Aytən xanımın oğurlanan “pulları”

Günəşin bizə soyuq-soyuq üz göstərdiyi bu güz günündə pəncərə önündə durmuşam. Qarşıda bir yol uzanıb gedir – bomboş, uzun bir yol: nə gələn var, nə gedən. O yolun ağına düşüb getmək istəyirəm. O yolun sonunu görmək, bilmək istəyirəm. O yol məni hara aparacaq, hara aparıb çıxaracaq – bilmirəm. Ancaq mən o yolu getmək istəyirəm. Getmək, getmək, getmək! Deyəsən, mən elə o yolu gedirəm. Haradansa, uzaqlardan, qulaqlarıma hamımıza tanış UVERTÜRANIN səsi gəlir. Mən o səsə doğru gedirəm. Məni getdiyim bu yoldan, sevdiyim o səsdən kimsə ayıra bilməz; bu yol mənim sevimli yolum, o səs mənim sevgili səsimdi…

“Xural” qəzetini bitirdilər, baş redaktorunu türməyə ötürdülər. Bununla bir arada, beş gün irəli, üç gün geri, Bakıda ilginc bir oğurluq olayı baş verdi. Qulluqçusu Aytən xanımın pulunu oğurladı. “Aparılan operativ əməliyyat tədbirləri nəticəsində” Nəsimi rayonundakı 22-ci polis bölməsinin (əməkdaşlarının amansızlığı ilə ad çıxaran əliyevçi diktatura-polis bölməsi!) əməkdaşları oğrunu tutdular. Pulu evdən oğurlayanı “Kriminal”da göstərirdilər. O, üzündən yoxsulluq, ağrı-acı yağan bir qadın idi. Pulu götürdüyü evdə qulluqçu işləyirmiş.
Qulluqçu qadın evdə tək imiş. Evdəki siyirmələrdən, çoxlu siyirmələrdən birini, yalnız birini açıb. Nə görsə yaxşıdı? – bir siyirmə pul! Yaşı boyu bir belə pul görməyən bu qadın o biri siyirmələrə baxmağı ağlının ucundan da keçirməyib, “min bərəkət!” deyibən bu pulları götürüb. Özü də, dediyinə görə, pulu aparıb onu bu evə qulluqçu işinə düzəldən bir qadına verib. O qadın xəstə olduğundan ona pul gərəkmiş. O qadın o pulu aparıb əliyevlərin “sosial yönümlü” dövlətinin supersosial yönümlü xəstəxanalarından birində həkimə rüşvət verməklə sağlamlıq kursu keçəcəkmiş. Deyildiyi kimi, 22-ci polis bölməsinin əməkdaşları OPERATIV olaraq oğrunu tutub, pulları sayıblar. Onların (polislərin!) saydığına görə, Aytən xanımın evindəki təkcə bir siyirmədən götürülən pul 10 min manatdan bir az əskik olub. Indiki rejimdə bu bir qanunauyğunluqdur: polisin saydığı pul əskik olmaya bilməz – milyondusa-milyondan, mindisə-mindən, yüzdüsə-yüzdən, yalnızca manatdısa, manatdan əskik olmalıdır! Indi də eləcə…
Pulu oğurlanan kimdir? Məktəb direktoru! Məktəbə götürmək pulu, fond pulu, süpürgə pulu, kitab pulu, qəzet pulu, jurnal pulu, dərs saatı pulu, müəllim pulu, şagird pulu, qiymət pulu, imtahan pulu, atestat pulu, məktəbə girmək pulu, məktəbdən çıxmaq pulu, ad günü pulu, 8 Mart günü pulu, tədbir pulu, canım sizə desin: papaq pulu, pencək pulu, şalvar pulu, ayaqqabı pulu, köynək pulu, mayka pulu, corab pulu, t… pulu. Yadımdan çıxmışdı: yazan pulu, pozan pulu. Ən başlıcası, bitib-tükənməyən, qorxudan ata-anaların bağrını yaran TƏMIR pulu! Bizin qonşuluqda bir məktəb direktoru var. Deyilənə görə, MM-in dostudur. Ibrahim peyğəmbərin adını pula satan bu adam, qonşuların dediyinə görə, məktəbi yaxınlıqdakı “Binə”, “Sədərək” bazarlarına çevirib. Mən nə o direktoru qınayıram, nə də onun başda duranını: “Binə”, “Sədərək” bazarları Prezident Administrasiyasının filialları yerindədirsə, onlar bu KONSTITUSION (bizim dildə – yasasal) düzənlə necə ayaqlaşmaya bilərlər?!
Ölkədəki bir çox bəlli qaranlıqlara (oğurluqlara) işıq salan “Xural” qəzetini, deyilənə görə, başda oturan birisi bağlatdırıb. Elə qəzetin baş redaktorunu da şərləmə yoluyla o tutdurub. And içərəm: Aytən xanım başda olmaqla, məktəb direktorlarının bu işdə əli yoxdur. “Xural” qəzetini bağlamaq üçün gərək XURAL yiyəsi olasan. Elə gücün ola, ölkədə QANUNÇU hakimiyyət yerinə, QANUNSUZLUQ – badımcan hakimiyyəti qurasan: istəyəndə yumurtanın qiymətini yumurta kimi sındırasan, sonra da sınıq yumurtanın özündən belə, YUN qırxasan. Qəzzafiyə qalmayan dünya, sən indi bunlara qalacaqsan? onda sənə… ar olsun!!!