Kəmaləddin Heydərov Rəsul Quliyevlə anlaşır?

Hakimiyyət daxilində 2013-cü il prezident seçkiləri ilə bağlı başlanmış savaşla mətbuatda müxtəlif məlumatlar yayılır. Bu məlumatlardan biri də iqtidardakı Naxçıvan klanının, daha doğrusu bu klanın tanınmış siması fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyevlə danışıqlara başlaması barədədir. Iddia olunur ki, “fövqəlnazir” eks-spikerin yanına elçi göndərərək onunla anlaşmağa çalışır. Bu anlaşma hakimiyyətin perspektivi ilə bağlıdır. Lakin məlumatlı şəxs “Azadlıq”a bildirib ki, mətbuatda yayılan bu xəbərlər inandırıcı görünmür. Çünki Rəsul Quliyev hazırda Azərbaycandakı siyasi proseslərə, o cümlədən hakimiyyət daxilində baş verənlərə təsir etmək gücündə deyil: “Rəsul Quliyevin, hətta ən yaxın qohumları ona dönük çıxıblar. Və o, faktiki olaraq tək qalıb. Bu halda Kəmaləddin Heydərovun onunla hansısa anlaşmaya getməsi inandırıcı görünmür. Əgər Rəsul Quliyev güc sahibi olsaydı bu məlumatlara inanmaq olardı. Lakin təəssüf ki, eks-spiker bu gün Azərbaycan siyasətində çox zəif görünür. Kəmaləddin Heydərov da bunu bilməmiş deyil”.