Əyyubovun şərikləri niyə Bakıya buraxılmayıb?

«AzAL» rəsmisi onların «Moskva-Bakı» reysinin qeydiyyatı zamanı insident yaratdıqlarını bildirir

“Rusiya vətəndaşı Sergey Gürcianın ”Azərbaycan Hava Yolları”nın reysindən çıxarılması onun erməni əsilli olması ilə bağlı deyil. Bizim şirkət siyasətlə yox, sərnişindaşımaqla məşğuldur”. Bu sözləri “Azadlıq”a AzAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli bildirib. Xidmət rəisi ötən həftə Rusiya mətbuatının gündəmini zəbt bu hadisənin əsl səbəbi barədə deyib:
“Bizim nümayəndə Sergey Gürciana bildirib ki, Azərbaycana səfəri zamanı onu kimsə qarşılayacaqmı? Bu təhlükəsizlik baxımından çox önəmlidir. Sergey Gürcian və onun yanında olan Israil vətəndaşı Dmitri Şukxmaxer isə bizim nümayəndənin sualına təhqirlə cavab veriblər. Nəticədə mübahisə yaranıb. Lakin Sergey Gürcianla Dmitri Şukxmaxer təhqirlərinə son qoymayıblar. Hətta onların bu hərəkətinə etiraz edən ”Bakı-Moskva” aviareysinin digər sərnişinlərini də təhqir etməkdən çəkinməyiblər. Bu isə insidentin böyüməsinə səbəb olub. Bizim nümayəndələr düşünüblər ki, bu halda Sergey Gürcianla Dmitri Şukxmaxerin təyyarəyə buraxılması onların təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Çünki təhqir olunmuş sərnişinlər təyyarədə onlarla dava edə bilərdilər. Bizim nümayəndənin rəhbərliklə məsləhətləşməsindən sonra Sergey Gürcianla Dmitri Şukxmaxerin Bakı reysinə qeydiyyata alınmasından qəti şəkildə imtina edilib”.
Məhərrəm Səfərli bildirib ki, adıçəkilən şəxslər “AzAL”ı məhkəməyə vermək niyyətində olsalar da, bu, onları narahat etmir: “Mən Rusiyanın kütləvi informasiya vasitələrinə bildirmişəm ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadığına görə ermənilərin Azərbaycana gəlişinin məhdudlaşdırılması haqqında Azərbaycan Xarici Işlər Nazirliyinin tövsiyəsi var. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. Buna görə də, ermənilərin Azərbaycana gəlişi arzuolunmaz hesab edilir. Bu şəxslərin səfərləri yalnız beynəlxalq xarakterli tədbirlər çərçivəsində həyata keçirilir. Lakin bununla belə Sergey Gürcian və Dmitri Şukxmaxer insident yaratmasaydı, onların Bakı reysinə qeydiyyatı ləğv edilməzdi. Bu olay sırf onların qeyri-etik hərəkətləri üzündən baş verib. Ona görə də nə edirlər, etsinlər”.  
Xatırladaq ki, olay oktybarın 27-də “Domodedovo” aeroportunda 0853 saylı Moskva-Bakı reysinin qeydiyyatı zamanı baş verib. Sergey Armenoviç Gürcian Rusiya mətbuatına açıqlamasında iddia edib ki, onun biletinin ləğv edilməsi daşıdığı soyadla bağlı olub.
Sergey Armenoviç “Avtovaz”ın nümayəndəsi, onunla birgə Bakıya səfər etmək istəyən isə Dmitri Şukxmaxer isə “Lada International LTD” MMC-nin rəhbəridir.
Onlar 2012-ci il üçün “Lada” markalı avtomobillərin ixracına dair müqavilə imzalamaq üçün Bakıya gəlirlərmiş. Sergey Gürcianla Dmitri Şukxmaxerin iddiasına görə müqavilənin imzalanmaması onları bir neçə milyon dollar zərərə salıb.
Şirkət təmsilçiləri AZAL-ın yerli nümayəndəliyinə qarşı Moskva şəhər məhkəməsində iddia qaldıracaqlarını istisna etməyiblər.
“Yeni Müsavat”ın məlumatına görə, VAZ-ın Azərbaycandakı nümayəndəliyi Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun nəzarətindədir. VAZ-ın Azərbaycandakı təmsilçisi olan “Xəzər-LADA” ASC-nin rəsmi rəhbəri Ilham Əliyevin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olsa da, bütün maliyyə məsələlərini Bəylər Əyyubovun yaxın adamları həyata keçirir.

Seyid