elnurastanbeyli@gmail.com
Deməli, dünən məlum oldu ki, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi adlı qurum (hansı ki, sədri məşhur yapçı Mübariz Qurbanlıdır) bir qərar layihəsi hazırlayır, sən demə, həmin qərar layihəsinə görə ölkədə falçılıq, cadugərlik qadağan ediləcəkmiş. Açığı, mən bu xəbəri oxuyanda bilmədim, gülüm yoxsa ağlayım.
Avtoritar, anti-demokratik rejimlərin hər hansı problemi yoluna qoymaq, ən azı belə görüntü yaratmaq üçün ilk ağlına gələn hansısa qanun qayırıb inzibati yasaqlar, qadağalar qomaqdır. Əslində yasaqçılıq elə bu rejimlərin mahiyyətindən, xislətindən doğur. Belə rejimlər bir qayda olaraq, problemləri həll etmək üçün başqa yollar tapmaq, problemlərin kökünə getmək v əvə onu yaradan səbəbləri aradan qaldırmaq qabiliyyətinə, bilgisinə, bacarığına sahib olmurlar.
O ayrı məsələdir ki, bütün hallarda problemlərin bir nömrəli səbəbi və səbəbkarı anti-demokratik, çağdışı rejimlərin özləridir. Onların yanlış, yarıtmaz, pis idarəçilikləri ölkələrinə sağalması bəzən onillərlə, yüzillərlə sürən yaralar vurur.
Qayıdaq təqvim 21-ci əsri, 2015-ci ili göstərərkən Azərbaycanın falçılıq, cadugərlik kimi cahillik, geridəqalmışlıq göstəricisi olan problemlərin əsirinə çevrilməsinə. Və bunu yaptokratiyanın inzibati yollarla – administrativ yasaqçılıqla həll etmək xəyalına düşməsinə.
Cənab yapçılar bilməlidirlər ki, məlum problemin kökündə məhz onların idarəetmə sistemləri dayanır. Ölkədə təhsili yox edib, elmi, bilgini dəyərdən, hörmətdən salıb sonra da falçılıqdan, cadugərlikdən gileylənmək ironiya və ikrah doğurur.
Ekran-efiri qapısını cinçıxaranların, ələmuçuranların üzünə taybatay açıb, falçılardan, cadugərlərdən dəyər yaradıb, bəşəri mədəniyyəti rədd edib, onun yerini isə nə olduğu bəlirsiz, qeyri-müəyyən, mücərrəd “milli-mənəvi dəyərlər”lə – aqrar, arxaik ənənələrlə, mental düşüncələrlə doldurub sonra nəyə ümid etmək olardı ki? Aydın deyildimi ki, bu sonda Azərbaycanı mənəvi böhrana, cəhalətin sürətlə çiçəklənməsinə gətirib çıxaracaq?
Ölkədə ədaləti bərpa etməyib, insanların əlinin hər yerdən üzülməsinə yol açıb sonra da son çarə kimi onların falçıdan, cadugərdən mədət ummağa başlamasından təbii nə var? Əgər siz bir ölkədə elm, təhsil ocaqlarını yox edərsinizsə, o ölkədə kütlənin seyid ocaqlarından ədalət, mərhəmət gözləməsindən məntiqəuyğun nə ola bilər?
Bir ölkənin ki, səhiyyəsi rüşvət, korrupsiya yuvasına, xəstəxanaları qəssabxanaya çevrilsin, bir ölkənin ki, həkimi xəstənin ağrıyan yerindən öncə onun əlinə, cibinə baxsın, bir ölkədə ki, xalqın leksikonunda “həkim terroru”, “ağ xalatlı cəlladlar” kimi ifadələr özünə yer etsin, o ölkədə adamların pirlərdən şəfa umması təəccüblüdürmü?
Bir ölkədə ki, məhkəmələrin ədaləti olmasın, məhkəmələr haqlının deyil, güclünün tərəfini tutsun, o ölkədə insanlar haqqını niyə cadu-piti ilə axtarmağa çalışmasın?
Bir ölkədə ki, insanların rifah, hüzur içində yaşamaq imkanları qalmayıb, xoşbəxt, səadət dolu gələcəyə dair ümidləri isə sürətlə dəfn olunur, niyə onlar bəxtlərini açdırmaq, taleyin üzlərinə gülməsinə yardımçı olmaq üçün falçı qapılarında yatmasınlar? Axı siz onların hansı dərdinə dərman olursunuz?
Bütün bunlardan sonra hansısa inzibati yasaqla, qadağa ilə falçılıq, cadugərlik kimi geridəqalmışlıqla, köhnəliklə, cəhalətlə assosiasiya olunan əməllərin axırına çıxmağın mümkünlüyünə inanmaq mümkündürmü?
Ölkəni sürətlə savadsızlaşdırıb, xalqı kütləvi şəkildə cəhalətə təslim edib (nə var, nə var, bilgisiz, təhsilsiz toplumlar üzərində hökm etmək, hakimiyyətinin ömrünü uzatmaq, belə toplumlardan taxt-taca gözlənilən hər hansı təhlükəni zərərsizləşdirmək daha asan, daha rahatdır!), sonra da administrativ qadağalar qoyaraq həmin ölkədə çağdışı, mədəni, modern dünya üçün yad olan fəaliyyətlərin, əməllərin önünə keçmək filfilo söhbətdir.
Nə özünüzü, nə də özgələri aldatmağa ehtiyac yoxdur, cənab yapçılar!