Yeni qaz kəmərinə nə ehtiyac var?

Ilham Şaban: «Nabukko»nun gecikməsi SOCAR və «Botaş»ın birgə kəmər çəkmək ideyasını yaratdı»

ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiyə ilə birlikdə yeni qaz kəmərinin çəkiləcəyini deyib. Şirkət rəhbərinin sözlərinə görə, Azərbaycan 2025-ci ildə 50 milyard kubmetr qaz istehsal edəcək və onun əksər hissəsini dünya bazarlarında satacaq. Ona görə də Azərbaycanla Türkiyənin arasında yeni qaz kəmərinin tikilməsinə ehtiyac var.
Razılaşmaya görə, yeni kəməri Azərbaycanla Türkiyənin özü çəkəcək, amma başqa xarici mənbələrin də bu işdə iştirakı mümkündür. Kəmərin tikintisini 2012-ci ildən başlayıb 2017-ci ildə başa çatdırmaq planlaşdırılır. Bəs belə bir kəmərin tikintisinə nə ehtiyac var idi?
Iqtisadçı-ekspert Ilham Şabanın sözlərinə görə, hələ bir müddət əvvəl belə bir ideya olub. Detalları isə son altı ayda müzakirə olunurmuş. Ekspert yeni kəmərə ehtiyacın bp-nin monitorinqindən sonra ortaya çıxdığını deyir: “Türkiyə tərəfi deyirdi ki, 10 mlrd kub metr qazı öz ərazimdən problemsiz daşıya bilərəm. Ancaq bp-nin nümayəndələri monitorinq edəndə görüblər ki, Türkiyə ərazisinə 10 mlrd yox, 16 mlrd kub metr qaz daxil olacaq. Ərzurumdan daxil olan qazın böyük əksəriyyəti Türkiyənin qərb, mərkəzi hissəsinə gedir. Çünki ölkənin əsas sənaye potensialı ordadı. Istənilən halda bu qazı ora nəql etmək, nəqletmə sistemini modernləşdirmək, modernləşdirmək üçün də ora kapital qoymaq gərəkdir. Bu da tariflərə təsirini göstərməlidir”.
Ekspertin fikrincə, bundan əvvəl Türkiyənin şərqindən qərbə doğru infrastruktur yaradılması ancaq “Nabukko”nun üzərində idi: “Lakin ”Nabukko? acı bağırsaq kimi uzandı. Belə olan halda Türkiyə ərazisindən SOCAR və “Botaş”ın birgə kəmər çəkmək ideyası yarandı. 2017-ci ilə qədər bunu gerçəkləşdirməyə yetərincə vaxt var”.

Fizzə