Əli Kərimli Əhməd Davudoğlunu təbrik etdi

akarimli-yeni5AXCP sədri Əli Kərimli Türkiyə Cümhuriyyətinin baş naziri, AKP-nin sədri Əhməd Davudoğlunun partiyasının seçkidəki qələbəsi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Əhməd bəy, Sizi və partiyanızı parlament seçkilərində əldə etdiyiniz böyük uğur münasibətilə təbrik edirəm. Seçkilərin nəticələrinin qardaş Türkiyə xalqı üçün xeyirli, uğurlu olmasını arzulayıram.

İnanıram ki, Türk xalqının partiyanıza göstərmiş olduğu yüksək etimaddan istifadə edərək, Türkiyənin daha da inkişaf etməsi, daha böyük uğurlara imza atması üçün bundan sonra da başarı ilə çalışacaqsınız.

Son illərdə Türkiyənin daha da güclənməsindən, inkişaf etməsindən məmnun olsaq da, regionumuzda baş verən bir çox hadisələrin qardaş ölkəmiz üçün xeyli problem və çətinliklər yaratdığının fərqindəyik. Arzu edirik ki, ciddi bir qərarlılıqla ölkənizin qarşısında duran problemləri həll edə biləsiniz. Ümid edirəm ki, Türkiyə toplumunun bütün gücünü ümummilli vəzifələrin həlli üçün səfərbər edə biləcəksiniz.

Hörmətli Əhməd bəy, bilin ki, bizlər qardaş Türkiyəyə hər zaman uğur və inkişaf arzu edirik. Uğurlarınız bizi sevindirdiyi kimi, qarşılaşdığınız problemlər, xüsusilə terrorun yaratdığı insan faciələri də üzür. Allahdan arzu edirəm ki, qardaş ölkədən hər zaman xoş xəbərlər alaq, sevincinizə şərik olaq.

Sizi bir daha parlament seçkilərində qalib gəlməyiniz münasibətilə təbrik edirəm!”