Sülhəddin Əkbər: «Rabitə Nazirliyində həbs olunanlar MTN-in qanunsuz dinləmələrində iştirakçı olublar»
MTN-də baş verənlər mətbuatın əsas xəbəri olaraq qalmaqdadır. Hər gün MTN işi ilə bağlı yeni detallar ortaya çıxır. MTN-lə yanaşı daha iki nazirlikdə də baş verənlərdən təsirlənir. Bunlar Vergilər Nazirliyi və xüsusilə adı çəkilməli olan Rabitə və Yüksək Texnalogiyalar Nazirliyidir.
Ikincinin hədəf seçilməsi heç şübhəsiz telefon zənglərinin dinlənilməsi ilə bağlıdır. Proseslərdən görünür ki, MTN-in həyata keçirdiyi dinləmələr sanksiyalaşdırılmamış olub. Məhz MTN-in bu addımı atarkən qanunu kobud sürətdə pozması bu prosesin iştirakçılarını hədəfə çevirib.
Amma bu dinləmələr necə həyata keçirilib? Qanunla bu prosedur necə tənzimlənir? MTN-in birbaşa telefon danışıqlarını dinləmək hüququ varmı?
Bu suallara Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə aydınlıq gətirməyə çalışdıq.
S.Əkbər bildirdi ki, telefon danışıqlarının dinlənilməsi yalnız məhkəmə qərarı ilə mümkündür. Amma bütün dövlətlərdə bu qərar olmadan da xüsusi xidmət orqanları tərəfindən dinləmələrin həyata keçirildiyini deyən S.Əkbər vurğuladı ki, hətta xaricdə bəzi təşkilatlar, qruplar da qanunsuz dinləmələr reallaşdırırlar.
Azərbaycandakı dinləmələrin isə Rabitə Nazirliyində çalışan müvafiq strukturların, açar fiqurların razılığı olmadan həyata keçirilməsinin mümkünsüz olduğunu deyən S.Əkbər vurğuladı ki, bundan başqa bir sıra başqa addımların da atılması tələb olunur: “Rabitə Nazirliyində həbslərin aparılması təsadüfi deyil. Bu birbaşa MTN-in qanunsuz dinləmələrində bu şəxslərin iştirakı ilə bağlıdır”.
Xəyal