«Nəqliyyat naziri sürücüləri özünə işlətmək istəyir, bu alınmayacaq»
Sürücülər etiraz aksiyası keçirəcək
Ziya Məmmədovun “London taksiləri” şəxsi avtomobili ilə sürücülük edənlərə əməlli-başlı başağrısı olub. Bakının Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində, Nəsimi heykəlinin qarşısındakı yolda bənövşəyi taksilərdən başqa digər taksilərin dayanmasına imkan verilmir. Ötən gündən etibarən küçə boyu Nəqliyyat Nazirliyinin Təhlükəsizlik Departamentinin çoxsaylı avtomobilləri və əməkdaşları, eləcə də Post-Patrul Xidmətinin avtomobilləri dayanıb. Onlar həmin ərazidə dayanacaq edən digər taksiləri zorla oradan uzaqlaşdırıblar. Nazirliyin əməkdaşları özlərini mətbuata təqdim etməyib: “Şəhəri gözəlləşdiririk. Bizim taksilər eyni rəngdədir, salonu geniş, rahat və gözəldir. O biri taksilərdə isə belə deyil”.
“Imkan yaratsınlar öz şəxsi avtomobilimlə ”taksovat”lıq edim”
Şəxsi avtomobilləriylə sürücülük edənlərlə söhbətləşdik. Onlar Nəqliyyat Nazirliyinin bu addımının yaxşı hal olmadığını, Bakıda 20 mindən çox sürücünün çörəyinə bais olacağını söylədilər.
Bir maraqlı məqama da diqqət yetirək, şəxsi maşını ilə “taksovat”lıq edən sürücü ayda dövlətə 50 manata yaxın rüsum ödəyir. Ancaq Nəqliyyat Nazirliyinin balansında olan maşınlarla sürücülük edənlər günə 50 manat verməlidirlər. Aylıq maaşları isə 320 manatdır. Yəni “London taksiləri” ilə “taksovat”lıq edib hər gün 50 manat (ən azı – red.) pul ödəməlisən. Öhdəliyə qoyulan məbləği ödəmək üçün bütün günü iş başında olmalısan. Bu isə yarımmüstəqil sürücülərə sərf etmir. Hər gün eyni tempdə işləyə bilməyəcəklərini deyirlər.
Daxili Işlər Nazirliyinin qarşısında şəxsi maşınıyla sürücülük edən Ədalət Əliyev maşınların yığışdırılmasını anlayışla qarşılayır. O deyir ki, şəxsi avtomobillərə qadağa qoyulsa, çoxlu sayda adam işsiz qalacaq: “Biz də bu vətənin övladıyıq. Ümid edirəm ki, hər hansı qərar verilsə, bizi də nəzərə alacaqlar”.
“Bakıda 20 mindən çox sürücü var. 20 min sürücünün ailəsi orta hesabla beş nəfərdən ibarət olsa, bu, 100 min insan deməkdir. Deməli, Ziya Məmmədov belə bir addım atmaqla 100 min insanı çörəksiz qoyur” – bu sözləri 30 ildən çox sürücülük təcrübəsi olan Məhəmməd dayı deyir.
Səməndər Həmzəyev 20 ildir ki, sürücülük edir. Vaxtı-vaxtında “naloq”unu ödədiyini deyir: “Niyə işləməyə qoymurlar? Mən o maşınlarla sürücülük etmək istəmirəm. Imkan yaratsınlar öz şəxsi avtomobilimlə ”taksovat”lıq edim”.
20 ildən çox sürücülük edən Səfər adlı sürücü bizimlə söhbətdə deyir ki, şəxsi avtomobiliylə sürücülük edə bilməsə, məcburdur maşınını evə qoysun: “O taksilərlə sürücülük edə bilmərəm. Çünki sərf etmir. ”London taksisi”ylə gərək səhər evdən çıxım, axşama qədər işləyim. Şəxsi maşınım elədir ki, istədiyim vaxtı evə gedə bilirəm. Maşınımı evə qoyacam. Bir-iki tanış var. Onlar sifariş edəndə sürəcəm”.
Ramik Hacıyev 25 ilin sürücüsüdür. O, “London taksiləri”ni Bakıya gətirincə Qarabağın azad olunması üçün tank almağı daha məqsədə uyğun saydığını deyir: “Yığışdırılacaqsa, biz də evimizə gedəcəyik. Əlimizdən başqa nə gəlir ki?”.
“Bir nəfərin pul qazanması üçün minlərlə insan çörəyini itirir”
Həsən Məmmədov 30 ildir “taksovat”lıq edir: “Bir nəfərin pul qazanması üçün minlərlə insanın çörəyinə bais olurlar. Şəhərdə 30 mindən çox sürücü var. Hərəsinin ən azı iki uşağı var. Bu qədər insanı ac qoyurlar. Nə var, nə var bir nəfər pul qazanacaq. Bakıya 1000 taksi gətiriblər. Ancaq bu qədər insanı çörəksiz qoyurlar. Gətirsinlər 20-30 min taksi, biz də razı olaq. Bulvara gəzintiyə çıxan adam taksi tapa bilmir”.
“Ziya Məmmədov nə etmək istəyir? Nəqliyyat Nazirliyi gündə bir oyun çıxardır. Niyə imkan vermirlər işləyib evimizə çörək pulu qazanaq? Bizim də ailəmiz var axı? Bu haqsızlığı heç Allah da götürməz. Sürücülük edib evə bir-iki manat aparanların körpə balalarının ahı onları gec-tez tutacaq. Şəxsi mənafeləri üçün nəyə desən qol qoyurlar. Nəqliyyat naziri sürücüləri özünə işlətmək istəyir, bu alınmayacaq” – deyir 47 ildir sürücülük edən Vaqif dayı.
Şəxsi avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin yasaqlanmasının yolverilməz olduğunu önə çəkən Vidadi adlı sürücü hesab edir ki, hələlik sözügedən məsələ ilə bağlı qərar yoxdur, amma qərar olsa, bu, qanuna zidd olacaq: “Digər tərəfdən, şəxsi avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin qadağan edilməsi yaxşı nəticə verməyəcək. Hər yerdə taksi kampaniyaları var və sərnişin onlardan hansını istəyir, onu da seçir. Xaricdən gətirilən taksilər 1 kilometrə görə 70 qəpik tələb edir. Bu da başqa ölkələrlə müqayisədə ağlagəlməyəcək qədər bahadır. Bizim camaatda o qədər pul yoxdur axı. Nazirliyə nə var. Müştəri oldu-olmadı bizdən gündəlik haqq tələb edəcək. Buradan (Sahil metrostansiyası – R.D) Hövsana 25 km-dir. Bu, 17 manat edir. Ancaq biz 10 manata aparırıq”.
Etiraz aksiyası olacaq
Taksi sürücüləri Azərbaycan hökumətini konstitusiya və qanunlara əməl etməyə, vətəndaşların hüquqlarını qorumağa çağırıb. Sürücülər Nəqliyyat Nazirliyinin qanunsuz hərəkətlərinə etiraz olaraq oktyabrın 30-da saat 10.00-da “Ulduz” metrosunun qarşısında etiraz aksiyası keçirəcəklər.
Ramin DEKO