«Dövlət Departamenti insan alverinə qarışan məmurların cəzalandırılmasını tələb edir»
«Idman və Gənclər Nazirliyi bosniyalı fəhlələri işlədəndən sonra əmək haqlarını vermədən ölkədən deportasiya edib»
Insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun bu günlərdə açıqladığı hesabatdan sonra bu ilin ortalarında ABŞ Dövlət Departamentinin dünyada insan alverinə qarşı mübarizəyə dair son hesabatı yenidən gündəmə gəlib.
Departamentin açıqladığı sənəddə bu sahədə Azərbaycandakı duruma da diqqət yetirilmişdi. Sənəddə Azərbaycanda Çindən olan ucuz işçi qüvvəsinin geniş yayıldığı, onların əsasən tikintidə və digər ağır işlərdə işlədildiyi göstərilirdi. Həmçinin 2009-cu ildə yüzlərlə bosniyalı serbin ölkədə qul kimi işlədilməsi məsələsi də hesabatda öz əksini tapıb. Dövlət Departamenti hökumətin bununla bağlı araşdırma aparmadığı məsələsini də qeyd etmişdi. O zaman hakimiyyətdən tələb olunurdu ki, insan alverinə qarışan məmurların, o cümlədən regional polis məmurlarının cəzalandırılmasını təmin etsin, insan alveri qurbanlarının polisə formal ərizə ilə müraciət etməsini gözləmədən onlara ilkin yardım göstərsin.
Qeyd edək ki, Azərbaycanda dövlət qurumlarının xətti ilə əcnəbi işçilərin gətirilməsi faktı var. Hələ bir müddət əvvəl ölkədə dövlət sifarişi ilə həyata keçirilən tikintilərdə əcnəbilərin işlədildiyi, onların hüquqlarının kobud şəkildə pozulduğu ortaya çıxmışdı. Konkret olaraq “Buta Palace”, “Ekspo Centre”, 28 maydakı ticarət mərkəzinin, Mingəçevir Olimpiya mərkəzinin inşasında, Səadət Sarayının təmirində Bosniya və Herseqovinadan gətirilmiş insanlar işlədilib. Qeyd edək ki, bu obektlərin hamısı dövlət sifarişi ilə, dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına tikilib. Icraçı təşkilat isə Gənclər və Idman Nazirliyi olub. Hələ o zaman ekspertlər Bosniya və Herseqovinadan gətirilən əcnəbilərə ciddi problemlərin yaradıldığını, onların əmək haqlarını ala bilmədiyini aşkarlamışdı. Hətta bu işə qarışaraq onlara əmək haqlarını almaqda kömək etmək istəyəndə isə, dövlət qurumları bu işçiləri ölkədən deportasiya etmək istəyib. Lakin məsələni diqqətdə saxlayan qeyri-hökumət təşkilatlarının fəallığı, səfirliklərə müraciətləri bu prosesi əngəlləyib. Bundan sonra əcnəbi işçilərin əmək haqlarının bir qismi ödənilib. Ancaq rəsmi qurumlar onların məcburi olaraq Azərbaycandan deportasiya edilməsinə nail olub. Bütün bu prosesdə adı hallanan qurum isə Gənclər və Idman Nazirliyi olub. Nazirlik büdcədən ayrılan vəsaitləri mənimsəyib və əcnəbi işçilərin hüquqlarını pozaraq onlara əmək haqqı verməyib.
Ekspertlər, həmçinin hüquqları pozulan çinli işçilərin də onlara müraciət etdiklərini deyir. Qeyd edək ki, Çindən gələnlər daha çox “Akkord” şirkətinin həyata keçirdiyi tikintilərdə çalışır. Eyni zamanda Mingəçevir DRES-də də kifayət qədər Çin vətəndaşı var.
Bütün bu faktlarla bağlı müvafiq qurumlara məlumat verilsə də, bununla bağlı tədbirlər görülməyib. Daxili Işlər Nazirliyi bu faktlara görə cinayət işinin başlanılmasını rədd edib. Bosniya və Herseqovina vətəndaşları ilə bağlı cinayət işinin başlanılmasından imtina edildiyindən, məsələni diqqətdə saxlayan qeyri-hökumət təşkilatları məhkəməyə müraciət edib. Artıq Azərbaycan məhkəmələri ilə çəkişmələr başa çatıb və Avropa Məhkəməsinə müraciət etmək üçün sənədlər hazırlanır.
Fizzə


