Nazirliyin daha bir zabiti həbs edildi; Əli Abbasov baş verənlər barədə nə dedi?
MTN işi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, MTN işinə görə həbs edilən Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri Kürdəxanıdakı təcridxanada təkadamlıq kameraralarda saxlanılır. Onların üzərində ciddi nəzarət var. Həbs edilənlərin bir-birilə əlaqə yaratmasına imkan verilmir. Həmçinin onlardan qaydalara riayət etmək tələb olunur. Digər dustaqlarla onlar arasında hər hansı fərq qoyulmur.
Məlumatlarda daha sonra bildirilir ki, hökumətin əsas narahatlığı bu şəxslərin xarici kompromat ötürüb-ötürməməsilə bağlıdır. Iddialara görə, xüsusilə bu məsələ ciddi araşdırılır.
MTN ölkə başçısının ailəsinin telefon danışıqlarını dinləyib
Qeyd edək ki, uzun illər Daxili Işlər Nazirliyində çalışmış hüquqşünas Əlövsət Əliyev də “Azadlıq”a müsahibəsində bu yöndə maraqlı açıqlamalar vermişdi. Onun dediklərini bir daha xatırladırıq: “Təbii ki, Daxili Işlər Nazirliyi bu imkandan kifayət qədər faydalanmalı idi və faydalana da bildi. Məlumatlara görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə gətirilən ”sahibkarlardan” bankdan götürdükləri pulun neçə faizini kimə verdikləri barədə rəsmi izahat alınıb. Sahibkarlar eyni zamanda, MTN tərəfindən onların telefonlarının dinlənilməsi, alınan pulların daha “yuxarılar”a çatdırılması, hətta prezidentin ailə üzvlərilə danışıqlarının dinlənilməsi barədə izahat veriblər. Həmin izahatlar əsasında Daxili Işlər Nazirliyində hazırlanmış hesabat Ramil Usubov tərəfindən prezidentə şəxsən təqdim olunub. Yəqin ki, həmin hesabatda Beynəlxalq Bankdan pul götürənlər barədə məlumatın MTN-ə kimlər tərəfindən və hansı məqsədlərlə verilməsi də detallı göstərilib. Beləliklə, Daxili Işlər Nazirliyinin rəhbərliyi yaranmış imkandan tam faydalanmaqla, bir güllə ilə iki dovşan vurmağa nail ola bildi. Ilk növbədə, öz mövqeyini müəyyən müddətə möhkəmləndirdi, ikincisi, uzun illər “soyuq müharibə”də olduğu rəqibin vəzifədən getməsinə nail oldu. Hətta “Qara kəmər” əməliyyatının əvəzini müəyyən qədər çıxaraq, o hadisə ilə əlaqədar Daxili Işlər Nazirliyinin itirilmiş nüfuzunun bərpasına qismən də olsa, nail ola bildilər…
…Əslində, Ramil Usubov Eldar Mahmudovu çox yaxşı tanıyır, onun nə qədər tamahkar biri olduğuna bələd idi. Ona görə də Eldar Mahmudov hələ Daxili Işlər Nazirliyində işlədiyi müddətdə onun daha yüksək vəzifə tutmasına mane olmağa çalışırdı və buna nail olurdu. O zamandan da onların arasında münaqişələr davam edirdi. Eldar Mahmudov gözlənilmədən və Daxili Işlər Nazirliyinin xəbəri olmadan milli təhlükəsizlik naziri təyin olunmuşdu. Və nazir olduğu müddətdə də daim Usubov başda olmaqla, Daxili Işlər Nazirliyinin nüfuzdan salınmasına çalışırdı. Eyni zamanda, Daxili Işlər Nazirliyinin bəzi səlahiyyətlərini almaq üçün bütün qüvvəsindən istifadə etdi. “Qara kəmər” əməliyyatında məqsədi Daxili Işlər Nazirliyinin bütün rəhbərliyinin həbsinə nail olmaq idi, amma nazir müavini, mərhum general Zahid Dünyamalıyevin işdən çıxarılmasına, nazirliyin Baş Cinayət Axtarış Idarəsinin rəisi Zakir Nəsirov və bir şöbə rəisinin həbsinə nail ola bildi.
