AzTV sədri «Jurnalist Sənətkarlığı» adında «institut»u bitiribmiş
Bir neçə gün əvvəl AzTV-nin saytına baxarkən dövlət televiziyasının rəhbəri Arif Alışanovun bioqrafiyasındakı iki cümlə diqqətimizi cəlb etdi: “1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər Ittifaqının Jurnalist Sənətkarlığı Institutunu, Bakı Ali Partiya Məktəbinin ideoloci kadrlar fakültəsini bitirib”. Iqtisadçı ixtisası barədə söhbət yoxdur, çünki Arif Alışanov həqiqətən Xalq Təsərrüfatı Institutunu qiyabi bitirib. Amma Jurnalist Sənətkarlığı Institutu və Bakı Ali Partiya məktəbi təzə məsələdir və bunlar buxalteriyadan sədrliyə gəlmiş adamın bioqrafiyasındakı boşluqları “doldurmağa” xidmət edir. Yəni Alışanov demək istəyir ki, o ideoloji sahənin adamıdır və həm də, sən demə, jurnalistdir(?!).
Məlumat üçün deyək ki, Azərbaycanda və SSRI-də heç vaxt “Jurnalist Sənətkarlığı” adlı institut olmayıb, sadəcə o vaxt jurnalist birlikləri nəzdində təşkil edilən formal və ayda bir dəfə məşğələsi olan, ya olmayan dərnəkləri belə adlandırırdılar ki, bir az cazibədar olsun. Görünür, Alışanov onu nəzərdə tutub və “zəngin” bioqrafiyasına yazıb. Deməli, sədr olan adam hələ başa düşmür ki, dərnək adama ixtisas vermir, onu buxalterdən jurnalistə çevirmir.
AzTV sədri “Bakı Ali Partiya məktəbi” məsələsində lap gül vurur. Əslində o, bir illlik mənasız dərslər keçilən “marksizm-leninizm universiteti”nin müdavimi olub və indi saxtakarlıq edib bioqrafiyasına nüfuzlu təhsil ocağının adını yazır. Ona elə gəlir ki, belə yazanda camaat sədrin keçmiş “partşkola”nı bitirdiyini düşünəcək və ona savadlı şəxs kimi baxacaqlar.
Təbii ki, bu ciddi bioqrafiya saxtakarlığı Arif Alışanovun öz yerində olmamasının “məhsulu”dur, amma adam anlamır ki, hər saxtalaşdırılan sənəd adama uğur gətirmir?
Azad