Gündüz

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Çoxları onu “Meydan.TV” saytındakı karikaturalarından tanıdı. Bu karikaturalar düşdüyümüz siyasi girdabdan çapaladığımız ictimai, mənəvi bataqlığadək bütün dərdlərimizi, ağrılarımızı o qədər dəqiqliklə ifadə edirdi ki!

Gündüz Ağayev əslində, istedadlı rəssamdır, onu sırf karikaturalara meylləndirən isə bu günümüzlə, gələcəyimizlə bağlı vətəndaş həssaslığı, vətəndaş narahatlığı olmuşdu. Vicdanı Azərbaycanın bu qədər məşəqqətli günlərdən keçdiyi bir vaxtda fırçasını sadəcə, sənət üçün işlətməyə imkan verməmişdi.

Zatən yazıçı olsun, ya rəssam, musiqiçi olsun, ya teatr sənətçisi, – fərq etmir, sənətkarı böyük edən onun istedadı, intellekti, zəhməti ilə bərabər həm də ictimai əxlaqıdır, vətəndaş mövqeyidir, Xeyirlə Şərin davasında səfini bəlli etməsidir.

Gündüz də məhz bunu etdi və sənəti sadəcə, kayera və komfort, merkantil maraqlar və şəxsi mənfəət vasitəsi olaraq görənlərin sifətində tərs bir sillə kimi açıldı. Göstərdi ki, həyatdan qopuq, xalqın, vətənin dərdlərinə yad, özgə olan, gücünü ictimai köləlikdən, daxili mütilikdən alan, yalan və yaltaqlıqla bəslənən sənət və sənətkar anlayışı nə qədər ürəkbulandıran, nə qədər saxta, əldəqayırmadır.

Azərbaycanda belə açıq gözlü, aydın baxışlı, irəligörüşlü, ruhən azad insanları bir qayda olaraq sevmirlər, onları Şərin hegemoniyasına təhlükə kimi görür, onlara nifrət edir, onları görməzdən gəlir, onları dışlayırlar. Bax elə ona görədir ki, bu gün rəsmlərinin səsi-sorağı dünyanın dörd bir yanından gələn Gündüzün son vaxtlarkı uğurlarına qarşı bir görməməzlik, bir laqeydlik var. Xalqa ələmuçuranları, cinçıxaranları, falçıları, Nadir Qafarzadələri, Namiq Qaraçuxurluları dəyər kimi sırıyanlar, ekran-efiri, qəzet səhifələrini, internet sitələrini hər cür ictimai-siyasi zir-zibillə, “palatka” müğənnilərinin sərsəmləmələri, kərmə təfəkkürlülərin aqrar zəvzəklikləri ilə dolduranlar Gündüzün dünyanın nüfuzlu saytlarında yayımlanan, sözün həqiqi mənasında sənət hadisəsi, beyin və ürək məhsulu olan əsərlərini görməzdən gəlir, bu barədə yazmağa, danışmağa ya ürək eləmir, ya da bunu gərəksiz sayırlar.

Elə dünən, axşam saatlarında, mən bu sətirləri yazarkən təkcə Türkiyənin onedio.com saytında Gündüzün yeni şedevrləri – 9 illüstrasiyadan ibarət silsiləsi internet istifadəçiləri 13 min dəfə paylaşılmışdı (maraqlananlar üçün link: http://onedio.com/haber/cocuklarin-yer-aldigi-unutulmaz-fotograflari-yorumlayan-gunduz-aghayev-den-9-illustrasyon-614149). Onlarla şərhdə Gündüz haqqında yüksək fikirlər yer almışdı.

Eyni silsiləni “facebook”dakı 23 milyon istifadəçinin təqib etdiyi “Architecture & Design” səhifəsi də paylaşıb.

Onun bundan əvvəlki “Diktatorlar” silsiləsi də dünyada böyük maraq və ajiotajla qarşılanmış, bizdə mətbuat adına iddia edənlər yenə susmuşdular.

Əminliklə demək olar: Gündüz son illərdə Azərbaycanın başına gələn ən gözəl hadisədir. Onun dünyada rəğbətlə qarşılanan rəsmləri “Azərbaycanı dünyaya tanıtmaq” adı ilə milyardların xərcləndiyi Avropa Oyunlarından qat-qat çox iş görür bu ölkə üçün.

Indi bizim məhz bu cür yaradıcı insanlara ehtiyacımız var: bəşəri düşünə bilən! Azərbaycanı azad, modern, mədəni dünyanın bir parçası kimi görməyi arzulayan; Azərbaycanda dünyəvi, demokratik idealların gec-tez qalib gələcəyinə inam yaradan; dar, arxaik, məhəlli düşüncələrdən xilas olub geniş, çağdaş düşünə, bu düşündüklərini də yaradıcılığına yansıdan, şəxsiyyəti ilə yaradıcılığını bütünləşdirən, bütövləşdirən yaradıcı insanlara ehtiyacımız var bizim.

Əbdürrəhim bəy Haqverdiyevlərin, Mirzə Cəlillərin, Sabirlərin, Üzeyir bəylərin, Ömər Faiq Nemanzadələrin, Axundovların, Rəsulzadələrin bu torpaqlarda yarımçıq qalan işlərini, mücadilələrini davam etdirən və məntiqi sona çatdıran bilgi və sənət adamlarına ehtiyacımız var.

Azərbaycanın aydın və azad gələcəyi naminə Gündüzlərin var və çox olması nə qədər önəmlidir, anlamaq çətin deyil.

Nə yaxşı ki, hər şeyə baxmayaraq, bu ölkədə hələ də Gündüzlər yetişir (ya da özləri özlərini yetişdirirlər, fərq etmir).

Bu (nə qədər şablon və pafoslu səslənsə belə!), içinə düşdüyümüz qaranlığın sonunda bizi aydınlığın gözlədiyinə inamımızı gücləndirir.

Bu, ümidimizi möhkəmləndirir ki, hər zülmət gecənin mütləq bir işıqlı GÜNDÜZü də var.