Bu gün Türk dünyasının böyük şairi Məmməd İsmayılın doğum günüdür. Onun taleyinin bütün paralellərindən çox sevdiyi bu ölkə, bu yurd, bu torpaqla bağlı kəsişən xətlər keçir. Bugünkü tarixə təsadüf edən daha bir kəsişmə… Ölkədə həm də parlament seçkiləri keçirilir. Şairin illər öncə seçimlə bağlı yazdığı bu şeir aktuallığını zərrə qədər də itirməyib. Ağır zamanlardan keçirik, amma haqq davamız davam edir. Doğum gününüz mübarək, Haqqın, Xalqın, İnsanlığın şairi! Çox yaşayın!
Sən kimi seçirsən?
Nə oldu: yaxşını pisdən seçmədin?!
Nə oldu: əyrini düzdən seçmədin?!
Nə oldu: qızılı misdən seçmədin?!
Sən kimi seçirsən, sən kimi, xalqım?!
Var olan varımı, yoxumu seçər?!
Kor olan azımı, çoxumu seçər?!
Əkinci damazlıq toxumu seçər, –
Sən kimi seçirsən sən kimi, xalqım?!
Əkən əkincidir, biçən Allahdı
Dar gündə qəlbindən keçən Allahdı.
Seçilən bəndədi, seçən Allahdı, –
Sən kimi seçirsən, sən kimi, xalqım?!
Tale qismətimiz belədi yoxsa?!
Əslimiz, kökümüz kölədi yoxsa?!
Bu da bir növbəti tələdi yoxsa, __
Sən kimi seçirsən, sən kimi, xalqım?!
Bu necə dumandı, göz gözü seçmir?!
Bu necə zamandı, düz sözü keçmir.
Olma, seçdiyini xalq özü seçmir?!
Sən kimi seçirsən, sən kimi, xalqım?!
Hər əldə əylənməz dövlət, var belə
Uca zirvə seçər yağan qar belə.
Nədir, nə xəbərdir tezbazar belə
Sən kimi seçirsən, sən kimi, xalqım?!
Bu mən!.. Mən hər şeyi atıb gedərəm,
Uduzub gedərəm, udub gedərəm.
Əlimi üzümə tutub gedərəm, –
Sən kimi seçirsən, sən kimi, xalqım.