Avropalı səfirlər haqlı iradlar qarşısında aciz qaldı
Əli Kərimli: «Avropada bütün fundamental hüquqları tapdalayan iki rejimdən biri olmaq, Avropa Şurası məruzəçisinin ölkəyə buraxılmaması ekstremal hal deyil?»
Avropa Birliyinin komissarına müraciət ünvanlandı
Nüfuzlu hüquq müdafiəçiləri, siyasi partiya liderləri, siyasi məhbus ailələri, politoloqlar və jurnalistlərin iştirakı ilə dünən Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bir mövzuda – “Vətəndaş fəallığı, siyasi plüralizm və Avropaya inteqrasiya kontekstində toplaşmaq azadlığının rolu” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfrasa ATƏT, Avropa Şurası, Avropa Birliyinin təmsilçiləri, bir sıra beynəlxalq fondların nümayəndələrinin də iştirak etdiyi konfrans dinamizmi və sərt polemikaları ilə yadda qaldı.
Tədbirin təşkilatçısı olan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva konfransın mahiyyəti haqda qısa məlumat verərək bildirdi ki, söz və toplaşmaq azadlığı Azərbaycanda böhran dövrünü yaşayır.
Azərbaycan öhdəliklərilə bağlı hörmətsizlik edir
Ilk çıxışçı Avropa Birliyinin təmsilçisi, səfir Konstantin Yerokstopoulos oldu. Səfir söz və toplaşmaq azadlığının fundamental haqlara aid olduğunu vurğulayaraq bildirdi ki, bütün çağdaş dövlətlərin konstitusiyasında bu, təsbit olunub. Lakin bir çox ölkələrdə qəbul edilən qərarlar təəssüf ki, konstitusiyada təsbit olunan bu hüquqla ahəngdarlıq təşkil etmir. Beləliklə də, həmin qanunlar vasitəsilə fundamental hüquqlar məhdudlaşdırılır. Səfir bunu neqativ məqam kimi qiymətləndirdi.
Konstantin Yerokstopoulos Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində problemlərin olduğunu da çıxışında qeyd etdi. Səfir, həmçinin bu azadlıqdan istifadə etdiyinə görə bu ilin aprelində həbsə atılanlarla bağlı da təəssüfünü ifadə etdi. Cənab Yerokstopoulos, 10 il əvvəl Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən insan hüquq və azadlıqlarına hörmət bəsləyəcəyinə dair üzərinə öhdəliklər götürdüyünü xatırlatdı və həmin öhdəliklərə əməl olunmasının vacibliyini vurğuladı.
ATƏT-in Bakı Ofisindən Con Maqreqor dinc toplaşmaq azadlığıyla bağlı təmsil etdiyi təşkilatın mövqeyi və prinsipləri barədə məruzə etdi. O, özündən əvvəlki natiqin çıxışından iqtibas gətirərək dedi ki, sərbəst toplaşmaq və ya başqa məsələlərlə bağlı qanunun mükəmməl olmasından daha vacibi bu qanunun işlək olmasıdır: “Qanunlar ancaq tətbiqi ilə öz aliliyinə çata bilərlər”.
Cənab Maqreqor Azərbaycanın BMT təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini bir fürsət kimi qiymətləndirərək, ölkəni sərbəst toplaşmaq azadlığı sahəsində öhdəliklərə hörmət etməyə çağırdı.
Digər məruzəçi Aleksandra Delemençuk Şərqi Avropa ölkələrində toplaşmaq azadlığı mövzusunda danışdı. Məruzəçi sərbəst toplaşmaq hüququnun incəliklərindən danışarkən maraqlı bir məqama toxundu. O, beynəlxalq qanunlara söykənərək dedi ki, dinc aksiyanın keçirilməsi üçün hakimiyyət şərait yaratmırsa, tədbirin təşkilatçıları baş verənlərə görə heç bir məsuliyyət daşımırlar.
YAZININ DAVAMI ŞƏKİLLƏRDƏN SONRA
Isa Qəmbər beynəlxalq qurumları qınadı
Məruzələr ətrafında çıxışa Müsavat başqanı Isa Qəmbər tənqidi notlarla başladı. Əvvəlcə o, konfransda qəbul edilmək üçün təqdim olunan sənəddə “2 aprel” məhbuslarının adlarının bir-bir göstərilməsinə etiraz etdi. Başqan bildirdi ki, bu, yanlış tendensiyadır. Sanki hakimiyyətə mesajdır ki, insanları tək-tək yox, cəm halında həbs etsin ki, belədə kiminsə adı səslənmir.
Bundan sonra başqan beynəlxalq təşkilatları Azərbaycanda demokratiya istiqamətində real iş görənlərə yox, imitasiya ilə məşğul olanlara dəstək verdikləri üçün qınadı. O, sual verdi ki, bu maarifləndirici tədbirlərə, monitorinq və seminarlara xərclənən puldan siyasi məhbus ailələrinə də yardım kimi ayırmaq olmazmı? Belə bir praktikanın əksər ölkələrdə mövcud olduğunu qeyd edən Isa Qəmbər ayrı-seçkiliyin başadüşülməz olduğunu dilə gətirdi.
