Yaxud iqtidardaxili savaşda rəqibləri radikal müxalifətlə «vurmaq» taktikası
Hakimiyyətdəki qruplaşmalar arasında gedən savaşda rəqiblərin bir-birlərini müxalifətə, müxalifət mediasına, xüsusilə AXCP və “Azadlıq” qəzetinə bağlaması dəb halını alıb.
Hazırda da hakimiyyət daxilində təlatümlər yaşanır. “MTN işi”, seçkilər, maliyyə böhranı yenə də qruplaşmaları üz-üzə gətirib. Belə bir vəziyyətdə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovla Hindistandakı səfirimiz Tamerlan Qarayev Bakıya çağırılıb. Nəyin baş verdiyi barədə dəqiq bilgimiz yoxdur. Amma iqtidar daxilində ciddi qarşıdurmanın olduğu hakimiyyətin nəzarətində olan mediada yayılan məlumatlardan da görünür. Məsələn, “Bizim Yol” qəzeti dünənki sayında Eldar Həsənovu hədəfə alıb. Qəzet səfiri “Azadlıq”ın sevimli personajı kimi təqdim etməklə onun qəzetlə hansısa əlaqələrinin olduğuna işarə vurub. “Bizim Yol”dakı həmkarlarımızın diqqətinə çatdırırıq ki, “Azadlıq” qəzeti mövcud hakimiyyətə xidmət edənlərlə Eldar Həsənov arasında hər hansı fərq görmür. Başda Ilham Əliyev olmaqla, onun bütün komandası “Azadlıq”ın personajıdır. Yəqin ki, həmkarlarımız qəzetin hər sayında onlar haqqında dərc edilən tənqidi materialları oxuyub, ürəklərində belə rejimə xidmət etdikləri üçün xəcalət çəkirlər. Buna əminik. Hər halda biz həmkarlarımızın vicdanlarını tamamilə itirdiyinə inanmırıq.
Bununla belə onların diqqətinə çatdırmaq istəyirik ki, saraydaxili intriqalarda və öz çirkin oyunlarında “Azadlıq”ın adını hallandırmasınlar.