Arif Hacılı: «Həbsdə olduğum 7 ayda heç kim mənim həyata keçirdiyim funksiyaları üzərinə götürmək istəmir»
Bakı Istintaq Təcridxanasında saxlanılan “2 aprel” məhbusu Arif Hacılı “mediaforum” saytının suallarını cavablandırıb:
– Məhkəmənin qərarı sizin üçün gözlənilməz olmadı ki?
– Həbsimizdən dərhal sonra tezliklə azadlığa buraxılacağımızı deyirdilər. Hətta AŞ PA prezidenti ölkə rəhbərliyi tərəfindən ona belə deyildiyi barədə açıqlama vermişdi. Sadəcə, hakimiyyət bu məsələdə mövqeyini sonradan dəyişdi. Siyasi vəziyyətin təhlilinə əsaslanaraq, məhkəmə qərarlarının belə olacağını qabaqcadan təxmin etmək mümkün idi.
– Bu qərardan sonra etiraz aksiyaları barədə fikriniz hansısa şəkildə dəyişdimi? Indi də aksiyaların keçirilməsini zəruri sayırsınızmı?
– Bu ilin mart və aprel aylarında keçirilən etiraz aksiyalarının, hətta bizim həbsimizin dövlətimiz və millətimiz üçün uğurlu nəticələri oldu. Xalqımız bütün dünyaya demokratiya və azadlıq uğrunda mübarizə aparan, bu yolda ciddi fədakarlıqlara hazır olan xalq kimi təqdim olundu.
Mən həyatımı dünyada, xüsusilə onun bir parçası olan Azərbaycanda insanların həyatını yaxşılaşdırmaq işinə xidmət etmək naminə yaşayıram. Mənim qlobal hədəfim budur.
– Adətən həbs edilən şəxslər azadlıqda olan silahdaşlarından şikayətçi olurlar, ya özlərinə maddi-mənəvi diqqətin azlığından, ya da yürüdülən siyasətdən narazı qalırlar. Siz necə, silahdaşlarınıza qarşı qəzəbli deyilsiniz ki?
– Diqqət azlığından şikayət etməyə əsasım yoxdur. Azərbaycanın aparıcı siyasi partiyaları, hüquq-müdafiə təşkilatları, ən görkəmli vəkilləri, ziyalılar, gənclər və qadınlar təşkilatları, millət vəkilləri bizi sistemli şəkildə müdafiə edir. Ən nüfuzlu media qurumları bizə informasiya dəstəyi verir.
– Başqanlığa namizədliyinizi irəli sürəcəksinizmi? Bəzi müsavatçılar Isa Qəmbərin rəhbərlikdən getməsinin əleyhinədir və hətta bunun qarşısını almaq üçün nizamnamə dəyişikliyi təklif edirlər. Bu haqda nə düşünürsüz?
– Isa Qəmbər nizamnamənin bu bəndinin dəyişdirilməsinin əleyhinə olduğunu, hətta onun iradəsi nəzərə alınmadan belə dəyişiklik olarsa, başqanlığa namizədliyini irəli sürməyəcəyini bildirib. Müsavat Azərbaycanda bir çox demokratik ənənənin əsasını qoyub. Bir nəfərin iki dəfədən artıq başqan seçilə bilməməsi ilə bağlı qərarımız da bu baxımdan çox faydalı olacaq. Məncə, Isa bəyin başqanlıqdan getməsi onun istər Müsavat daxilində, istərsə də cəmiyyətdə təsir imkanlarını azaltmayacaq. Isa Qəmbərin nüfuzu yalnız onun Müsavat başqanı olması ilə bağlı deyil. Başqanlıqdan getməsi onun Müsavat daxilində onsuz da yüksək olan nüfuzunu bir qədər də artıracaq. Partiya başqanı olmaması onun manevr imkanlarını, partiyadan kənar qüvvələri öz ətrafında birləşdirmək imkanlarını artıracaq. XX əsrin sonunda fenomenal karyeraya malik siyasi fiqurlardan biri olan Boris Yeltsin karyerasının pik məqamında nəinki partiya sədri, hətta hər hansı partiyanın üzvü deyildi.
Isa Qəmbər başqanlıqdan getdikdən sonra Müsavatın zəifləyəcəyi fikri ilə də razı deyiləm. Müsavat tam strukturlaşmış, oturuşmuş partiyadır. Isa Qəmbər başqanlıqdan getsə də, partiyada qalacaq və bundan sonra da partiyanın siyasətinin müəyyənləşməsində, idarə olunmasında yaxından iştirak edəcək. Başlıcası isə Müsavatın yeni başqanının arxasında Isa Qəmbər kimi siyasi lider dayanacaq.
Müsavat başqanlığına namizədliyimi irəli sürmək niyyətindəyəm. Mənə verilən məlumatlara görə, partiya üzvlərinin əksəriyyəti bunu məndən tələb edir. Bu barədə bir çox silahdaşlarla müzakirələr aparmışam. Partiyanın Məclis üzvlərinin, fəalların, gənclərin, xanımların, rayon təşkilatı sədrlərinin bir qisminin, Divan üzvlərinin əksəriyyətinin rəyini öyrənmişəm. Məhkəmə prosesi zamanı Isa bəylə də ilkin söhbətimiz olub.
– Potensial alternativlərinizin açıq şəkildə olmasa da, müəyyən təbliğata başladıqları deyilir. Narahat deyilsiz ki?
– Müsavat daxilində mənim opponentlərim yoxdur. Onlar mənim dostlarım və silahdaşlarımdır. Məni narahat edən odur ki, həbsdə olduğum 7 ay müddətində heç kim mənim həyata keçirdiyim funksiyaları öz üzərinə real olaraq götürmək istəmir. Müsavat Partiyası başqanlığı kimi müqəddəs və çətin bir vəzifəyə iddialılar olmasaydı, ciddi narahat olardım.
– Əgər başqan seçilsəniz, Müsavatın müttəfiqləri ilə münasibətlərində dəyişiklik ola bilərmi? Ictimai Palatadan kənarda olan qüvvələrlə münasibətlər sizi qane edirmi?
– Müsavat Partiyasının siyasətini bir nəfər yox, partiyanın bütün üzvləri, seçkili orqanların nümayəndələri müəyyən edir. Mən Müsavatın nüvəsində “Rəsulzadə-Elçibəy ideyalarına bağlı olan siyasi qüvvələrin birliyi” siyasətinin müəlliflərindən biriyəm. Ilk növbədə AXCP və KXCP ilə müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsini, AMIP-lə yaxınlaşmanın davam etdirilməsini və Ictimai Palatanın daha demokratik və çevik bir quruma çevrilməsini zəruri hesab edirəm. ADP, Milli Demokrat Partiyası, Ziyalıların Ictimai Forumu, Ümid Partiyası və s. təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin, müəyyən məsələlərdə müttəfiqlik münasibətləri qurulmasının tərəfdarıyam.


