elnurastanbeyli@gmail.com
İnsanlıq tarixi bu gün bəşəri dəyərlər kimi ümumi ad altında ifadə olunan idealların gerçəkləşdirilməsi naminə mücadilələr, mübarizələr tarixidir.
Bu elə bir tarixdir ki, orada hüzn də var, sevinc də. Qan da, göz yaşı da var, qürur da.
Bu elə bir tarixdir ki, orada edamlar da var, sürgünlər də. Amma həqiqət və ədalət adına zəfərlər də, qələbələr də var.
Dünyanın gəlişmiş, çağdaş, modern, mədəni ölkələri indiki səviyyəyə məhz həmin tarixin nəticəsində yüksəliblər. Bəşəri dəyərlər uğrunda bəzən yüzillərlə davam edən mücadilə, mübarizə aparıblar. Məğlub olublar bəzən, amma heç vaxt yorulmayıblar, vaz keçməyiblər.
Yalnız hüququn əgəmən, azadlıqların bərqərar olduğu bir şəraitdə hər kəsin sevgi, sayğı, hüzur, barış içində və rifah içində yaşaya biləcəyinə inanan toplumlar bu yolda nə qədər qurbanlar veriblər, amma gec və ya tez məqsədlərinə çatıblar.
Indi bir azərbaycanlı nədən yaşadığı ölkənin bir Norveç, bir Isveç, bir Almaniya, bir Yaponiya, bir Cənubi Koreya, bir Danimarka, hətta bir Gürcüstan olmadığı haqqında düşünəndə, bu barədə özündən və özgələrdən soruşanda ilk növbədə həmin ölkələrin günümüzdəki uğurlarının arxasındakı gerçək səbəbləri görməyi bacarmalıdır.
Dünya təcrübəsi bir yana, elə Azərbaycanın arxada qalan 22 illik tarixi bizə sübut etdi ki:
– bir ölkə sadəcə, təbii sərvətləri, təbiətin ona lütfü olan var-yatırı hesabına bir yerə vara bilməz;
– siz nə qədər təbii zənginliklərə sahib olursunuz olsun, bu sizi real inkişafa, həqiqi yüksəlişə aparıb çıxara bilməz;
– siz istədiyiniz qədər istedadlı, çalışqan, əməksevər insanlarınızla öyünün, bu sizin firavan, xoşbəxt bir ölkədə yaşamağınız üçün əsla və əsla kifayət etməz.
Bunun üçün sizin ölkənizdə öncə hüquq toxunulmaz olmalıdır. Millətin iradəsi tanınmalıdır, hakimiyyətin mənbəyində gerçəkdən də xalq dayanmalıdır.
Bunun üçün insan azadlıqları təmin edilməlidir.
Məhkəmələr sadəcə və sadəcə, ədalət anlayışına söykənməlidir.
Fikir, düşüncə, ifadə özgürlüyünün önü açılmalıdır.
Sizin ölkənizi idarə edənlər toplumun fərqli, tənqidçi, müxalif düşünən kəsimlərindən əsla və əsla ehtiyatlanmamalı, onlardan qorxmamalı, onları yox etmək üçün saxta, sifarişli məhkəmələr qurmaqdan, ən amansız repressiyalara əl atmaqdan çəkinməlidir.
Əks halda dünyanın hər nə qədər təbii zənginliyinə, maddi kapitala malik olursunuzsa olun, bu, boş şeydir, filfilo söhbətdir. Adı sizin olan o zənginliyin, var-yatırın dadı həmişə bir ovuc adamın olacaq. Sizin haqqınızı, hüququnuzu, azadlıqlarınızı, səsinizi qəsb edənlərin yaşadığınız ölkənin neftindən, qazından, qızılından… sizin payınıza düşənləri qəsb etməsindən təbii, məntiqəuyğun nə ola bilər ki?!
Insanlıq tarixi boyunca hər kəsin seçib-seçilmək hüququ olsun deyə, nə qədər qanlar tökülüb, nə qədər canlar fəda edilib. Nə qədər ocaqlar sönüb, nə qədər talelər qaralıb, nə qədər məşəqqətlər, məhrumiyyətlər yaşanıb. Niyə? Sadə səbəbdən: çünki yalnız azad, adil seçkilərin keçirildiyi ölkədə şəffaflıq, hesabatlılıq, siyasi məsuliyyət və cavabdehlik duyğusu yaranır, yalnız azad və adil seçkilərin olduğu bir ölkədə ədaləti toplumun hər bir fərdi arasında mümkün olduğu qədər bərabər dağıtmaq, hər kəsin öz ölkəsinin maddi nemətlərindən mümkün olduğu qədər bərabər faydalanmasına çalışmaq imkanları ortaya çıxır.
Bunu dərk və qəbul edən ölkələrin hansı inkişaf nöqtəsinə çatdığı göz önündədir.
Biz isə hər saxta seçki ilə, hər bu cür saxtakarlıq şousunda iştirakçıya, ya da seyrçiyə çevrilməklə öz həyatımızı bir az da çətinləşdirir, bir az da ağırlaşdırır, öz övladlarımızın işıqlı, gözəl gələcək imkanlarının üstündən bir xətt daha çəkirik.
Əminəm, bu yazdıqlarımızı əslində, ölkədə hamı çox yaxşı bilir, lap yaxşı anlayır.
Sadəcə, iyrənc olan, adamda ikrah yaradan budur: bilirlər, anlayırlar, amma yenə də oturub səbəbini düşünənlər, başqasından soruşanlar tapılır: “Azərbaycan niyə Norveç deyil? Norveç cəhənnəm, hətta Gürcüstan da deyil?!”
Ayıbdır, vallah.
Vallah, ayıbdır.