penah huseyn-yeni

Pənah Hüseynin “halal seçkisi”      

penah huseyn-yeniOnu bu qədər optimist edən nədir?

Noyabrın 1-də ölkədə keçiriləcək seçkilərlə bağlı, demək olar, əksəriyyət eyni mövedən çıxış edir. Hətta ilk dəfə olaraq beynəlxalq aləm də seçkini boykot etdi və beləliklə, “boykot həmrəyliyi” yarandı.

Məsələ burasındadır ki, hakimiyyətə loyal münasibət bəsləyən və namizədliyi qeydə alınmış 500-ə yaxın şəxs də son anda geri çəkildi. Yəni hər kəs başa düşür ki, bu seçki əvvəlkilərdən də biabırçı olacaq və siyahı artıq hazırdı. Təşviqat kampaniyasının son günlərində isə “NIDA” və “Müsavat” da seçkidə iştirakdan imtina etdi, “ReAL” təşkilatı seçkinin nəticələrini tanımayacağını bildirdi.

Amma bütün bu baş verənlərə baxmayaraq, dünyanın və ölkə ictimaiyyətinin boykot qərarına rəğmən, AXP sədri Pənah Hüseyn optimist notlarla seçkiyə gedir. Bəli, Pənah müəllimin yaxın müttəfiqi olan “Müsavat”ın seçkidən çəkilməsi belə AXP sədrini həvəsdən salmadı.

Amma daha maraqlı məqamlar Pənah Hüseynin mətbuata müsahibəsində üzə çıxır. O deyir ki, namizəd olduğu dairədə halal seçki keçiriləcəyinə əmindir. Deməli, 124 dairədə haram seçki keçiriləcəyi halda, 1 dairədə “halallıq sertifikatı” veriləcək. Qeyd edək ki, Sabirabad müxalifətçi kəsimin aktiv olduğu yerdir. Yəni bu bölgədə demokratik qüvvələrin tərəfdarları üstünlük təşkil edir. Amma həmin demokratik qüvvələr seçkini birmənalı olaraq boykot ediblər. Belə olan halda Pənah Hüseyn kimə və nəyə arxayındır? Bu qalibiyyətə inam hardan doğur?

Yəqin ki, Milli Şura sədri Cəmil Həsənlinin bir müddət öncə yaydığı siyahını unutmamısınız. Həmin siyahıda Pənah Hüseynin də adı var idi. Görünür, Pənah müəllim seçiləcəyinə əmindir. Ona görə də seçkidən öncə seçkinin şəffaflığını şübhə altına alanları tənqid edir. Pənah Hüseyn müsahibədə bildirir ki, ona qarşı heç bir təzyiq yoxdur, sərbəst şəkildə təbliğatını aparır və saxtakarlıq kursu götürənlər  yanlış yoldadır.

Amma müsahibənin sonrakı mərhələsində Pənah Hüseyn dediklərini təkzib edir. Bildirir ki, müəyyən şəxslər ona elçi göndərib, pul təklif edib və s.

Deməli, Pənah müəllim də etiraf edir ki, seçkilər “alğı-satqı” ilə keçirilir, namizədlər ələ alınır. Amma bütün bunlara baxmayaraq alver seçkisində iştirakda da israrlıdır.

Bəli, ölkənin real demokratik qüvvələri, ən mötəbər beynəlxalq qurumlar “bu ən biabırçı seçki olacaq” deyir. Pənah Hüseyn isə “mənim dairəmdə halal seçki keçiriləcək” söyləyir.

Görünür, göyərçinlər ona xoş xəbəri çatdırıblar və buna görə də geri çəkilmir. Yoxsa, tərkibində “donuz əti” olan məhsula “halal” deməzdi.

Akif