“Əsəd ya getməlidir, ya da devriləcək”

CubeyrVyana toplantısından sonra Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əhməd əl-Cubeyr belə bir açıqlama verib. Cubeyr, Bəşər Əsədin vəzifədən getməsi üçün qarşısında iki seçimin olduğunu bildirib. O, Bəşər Əsədin ya siyasi yolla, ya da döyüş meydanında məğlub olmaqla vəzifədən gedəcəyini deyib:

“Əsədin qarşısında iki seçim var:  Əsəd ya siyasi yolla, ya da döyüş meydanında məğlub olaraq gedəcək. Vyana toplantısına qatılanlara bunu təklif etdik. Növbəti günlərdə İran və Rusiyanın Suriya böhranının sülh yolu ilə həll edilməsində nə qədər ciddi və istəkli olduqlarını görəcəyik”.

Cubeyr, Əsədin necə və nə zaman vəzifədən gedəcəyinin və İran qüvvələri başda olmaqla, xarici güclərin Suriyadan nə zaman çıxacağının onlar üçün son dərəcə prinsipiyal məsələ olduğunu bildirib:

“Bu iki mövzu üzərində razılaşma təmin edilmədən, problemin həlli mümkün deyil. Əgər Əsədin vəzifədən getməsi və xarici qüvvələrin Suriyadan çıxarılması razılaşdırılmayacaqsa, siyasi həll mövzusunda heç bir razılaşma olmayacaq. Bu haqda yığıncaqda çox açıq danışmışıq”,- deyə Cubeyr bildirib.

 

azadliq.info