Əvəz Zeynallı vəkili ilə yeni məlumat göndərdi

“Gülər Əhmədovanı yanıma Ramiz Mehdiyev göndərib”

Ictimaiyyət baş redaktorun müdafiəsinə qalxdı

Dünən Ə.Zeynallının həbsi ilə bağlı Redaktorlar Birliyi üzvləri, hüquq müdafiəçiləri və ictimai-siyasi xadimlərin iştirakı ilə geniş tədbir keçirilib. Baş redaktorun vəkili Elçin Sadıqov Ə.Zeynallı ilə bağlı son durum barədə məlumat verəndən sonra baş redaktorun müdafiəsi istiqamətində atılacaq addımlar ətrafında müzakirə aparılıb.
“Xural”ın əməkdaşı Nurəddin Xoca bildirib ki, Əvəz Zeynallı ilə bağlı məhkəmə xronikası və deputat Gülər Əhmədovanın müxtəlif adamlarla telefon danışıqları sübut edir ki, jurnalist sifarişlə həbs edilib.
E.Sadıqov əlavə edib ki, Ə.Zeynallı barəsində həbs-qətimkan tədbirinin seçilməsi və cinayət işinin başlanması üçün heç bir əsas yoxdur: “Ittihama əsas kimi deputat Gülər Əhmədovanın oktyabrın 19-da Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə təqdim etdiyi  şikayət əsas götürülüb. Gülər Əhmədova şikayətinə bir disk əlavə edib. Guya, həmin diskə Əvəz Zeynallının səsi yazılıb. Amma ekspert arayışında deyilir ki, Əvəz Zeynallının səsi eşidilmir. Eyni zamanda, qanunsuz yolla yazılmış hər hansı video və ya audio yazı istintaq üçün sübut ola bilməz”.
Vəkilin fikrincə, eyni vaxtda redaktorun yaşadığı evdə, şəxsi avtomobilində və qəzetin ofisində  qanunsuz axtarış aparılıb.

Baş redaktorun ailəsindən qızıl külçələrin və silahın yerini soruşublar

Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallı qeyd edib ki, axtarış zamanı evlərində bir neçə gün əvvəl insult keçirmiş atası olub: “Axtarış aparanlar ev sahiblərindən heç kimi evə buraxmadı. Birinci olaraq qızıl külçələrinin, brilyantların və avtomat silahının harada olduğunu soruşublar. Yəqin ki, onlar jurnalistlərlə korrupsionerlərin yerini səhv salıblar”.
Çıxışlardan aydın olub ki, Gülər Əhmədova avqust ayından başlayaraq müxtəlif adamlara zəng edərək Ə.Zeynallının onun telefonuna cavab verməsini xahiş edib. “Bu insan səkkiz gün mənə zəng edib Əvəz Zeynallının telefonuna cavab verməsi üçün ona müraciət etməyimi xahiş edib. Nəhayət, Əvəz Zeynallı mənim xahişimlə Gülər Əhmədovanın telefonuna cavab verib” – deyə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib. Eyni zamanda, Gülər Əhmədova iki dəfə eyni xahişlə Nurəddin Xocaya zəng edib.

“Gülər Əhmədova məndən də xahiş etmişdi…”

“Qafqazinfo”nun rəhbəri Elbrus Ərud bildirib ki, bir neçə dəfə Ə.Zeynallı ilə birgə olanda Gülər Əhmədova onun telefonuna cavab verməsi xahişi ilə SMS göndərib.
Sonda redaktorlar, hüquq müdafiəçiləri və jurnalist təşkilatları Əvəz Zeynallının hüquqlarının  müdafiəsi üçün birgə işləmək barədə razılığa gəliblər. Müzakirələrdə “Xural” qəzetinin redaksiyasından xahiş edilib ki, qəzetə və Əvəz Zeynallıya qarşı məhkəmə iddiaları, təzyiqlər və telefon zəngləri ilə bağlı sistemləşdirmə aparıb Redaktorlar Birliyinə təqdim etsinlər(“Turan”). 
Dünən o da məlum olub ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının adından Nəsimi Rayon Məhkəməsinə bir neçə şikayət təqdim olunub. E.Sadıqovun sözlərinə görə, bunların arasında Ə.Zeynallı barəsində çıxarılmış həbs qərarından apelyasiya şikayəti, redaksiyada, həmçinin baş redaktorun evində və avtomobilində aparılan axtarışdan, eləcə də əməkdaşların informasiya mənbələrinin olduğu sənədlərin müsadirəsindən verilən şikayət var.

“Xural” nəşrini bərpa edə bilmir

“Xural”ın redaktoru Anar Mahmudoğlunun sözlərinə görə,  vəkili ilə görüşü zamanı Ə.Zeynallı “Xural”ın nəşrini bərpa etməsinə tərəfdar olduğunu desə də, hələlik bunun üçün texniki imkanlar yoxdur: “Redaksiyanın bütün texniki avadanlıqlarını, printerə qədər hər şeyi aparıblar. Ona görə indiki mərhələdə qəzetin çıxması bir qədər sual altındadır. Amma son qərarı qəzetin kommersiya rəhbəri verəcək. Yaradıcı heyətdə problem yoxdur. Avadanlıqlar olsa, qəzetin fəaliyyətini bərpa edə bilərik”.
Dünən günün sonuna yaxın E.Sadıqovun Ə.Zeynallı ilə görüşdüyünü öyrəndik. Vəkilin sözlərinə görə, şənbə günü görüşləri qısa olduğu üçün dünən növbəti dəfə görüşüblər: “Vəziyyəti, əhvalı yaxşı idi. Saxlanma şəraitindən və ona olan münasibətdən şikayəti yoxdur. Əvəz bəy yenidən Gülər Əhmədova məsələsinə toxunaraq dedi ki, ”mən bilirdim ki, onu mənim yanıma Ramiz Mehdiyev göndərir. Ona görə də, pul təklif edəndə bunun təxribat olduğunu anlamışdım”. Bir daha bildirdi ki, bu iş quramadır və onun heç bir təqsiri yoxdur”. 
Xatırladaq ki, Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub və barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Respublika Prokurorluğunun rəsmi məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə Idarəsində baş redaktor barəsindəÿ CM-nin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi iddia olunur. Ə.Zeynallı vəkili ilə görüşündə bu ittihamların saxta və qurama olduğunu bildirib.
Baş redaktorun ittiham olunduğu bu maddələrin sanksiyasında əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək cəza nəzərdə tutulur. Onu da qeyd edək ki, Ə.Zeynallı ötən şənbə günü Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb.

.