yap-bina-emblem

Bir partiyadan ibarət  parlament

yap-bina-emblem

Yaxud, mandat alan partiya sədrlərinin fəaliyyəti nədən ibarətdir?

Noyabrın 1-də ölkədə parlament seçkiləri keçirildi. Bu seçkilər haqqında geniş yazılar yazmışıq. Qısa şəkildə demək olar ki, seçki yerli və beynəlxalq ictimaiyyət tərəfindən boykot edildi, seçiləcək şəxslərin adları öncədən bəlli oldu və müstəqillik dövrünün ən biabırçı seçkisi kimi tarixə düşdü. Faktiki olaraq ölkədə seçki əhaval-ruhiyyəsi yaşanmadı və hakimiyyət göstərdi ki, şəffaf seçki keçirmək iqtidarında deyil.

Amma məsələnin daha maraqlı tərəfi var. Bildiyiniz kimi bu dəfə də parlamentə “partiya” adı altında daxil olanlar var.  Hökumət göstərmək istəyir ki, parlament təkcə YAP-dan ibarət deyil və digər partiyaların təmsilçiləri də mandat qazana bilib. Bununla Azərbaycanda çoxpartiyalı sistemin hökm sürdüyünü və parlamentin bircinsli olmadığını sübut etmək istəyirlər.

Bəs, parlamentə hansı partiyaların təmsilçiləri düşüb və bu partiyaların fəaliyyəti nədən ibarətdir?

1 Bu dəfə parlamentə düşənlər arasında “Vəhdət” partiyasının sədri Tahir Kərimli də var. Görəsən, bu partiyanın qurultayı nə vaxt keçirilib, partiyanın formalaşmış strukturları varmı, Tahir Kərimlinin müavinləri kimlərdir? Ümumiyyətlə, bu illər ərzində “Vəhdət” partiyası ölkədə baş verənlərə necə reaksiya verib? Bu partiya haqqında internetdə axtarış verəndə “Vəhdət Partiyası YAP-ın namizədlərini  müdafiə edəcək”, “Vəhdət partiyası Ilham Əliyevə səs verəcək” başlıqlı yazılara rast gəlirik.  Partiyanın ölkədə baş verən ictimai-siyasi məsələlərə münasibəti, hansısa mövzuda tədbir keçirməsi, hansısa rayon şöbəsinin konfransı haqqında məlumat yoxdur. Nəticədə məlum olur ki, “Vəhdət” partiyası yalnız sədrdən ibarət olan qurumdur.

2. Bu dəfə parlamentə ADMP sədri Elşən Musayev də yol tapdı. Əminliklə demək olar ki, Azərbaycanda belə bir partiyanın mövcud olduğundan 10 nəfərin xəbəri yoxdur. Yalnız partiyanın sədri Elşən Musayev haqında məlumatlar var. O da televiziyada və mətbuatda müxalifəti söyməklə, hakimiyyətə yarınmaqla gündəmə gəlib. Əksər yazılarında isə qeyri-etik ifadələr rol alıb. Elşən Musayev barəsində internetdə axtarış verəndə  “Bir aparıcı var, yüz ilin fahişəsi”, “Ay qız soyun, kimdir bizi burda tanıyan”, “Öz toyunda fotoqrafa gizlicə nömrə verən gəlinlər” və digər oxşar başlıqlı yazılarla qarşılaşırıq. Yazılardan da göründüyü kimi bu adamın yeri tamam səhv düşüb. Bəli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının da fəaliyyəti özün sədr adlandıran şəxsin biabırçı yazılarından ibarətdir. Partiyanın heç bir strukturu yoxdur, partiya adından hər hansı bəyanat, təklif, təşəbbüs gözə dəymir. Ümumiyyətlə, siyasət səhnəsinin axırıncı oturacağında da bu partiyanın varlığı hiss olunmur. Bir sözlə, bu partiyanın fəaliyyəti eynəkli bir adamın müxalifəti söyməsi ilə əlaqəlidir.

