Elxan Şahinoğlu: «Ərdoğanın yenidən gücləndiyi zamanda Azərbaycan hakimiyyətinin ona «yox» deməsi çətin olacaq»
Türkiyədə keçirilən 1 noyabr parlament seçkisi bir neçə ay öncəki seçkinin tam əksi oldu. Son seçkinin nəticəsinə görə, AKP yenidən təkbaşına iqtidar qura biləcək. AKP-nin təkbaşına hökumət formalaşdıra bilməsi isə Ərdoğanın rəqiblərinə qarşı bir sıra tədbirlər görməsinə imkan verəcək. Gözlənildiyi kimi Ərdoğan əsas siyasi rəqibi Gülən tərəfdarlarına qarşı addımlar atmağa başlayacaq. Bu addımların bir qismi gülənçilərin təmsil olunduğu “SOCAR” Türkiyə ilə bağlı ola bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, AKP-nin artıq təkbaşına hökumət formalaşdıra biləcəyi dəqiqləşib. AKP-nin əsas addımlarından birinin məhz Konstitusiya dəyişikliyi olacağının gözlənildiyini deyən E.Şahinoğlu vurğuladı ki, AKP-nin parlamentdə 317 səsi var. Amma Konstitusiya dəyişikliyi üçün AKP-nin 367 səsə ehtiyacı var: “AKP çatmayan səsləri əldə edərək Konstitusiya dəyişikliyini referenduma çıxaracaq. AKP Konstitusiyaya dəyişiklik edərək Türkiyəni prezidentli respublikaya çevirmək istəyir. Ikinci istiqamət kimi PKK ilə mübarizənin təşkil edəcəyi artıq bəllidir. Çünki səsvermə günü də Türkiyə təyyarələri PKK mövqelərinə zərbə endirirdilər. Bu ondan xəbər verir ki, AKP hökuməti bu istiqamətdə geri addım atmayacaq. Bu təzyiq o zamana qədər davam edəcək ki, PKK silahlı müstəvidə mübarizədən əl çəkib, tam formada siyasi müstəviyə keçsin”.
Digər mühüm bir istiqamətin iqtisadiyyatda islahatların aparılması olacağını düşünən E.Şahinoğlu vurğuladı ki, Davudoğlu lirənin dirçəlməsi üçün addımların atılacağını bəyan edib. E.Şahinoğlu hesab edir ki, mühüm bir istiqamət Gülən tərəfdarlarına qarşı mübarizənin güclənməsi olacaq. Əgər AKP seçkidən məğlub ayrılsaydı, Gülən tərəfdarları ilə mübarizə arxa plana keçəcəkdi. Çünki digər partiyalar AKP-yə Gülənlə mübarizəyə imkan verməyəcəkdi: “Amma AKP təkbaşına hökumət formalaşdırıb və Ərdoğan özünün əsas düşmənlərinə qarşı mübarizəni gücləndirə bilər. Bu həm ölkədaxilində, həm də ölkə xaricində baş verə bilər. Təsadüfi deyil ki, seçkilərə az müddət qalmış Ərdoğana yaxın mətbuatda SOCAR-ın Türkiyədəki törəmə şirkəti haqqında məqalə çap olundu. Bu isə o demək idi ki, Ərdoğan yenidən Azərbaycan hakimiyyətinə müəyyən siyahı göndərə bilər. Keçən dəfə Ərdoğanın təyin etdiyi siyahıya uyğun olaraq bir neçə millət vəkili hədəf alındı, bir neçə məmur vəzifəsindən uzaqlaşdırıldı. Amma bütün bunlara baxmayaraq Gülənin Azərbaycandakı mövqeləri yenə güclüdür, onun ölkəmizdə böyük maliyyəsi və imkanları var”.
E.Şahinoğlu onu da bildirdi ki, Türkiyənin Azərbaycan hakimiyyətindən istəkləri əgər əvvəl böyük həvəslə yerinə yetirilmirdisə, Ərdoğanın yenidən gücləndiyi zamanda ona “yox” demək çətin olacaq. Bu baxımdan ekspert hesab edir ki, SOCAR-da yoxlamaların aparılacağı istisna deyil.
Xəyal