Əli Kərimlidən sərt suallar…
AXCP sədri Əli Kərimlinin də beynəlxalq təşkilatların ünvanına tənqidləri oldu. O dedi ki, ATƏT və Avropa Birliyinin Azərbaycanda etdiklərilə edə biləcəkləri arasında böyük uçurum var: “Başa düşürəm ki, bu təşkilatların sanksiyalarla bağlı böyük imkanları yoxdur, amma sanksiyalara qədər görüləsi çoxlu işlər var və mən diqqəti onlara cəlb etmək istəyirəm”.
AXCP sədri bildirdi ki, 10 ildən çoxdur Azərbaycanda fundamental hüquqların pozulması faktı hansı səbəbdən ATƏT parlamentində, ATƏT-in fəaliyyətdə olan sədrləri səviyyəsində müzakirə olunmur? Niyə Azərbaycandakı insan hüquq və azadlıqlarının bərbad durumu adıçəkilən təşkilatların yetkililərinin leksikonuna düşmür? Əskinə, bəzi hallarda bu diskussiyaları aparmalı olan şəxslərin dilindən Azərbaycandakı vəziyyəti təhrif edən təriflər səslənir.
2005-ci ildə Avropa Şurası Parlament Assambleyası məruzəçilərinin Azərbaycana ildə 14-15 dəfə səfər etdiyini xatırladan Əli Kərimli dedi ki, azərbaycanlılar hazırkı məruzəçilərin üzünü görməyə həsrət qalıb: “Nə biz onları tanıyırıq, nə onlar bizi…”
Səfirin arqumentinə etiraz
Səfir Konstantin Yerokstopoulosun çıxışında səsləndirdiyi “beynəlxalq təşkilatlar ancaq 50 il bundan əvvəl mənim ölkəm Yunanıstandakı kimi ekstremal vəziyyət yarananda sanksiyalara keçir” fikrinə də AXCP sədri etiraz etdi: “50 ildə şərtlər dəyişib. Avropa məkanında bütün fundamental hüquqları tapdalayan 2 rejimdən biri olmaq ekstremal hal deyilmi? Avropa Şurasının məruzəçisinin 2 ildən çoxdur ölkəyə buraxılmaması ekstremal vəziyyət deyilmi?”
Əli Kərimli bildirdi ki, Azərbaycanda insan haqlarının pozuntusuna beynəlxalq qurumların nümayiş etdirdiyi susqunluğu ölkə vətəndaşları başa düşməkdə çətinlik çəkir.
ATƏT pərt durumda
ATƏT rəsmisi Con Maqreqor səslənən suallar qarşısında çaşqın durumda qaldığını özü də etiraf etdi: “Mən indi çaşqınlıq içində qalmışam. Bilirsiniz ki, ATƏT-in 56 üzvü var və hər hansı qərarın qəbulunda orada konsensus yaratmaq çətindir. Bütün bunlara baxmayaraq, biz ölkədəki vəziyyəti daim gündəmdə saxlamağa çalışırıq”.
Vəziyyət getdikcə pisləşir
Əhrar Partiyasının sədriÿ Vaqif Hacıbəyliÿ də tənqidləri davam etdirdi. O bildirdi ki, ölkədə vətəndaş fəallığının olmamasında beynəlxaq təşkilatların da günahı az deyil. 2003-cü il prezident seçkilərindən sonra həyata keçirilən həbslərlə bu il 2 apreldən sonra baş verən həbsləri müqayisə edən Vaqif Hacıbəyli dedi ki, beynəlxalq birliyin analoji məsələyə münasibətində nəzərəçarpan zəifləmə var. O xatırlatdı ki, 2003-cü ildə beynəlxalq təşkilatların nümayəndələri siyasi məhbuslarla, onların ailələrilə davamlı görüşürdü. Indiki siyasi məhbuslar isə “vicdan məhbusu” statusu alsalar da, onların görüşünə heç Kristofer Ştrasser (AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi) də gələ bilmir.
Diktatorların əlini öpməyin!
Politoloq Ərəstun Oruclu, iqtisadçı Natiq Cəfərli də beynəlxalq təşkilatları avtoritar liderlərin əlini öpüb, onların ailə üzvlərinin yaxasından ordenlər asmaqda qınadı. Çıxışçılar dedi ki, Qərb qurumları demokratik mübarizəyə kömək etmirsə, heç olmasa, bu mübarizəni əzənlərə də yardımçı olmamalıdır.