Məncə, Eldar Mahmudov sona qədər MTN-in bir dövlət orqanı olaraq, vəzifələrini dərk edə bilmədi.
MTN-in qanunsuz əməllərindən ölkə başçısına və prokurorluğa edilən şikayətlərə hüquqi qiymət verilmirdi. Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən hər bir əcnəbinin sənədləri yoxlama məqsədilə Dövlət Miqrasiya Xidmətindən MTN-ə göndərilir. MTN yoxlamanı ərizəçi ilə görüşmədən aparıb, Miqrasiya Xidmətinə qaytarmalıdır. Lakin hər bir ərizəçi MTN-ə dəvət olunur və müsbət cavab üçün 20-50 min arası rüşvət tələb olunurdu. Nəzərə alsaq ki, vətəndaşlığa qəbul prezidentin səlahiyyətlərinə aiddir, o zaman hər bir əcnəbi təbii olaraq düşünürdü ki, yəqin alınan rüşvətdən ölkə başçısının da xəbəri var. Bunu ərizəçilər bizə açıq şəkildə deyirdilər. Biz rüşvət tələbilə əlaqədar dəfələrlə prezidentə, milli təhlükəsizlik nazirinə, baş prokurora müraciət etmişdik. Dövlət Miqrasiya Xidmətinin rəisi və müavinlərilə görüşərək, bu qanunsuzluğa son qoyulmasına yardım istəmişdim. Lakin həmin müraciətlərin heç biriə cavab ala bilmədik. Əksinə, şikayətçi olanlar MTN-in təkidilə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədən deportasiya edildilər.
Sonda özbaşınalıq o həddə çatmışdı ki, MTN, hətta prezidentin ailə üzvlərinin telefonlarını dinləməklə, onlarla maliyyə bağlılığı olmayan iş adamlarının siyahısını müəyyənləşdirir, bəzi hallarda isə vəzifəli şəxslərdən, hətta nazirlər və ya nazir müavinlərindən hədə-qorxu, şantacla pul almaqdan çəkinmirdilər.
Bütün qeyd olunanlarla yanaşı, mənə bəlli olan, amma demək istəmədiyim və ya mənə də bəlli olmayan digər hallara ölkə başçısı dözə bilməzdi və son qərarını verdi”.
“MTN işi”lə bağlı daha bir həbs
Bu arada “Qafqazinfo” məlumat yayıb ki, MTN-nin daha zabiti həbs olunub. Bu, nazirliyin istintaq idarəsinin şöbə müdiri polkovnik Vüsal Ələkbərovdur. O, dünən işdən çıxarılıb və dərhal həbs olunub.
Özəl mənbədən Moderator.az-a daxil olan məlumata görə isə yaxın günlərdə MTN-də ciddi ixtisarlar gözlənilir. Mənbənin sözlərinə görə, ixtisarlar əsasən sabiq nazir Eldar Mahmudov dönəmində işə qəbul edilən orta və aşağı zabit heyətini əhatə edəcək.
Məlumata görə, ixtisarın əsas səbəbi MTN-i Eldar Mahmudovun şəxsi sədaqət prinsipi əsasında seçdiyi kadrlardan təmizləməklə yanaşı, adıçəkilən qurumu “artıq yük”dən azad etmək, daha çevik və peşəkar şəxsi heyətə sahib olmaqdır.
Mənbənin sözlərinə görə, sabiq nazirin dönəmində MTN-ə həddindən artıq çox şəxs qəbul edilib ki, əslində bu qədər geniş heyətə ehtiyac olmayıb. Məhz bu baxımdan yaxın günlərdə nazirlikdə çalışan bir çox şəxslərin mərhələli şəkildə işdən azad edilməsi gözlənilir.
Əli Abbasov “MTN işi”ndən danışdı
“Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib”. Bu sözləri isə APA-ya rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. “Hesab edirəm ki, saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Mətbuatda bizim nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq”, – deyə nazir bildirib.
Əli Abbasov işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm”.