Vizaların verilməsində yeni qaydaların tətbiq edildiyi ilə bağlı yayılan xəbər o qədər də doğru deyilmiş. Sən demə, özünü “turizm ölkəsi” elan edən Azərbaycanda gəliş-gediş elə əvvəldən də MTN-in nəzarəti altında imiş və buna görə də Azərbaycana gəlmək müşkül iş sayılırmış. Bu baxımdan Azərbaycanı Türkmənistan və Şimali Koreya kimi ölkələrlə müqayisə etmək olar. Bu yaxınlara qədər Azərbaycanın Niderlandda konsulu olan Nahid Cəfərov “Vizalar MTN-də veriləcək” xəbərini özünün yaratdığı facebook səhifəsində şərh edib. Şərhi təqdim edirik:
Bu gün Azərbaycanda viza rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirmək istərdim.
1. Vizanı onsuz da MTN rəsmiləşdirirdi və burada heç bir yenilik yoxdur.
2. Xəbərdə göründüyü kimi yenə də viza ilə bağlı sorğu səfirilyə göndəriləcək və səfirlik yenə də köhnə qayda ilə sorğuları XİN-ə və XİN də MTN-ə göndərəcəkdir.
3. Müddətin 15 günə endirilməsi də yenilik deyildir və XİN-in saytında (http://mfa.gov.az/content/185) yerləşdirilmiş və 2014-cü ildə yenilənmiş məlumatdan da aydın olur ki, viza rəsmiləşdirilməsi 15 gün ərzində həyata keçirilir.
4. Əgər əvvəl xarici vətəndaş xarici ölkələrdə yerləşən və viza sahəsində ixtisaslaşan şirkətlərə sadəcə pasportlarını və şəkillərini poçtla göndərirdilərsə (onlar üçün daha rahat idi), indi hər kəs oturub özü bunları etməli və hər dəfə də sənədlərdə problemlər ortaya çıxanda bununla bağlı səfirliklərdən bildirişlər almalıdırlar. Bu da işi daha da mürəkkəbləşdirir.
5. Bu “yeniliyin” arxasında “qonşudan qalma dala” prinsipi ilə davranan hökümət əslində viza rejimini aradan qaldırmış və buna görə də turistlərin sevimli məkanlarına çevrilən Ermənistan və Gürcüstandan geri qalmamağı nümayiş etdirməyə çalışır.
6. Azərbaycanı tənqid edən jurnalistləri ölkəyə buraxmamaq məqsədilə viza rejimini ləvğ etməyən Azərbaycan bu cür yollarnan ölkəyə gələnləri nəzarətdə saxlamağa çalışır.
P.S. Xahiş edirəm kimsə ağıllı çıxıb bizim müharibə şəraitində yaşadığımızı mənə xatırlatmasın. Ermənistan da müharibə şəraitindədir və turizm ölkənin təbliği üçün ən əsas alətə çevrilmişdir.