Mənsum Ibrahimovdan möhtəşəm təqdimat

Musiqiçilərimiz Danimarkada Azərbaycanı layiqincə təmsil ediblər

Azərbaycan musiqiçiləri ilk dəfə olaraq Danimarkanın paytaxtı Kopenhagen şəhərində təşkil edilmiş Beynəlxalq etnik musiqi sərgisində (World Music Expo) iştirak ediblər. Sərgiyə Azərbaycanla yanaşı, Britaniya, Rusiya, Argentina, Türkiyə, Yaponiya, Fransa, Iran, Ispaniya, Braziliya, Latviya və digər ölkələrin təmsilçiləri qatılıblar. Bu möhtəşəm sərgidə iştirak etmək üçün ayrı-ayrı ölkələrdən ümumilikdə 750 ərizə verilsə də, onlardan yalnız 30-u qəbul olunub. Beynəlxalq etnik musiqi sərgisində Azərbaycanı Xalq artisti Mənsum Ibrahimov və “Qarabağ” muğam qrupunun digər üzvləri – əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) və nağara ifaçısı Kamran Kərimov təmsil ediblər.
Sərgidə musiqiçilərimizə çıxış etmək üçün 45 dəqiqə vaxt ayrılıb. Mənsum Ibrahimovun və digər təmsilçilərimizin möhtəşəm çıxışı böyük rəğbətlə qarşılanıb. Azərbaycan incəsənət ustalarının CD diski musiqimizlə çox yaxından maraqlanan Kopenhagen Universitetinin kitabxanasına hədiyyə olunub. Sərginin konsert müdiri Aleksander Valter Azərbaycan təmsilçilərinin çıxışına yüksək qiymət verib. Konsertin meneceri Avropa tərəfdən Natəvan Hüseynova, Azərbaycan tərəfdən isə Azad Azərbaycan radiosunun direktoru, aparıcı Emin Musəvi olub. Səfər çərçivəsində Vətən cəmiyyəti və onun rəhbəri Səfər Sadiqinin təşəbbüsü ilə Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib.