Onun nazir olduğu dövrdə yüzlərlə şəxs saxta diplom alıb
Təhsil naziri Misir Mərdanovun saxta diplomlarla bağlı verdiyi açıqlma nazirin öz əleyhinə çevrilib. Xatırladaq ki, o, ölkədə saxta diplomlu 300-dən çox müəllimin olduğunu deyərək bunu müstəqilliyin ilk illərində ölkədə siyasi dayanıqsızlıq şəraitində 100-dən çox universitetin yaranması və işbaz adamların bundan istifadə etməsi ilə izah etmişdi.
Həmin dövrdə təhsil naziri vəzifəsində çalışmış Firudin Cəlilov isə həmin vaxt özəl universitetlərin fəaliyyət göstərmədiyini bildirmişdi. Keçmiş nazirin sözlərinə görə, AXC hakimiyyəti dövründə yalnız Lənkəran Dövlət Universiteti yaradılıb. Özəl ali məktəblərin yaradılması isə Əliyev hakimiyyətinin vaxtına təsadüf edib. F.Cəlilovun sözlərinə görə, saxta diplomların verilmə tarixinə baxılmalı və onu verən şəxslər barədə cinayət işi açılmalıdır: “Baxın diplomların tarixinə, görün o qədər saxta diplomları kim verib. Bunu müəyyənləşdirmək çətin deyil. Özəl universitetlərin bizə aidiyyəti yoxdur”.
“Azadlıq”ın apardığı araşdırmalar zamanı daha maraqlı faktlar ortaya çıxıb. Bəlli olub ki, saxta diplomların verilməsi daha çox elə Misir Mərdanovun nazir olduğu dövrə təsadüf edir. Biz adının açıqlanmasını istəməyən bir çox diplom sahibləri ilə söhbət aparmışıq. Onların diplomunun verilmə tarixinə baxmışıq. Sənəddə tarixlər nazirin iddia etdiyi kimi, müstəqilliyin ilk illərini deyil, məhz onun təhsil sahəsinə rəhbərlik etdiyi dövrü əhatə edir. Növbəti saylarımızda həmin diplomların surətini dərc etməyə çalışacağıq.