Hüquqşünas ifşa edir
Sərbəst toplaşmaq azadlığıyla bağlı Azərbaycan qanunvericiliyi və tətbiqi praktikasının beynəlxalq standartlara uyğunluğu mövzusunda Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev məruzə etdi. Hüquqşünas Azərbaycan qanunlarının əksəriyyətinin normal olduğunu, lakin onların icrası üçün siyasi iradənin yoxluğunu əsas tezis kimi qeyd etdi. Məruzəçi bildirdi ki, sərbəst toplaşmaq hüququndan kifayət qədər samballı kitablar yazan hakimlər bu hüquqla bağlı şikayətlərə baxarkən öz iradələri və qanuna zidd qərar verirlər, bu da ölkədə məhkəmə hakimiyyətinin azad olmaması ilə bağlıdır.
Intiqam Əliyev, həmçinin ATƏT-i Ədliyyə Nazirliyilə əlaqəyə girib, “dişsiz” hesabatlar hazırlamaqda günahlandırdı. O dedi ki, seçkilərlə, məhkəmələrlə bağlı xeyli sərt və təsirli hesabatlar çap edilməmişdən əvvəl Ədliyyə Nazirliyinə göndərilir, nazirlik isə orada xoşagəlməyən məqamları “qayçılamaqla” məşğul olur, nəticədə ortaya “dişsiz” hesabatlar çıxır: “Biz bunu tənqid edəndə isə ATƏT-in Azərbaycanda kök atan bir xanımı deyir ki, niyə gileylənirsiniz? Allahınıza şükür edin ki, bura Nigeriya deyil, Nigeriyada heç QHT də yoxdur”.
Daha sonra vəkil Əsabəli Mustafayev “2 aprel” məhbuslarının məhkəmə işlərilə bağlı məruzə etdi, bu həbslərin qanunsuz və ədalətsiz olduğunu faktlarla sübut etdi.
Hüquq müdafiəçisi Arzu Abdullayevanın, “Turan” Informasiya Agentliyinin baş redaktoru Mehman Əliyevin də mövzu ətrafında məruzələri dinləndikdən sonra konfrans iştirakçıları “Toplaşma azadlığının tam təmin olunması üçün nələri etmək lazımdır?” sualı ətrafında müzakirələr apardılar.
Əli Kərimlidən maraqlı təkliflər
AXCP sədri Əli Kərimli bununla bağlı bir sıra təkliflərini irəli sürdü. O dedi ki, beynəlxalq təşkilatlar istəsələr, Azərbaycanda toplaşmaq hüququnun reallaşmasına töhfə verə bilərlər. Əli Kərimli təmsil etdiyi partiyanın, eləcə də digər real müxalifət partiyalarının heç birinin qapalı məkanlarda belə, tədbir keçirə bilmədiklərini diqqətə çatdıraraq, təklif etdi ki, beynəlxalq təşkilatlar Azərbaycanın əyalətlərində bir neçə resurs mərkəzinin açılmasına yardımçı olsunlar, orada heç olmasa, 20-30 nəfər toplaşıb, heç kimdən asılı olmadan öz tədbirlərini keçirə bilsin. Bakıda xarici sərmayə əsasında fəaliyyət göstərən xeyli hotellər olsa da, onların da müxalifətə tədbir keçirmək üçün imkan vermədiyini diqqətə çatdıran AXCP lideri, beynəlxalq təşkilatların bu məsələnin kökünü araşdırmasını təklif etdi.
Neft-qazdan danışmağınız yetər!
Bundan başqa, AXCP sədri təklif etdi ki, Azərbaycanda demokratik dəyişiklik istəyən Avropa və ABŞ liderləri bizim ölkə ilə bağlı danışanda leksikonlarını dəyişsinlər, neft-qaz, medaldan yox, insan hüquq və azadlıqlarının durumundan danışsınlar. Əli Kərimliyada saldı ki, AŞ PA və Avropa Birliyinin Azərbaycanla bağlı qətnamələri var, bu qətnamələrin icrasına həmin qurumlara daxil olan ölkələrin rəhbərləri məsuldur: “Bu adamların borcudur ki, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri niyə yerinə yetirmədiyini bu xalqın gözü qarşısında soruşsun”.
AXCP sədri təklif etdi ki, yaxın günlərdə Azərbaycana səfərə gələcək Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona da konfrans adından müraciət olunsun. Ondan Azərbaycan vətəndaşlarının real istəyinə cavab istənilsin. Sonuncu təklif kimi Əli Kərimli bildirdi ki, Əliyevçi rejimin beynəlxalq himayədarlarının dünya ictimaiyyəti qarşısında ifşası üçün vətəndaş cəmiyyəti və siyasi partiyalar birgə səy göstərməlidirlər.
Müraciətlər
Sonda konfrans iştirakçıları Azərbaycan hökumətinə siyasi məhbusların azad olunması, fundamental azadlıqların bərpa edilməsi, siyasi partiyaların, vətəndaş cəmiyyəti qurumlarının toplaşmaq azadlığına qoyulan qadağaya son verilməsilə bağlı müraciət qəbul etdi. Müraciətlə yanaşı, sərbəst toplaşmaq azadlığı haqqında qanuna düzəlişlərlə bağlı tövsiyələr də qəbul olundu.
Daha bir müraciət isə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona ünvanlandı.
Natiq Güləhmədoğlu