xanbahadir@mail.ru
Kimlərsə elə bilir təmizləmə gedir, ancaq, pulları toparlamaqla DƏNIZLƏMƏ gedir. Gedir, özü də bütün ölkə boyu, bütün alanlar üzrə – yol polisindən tutmuş, parkinqlərədək. Yadınızdadır, 12 ildən bəri bu ölkənin başında duran adam xalqı, ölkəni, dövləti hər gün hər an çökürdən, çökürtməkdə olan sorunları görmürmüş kimi bir il qabaq çıxıb nədən danışdı: parkinqlərdən. “Orda-burda dayanırlar, çubuqlarını qaldırıb-endirməklə pul qazanırlar, bilmək də olmur o pullar hara gedir”. Onun nə demək istədiyi sonda dediklərindən bilindi: “bilmək olmur o pullar hara gedir”. Göstəriş verdi: “Bizdə də xaricdəki kimi olmalıdır”. Oldu. O çağadək çubuq yiyələri dayanma çağından asılı olmayaraq sürücülərdən 20 qəpik alırdılar. Indi “xaricdəki” kimi olub: saatı 1 manat. Komunal yığımı, bir çox baqşa kateqoriyalı pul yığımını “xaricdəki” kimi edən I.Əliyev hələ indiyədək “xaricdəki” yüksək aylıq, yüksək pensiya faktına toxunmayıb. Demək, strategiya nə yolla, necə olur olsun xalqı soymaq, bununla da xalqın dirçəlişinə yol verməməkdir! Bunlar isə gündəlik Azərbaycan görsənişləridir: Təhsil, Sağlamlıq sistemlərindən tutmuş, gömrüyədək…
“Avropada bunların qiymətləri bizdəkindən çox bahadır” deyə, benzin başda olmaqla enerji daşıyıcılarının qiymətlərini dönə-dönə qaldıran prezident indiki qlobal ucuzlaşmalardan sonra benzini bu xalqa Amerikadakından qat-qat baha satır. Amerikadakı yaşayış-dolanışıq hara, Azərbaycandakı hara?! Orta amerikalının bir gündə qazandığını orta azərbaycanlı bir aya qazana, qazanmaya! Orta amerikalının gündəlik qazancı partiyasından asılı olmayaraq Amerika prezidentinin gündəlik qayğısından qaynaqlanır. Bu bizdəki kimi sözdə, yalandan göstərilən, gerçəklikdə özünü göstərməyən “qayğı” deyil, işdə doğrulan gerçək qayğıdır. Amerikanın, Amerika kimi bir çox güclü dövlətlərin gücü elə dövlət başçılarının xalqa gündəlik qayğılarına bağlıdır. Prezidentin gündəlik olaraq göstərdiyi xalqa qayğı örnəyi, sözdə deyil, işdə doğru-düzgünlük yolu tutması ondan aşağıda dayanan irili-xırdalı dövlət qulluqçuları üçün də gündəlik görəv borcuna çevrilir.
MTN-in keçmiş başçısı Eldar Mahmudovla bağlı iki həftədir durmadan kompromat-cinayət faktları yayılır. Faktları yayanlar başlıca olaraq “Trend”, “APA” agentlikləridir. Onlar kimlərin kurasiyasındadır – hamıya bəllidir. Demək, işin arxasında birbaşa hakimiyətin başında dayanan dayanır. Demək, dünənədək müxalifəti söydürən bu gün özünün dünənki nazirini söydürür. Müxalifətlə bağlı baş verənlər anlaşılandı, nazirlə bağlı baş verənlər yox. Milli Təhlükəsizlik naziri nə edib? Prezidentinin yaşadığı kimi yaşamaq istəyib, ailəsini, doğmalarını, yaxınlarını prezidentinin ailəsini, doğmalarını, yaxınlarını yaşatdığı kimi yaşatmaq istəyib. Qanun yalnız yıxılanı qamçılamaq, yalnız yıxılanın varını əlindən alıb mənimsəmək üçündürsə, onun nəyi qanundur? Soruşulur: 1)11 il E.Mahmudovun çoxsaylı cinayətlərinə (açıq cinayətlərinə!) niyə göz yumulub? 2)E.Mahmudovun əlindən alınan milyardlarla dəyərində mal-mülk necə olacaq, kimə çatacaq? 22 illik rejim görsəniləri bunu çoxdan bəlli edib.
MM hüquq komitəsinin çoxillik sədri, nomenklatur deputat Əli Hüseynli görün nə deyir: “Eldar Mahmudov kimi riyakar…” Ən böyük riyakarlıq, bundan daha artığı cinayət, illərlə parlamentin hüquq komitəsinin başında dura-dura yalnız bəlli bir nazirin deyil, bütün nazirlərin cinayətlərinə, eləcə də ölkəni bürüyən cinayətlərə göz yummaqdır. E.Mahmudovun cinayətləri bir nazirlik boydadırsa, parlamentdə illərlə hüquq, təhlükəsizlik komitə-komisiyalarında yer tutub susan Ə.Hüseynli, Z.Oruc kimilərinin cinayətləri, ən azı, susmaq baxımından bütün ölkə boydadır! Inanmırsız, gedin Konstitusiyanı oxuyun, parlamentin nədən ötrü olduğunu öyrənin – sizin saxta-kriminal parlamentin yox, gerçək parlamentin!