3. Parlamentə “partiya” adı ilə ADIP-də düşüb. Bəli, Asim Mollazadənin rəhbərlik etdiyi partiya bu dəfə də mandata layiq görüldü. Interneti ələk-vələk etsək də bu partiyanın ölkədə baş verənlərlə bağlı tutuarlı bir mövqeyin, bəyanatın görmədik. Təkcə məlum olan budur ki, partiya uzun illər ərzində 1 dəfə qurultay keçirib. Digər partiyalar kimi bu partiyanın da cəmiyyətdə nüfuz sahibi olan funksioneri, nəzərə çarpan hər hansı layihəsi gözə dəymir. Ümumiyyətlə, partiyanın kimlərdən ibarət olduğunu əks etdirən hər hansı foto, video görüntü tapa bilmədik.

4. Parlament seçkilərində MDHP sədri Fərəc Quliyev yenə də mandatlandı. Bu adamın keçmişi və bugünü haqqında kifayət qədər məlumatlısınız. Adam “müxalifət” adı alıtnda iqtidara transfer olundu və “zəhmət”inin bəhrəsini dərir. Əminliklə demək olar ki, hətta siyasət səhnəsində olanların əksəriyyəti Fərəc Quliyevin partiyasının adın bilmir. MDHP-nin bir partiya kimi heç bir funksiyası yoxdur. Həyatını siyasətə həsr etmiş heç kim bu partiyanın 3 funksionerinin adın çəkə bilməz. Bu partiya da yalnız sədrdən ibarətdir.  Internetdə axtarış versəniz MDHP-nin fəaliyyəti ilə bağlı heç bir məlumat tapa bilməzsiz. Ancaq “Fərəc Quliyev deputat təyin edildi”, “Fərəc Quliyev namizəd oldu” başlıqlı yazılarla rastlaşacaqsız. Adam faktiki olaraq müxalifətçiliyin imitasiyasından da imtina edib. Ölkədə devalvasiyadan tutmuş, MTN əməliyyatına qədər müxtəlif neqativ hadisələr baş verib. Amma Milli Dirçəliş Partiyası birqayda olaraq özün ölülüyə vurub.

5. Parlamentin xoşməramlılarından biri də BAXCP sədri Qüdrət Həsənquliyevdi. Insafən, bu partiyada 3-4 nəfər funksioner var. Amma partiyanın ümumi mənzərəsi heç kimə tanış deyil.  Sözdə müxalifət partiyası olsa da, əməldə müxalifəti söyməklə məşğuldular. Bugünə qədər BAXCP-nin ölkədəki korrupsiyaya, monopoliyaya, məmur özbaşınalığına qarşı bəyanatını, hər hansı etiraz aksiyasını müşahidə edən olmayıb. Partiyanın fəaliyyəti hökumətlə səs-səsə verib Avropanı söymək, ölkədəki mübariz insanları qaralamaqdır. Ümumiyyətlə, bu partiyanın ümumxalq mövqeyini ifadə edən hər hansı təşəbbüsünü görən olmayıb.

6.Bu dəfə ASDP sədri Araz Əlizadədə özünü parlamentə sala bildi. Hökumətimiz bu şəxsi də mandatla təmin etdi. Görünür, Iqbal Ağazadənin performansı o qədər də bəyənilməyib. Amma sonuncu prezident seçkilərində Araz Əlizadənin müxalifət namizədinə qarşı tərbiyəsizlik etməsi, hökumətə özünəməxsus şəkildə yarınması, hökuməti məmnun edib. Amma partiya kimi ASDP-nin də nə işlə məşğul olduğu məlum deyil. Özlərini sosial-demokrat adlandırsalar da nə sosial vəziyyətin ağırlığı, nə də demokratiyanın yoxluğu bunları qətiyyən narahat etmir. Əgər internetdə bu partiya haqqında axtarış versəniz yalnız partiyanın adını görə bilərsiniz. Partiyanın strukturları, konfransları, partiya sədrinin üzvlərlə görüşləri haqqında heç bir məlumat yoxdur. Yəni, ASDP-də digər parlamentdaşları kimi müqəvva formasında gəzir.

