öz inamı ilə dağı dağ üstünə qoya bilər. Inam olduqda, Azərbaycan xalqı yalnız bir neçə siyasi lirik şeirlə də dünyanın heyrət edəcəyi qüvvəyə çevrilə bilər.
Gələcəyə inam fövqəlideologiyadır, bu gün onsuz heç bir qüvvə bir şey edə bilmir. Bu gün YAP-ın da ən böyük alternativi odur. Bu gün indiki rejimin sonunu yalnız o gətirə bilər.
Gələcəyə inam özünə inamdır. Azad adam məhz onunla öz idealını cızır, özü və ölkəsi üçün ideal axtarır. Məhz bu ideal da onu irəli aparır, inamı qırılana qədər dayanmır və kimsə onu saxlaya bilmir…
Indi inanmamaq günahdır sanki…
Əksinə, bu gün YAP-ın gələcəyə inamının qırıldığı, laxladığı vaxtdır. “Gələcək” sözü YAP-ın təbliğatında daha az-az səslənir indi. Bu da təsadüf deyil. Əvvəllər onlar bu sözü çox işlədirdi. Iki kəlmədən bir deyirdilər. Əvvəllər biz şikayət edirdik ki, demokratik qüvvələr cəmiyyətə gələcək vəd etmək istəmir və yaxud edə bilmir. Sözdə nələrsə olurdu, amma inamlı deyildilər, inandıra bilmirdilər, sanki özləri də inanmırdılar. Indi isə tarix özü bizə gələcəyi vəd edir. Dəyişən tarix özü inandırır bizi!
Inanmayanlara tarix dərs keçdi və keçməkdədir. Gələcək azadlığındır – insanlara azadlıq verilməyən bircə toplum da qalmayacaq. Buna müqavimət göstərənlər zamanın ayaqları altında əzilməkdədir.
Sabaha inanmaq həm də lazımdır. Sanki hər açılan səhər bizi daha çox aydınlığa yaxınlaşdırır. Qədim müdriklərdən birinin dediyi kimi, hər açılan səhəri səbirsizliklə gözləmək lazımdır, sanki açılan səhərin günəşi bütün dünyanı təzələyəcək…
Tarixə necə inanmamaq olar?!