7.“BQP” adlı partiyanın sədri Fazil Mustafa da növbəti dəfə parlament parlament binasına qədəm qoyacaq. Həmkarları kimi Fazil Mustafa da hökumətin müxalifəti olmağa qərar verənlərdəndi. Amma bugünə qədər “BQP”-nin də hər hansı partiya tədbirindən, bəyanatından, qurultayından, strukturunun kimlərdən ibarət olmasından xəbər yoxdur. Rəsmi məlumata görə partiyanın 3000 üzvü var. Amma uzun illərdi siyasətlə məşğul olanlar bu partiyanın 3 üzvün tanımır.  “BQP”-nin partiya olaraq Azərbaycanın ictimai-siyasi həyatında heç bir rolu hiss olunmur.

8.“AVP” (Ana Vətən Partiyası) sədri Fəzail Ağamalı da mandatlılardandı. Əvvəllər bu partiyannı tanınmış funksioneri kimi millət vəkili Zahid Orucu tanıyırdıq. Indi Zahid Oruc dəstədən ayrılıb və Fəzailin yanında kimin qaldığı məlum deyil. Bugünə qədər “Ana Vətən”in vətənə analıq etməsini görən olmayıb. Yəni, sədrindən başqa heç bir funksionerini tanımadığımız partiya hökumətin ağzından çıxanları təkrarlamaqla məşğuldur. Faktiki olaraq “AVP” partiya olaraq ölkə həyatında baş verənlərlə bağlı hər hansı mövqe sərgiləməyib. Yalnız partiya sədrinin mətbuatda açıqlamaları yayılıb ki, bu da hər hansı təklif və təşəbbüslə bağlı olamyıb.

9.Bu dəfə VHP sədri Sabir Rüstəmxanlı namizəd olmadı. Amma partiya adından 2 nəfər parlamentə düşə bilmədi. Bəli, Fəzail Ibrahimli və Rafael Hüseynov mandat qazana bildi.  Heç kimə sirr deyil ki, bu adamların parlamentdə təmsilçiliyi müxalifətçiliyə xidmət etmir. Bugünə qədər məlum şəxslərin cəmiyyətdə rezonans doğuracaq hər hansı fikrini eşidən olmayıb. Əksinə, bütün çıxışlarında hökumətin yarıtmaz siyasətinə don geyindiriblər.

10.“ASRP” (Azərbaycan Sosial Rifah Partiyası) sədri Xanhüseyn Kazımlı da təyinatlılar sırasındadır. Bu partiyanın həyat və yaradıcılığı haqqında sədrin özü də məlumatsızdır. Çünki, Xanhüseyn Kazımlının dilindən partiyanın fəaliyyəti haqqında hər hansı fikir eşitməmişik. Internetdə axtarış verəndə də heç nə tapmaq mümkün deyil. Belə çıxır ki, partiyanın hələlik 1 üzvü var və vaxt tapıb fəaliyyət göstərə bilmir.

Göründüyü kimi  parlamentdə təmsil olunana bu partiyaların ictimai firkə təsir gücü, mobil strukturu, kəsərli mövqeyi yoxdur. Sadəcə olaraq hakimiyyət islah etdiyi adamlara partiya möhürü verib və bununla da demokratiya görüntüsü yaratmaq istəyib. Yuxarıda qeyd edilənlərdən də aydın görünür ki, bu partiyalar hakimiyyətin korrupsioner siyasətinə “yox” demək, hökumətin cızdığı dairədən kənara çıxmaq iqtidarında deyil.

Daha dəqiq ifadə etsək bu dəfə də parlament 1 partiyadan ibarət oldu və fərqli səs eşitməyəcəyik.

İlham