Hakimiyyət “ermənipərəst”lərdən pul istəyir?

ilham-mushavireAvropanı pisləyənlər Avropa şirkətlərindən kömək umur

Azərbaycan hakimiyyətinin antiQərb siyasəti davam edir. Bütün vasitələrlə Avropanın, ABŞ-ın mənfi obrazını yaratmağa çalışırlar və bu dövlətlərin Azərbaycana zərər vurduğunu tirajlayırlar. Son olaraq isə PA rəhbəri Ramiz Mehdiyevin geniş məqaləsi dərc olundu və bu məqalədə də ABŞ, Avropa ən ağır şəkildə ittiham olunur. Yəni daxili auditoriyaya inandırmaq istəyirlər ki, Qərb bizim düşmənimizdir, beynəlxalq təşkilatları erməni lobbisi idarə edir və Qarabağ münaqişəsinin həllini tapmaması da Qərbin günahıdır.

Amma başqa tərəfdən də etiraf edirlər ki, Azərbaycana ən böyük investisiyaları Qərb şirkətləri qoyur, ölkənin ixracatının 82 faizi Avropa ölkələrinin payına düşür.

Bugünlərdə isə Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və BP şirkətinin prezidenti Qordon Birrelin iştirakı ilə  Azərbaycan-Böyük Britaniya əməkdaşlıq forumu keçirilib.

“Britaniya şirkətlərinə təklif edirik ki, Azərbaycan şirkətləri ilə birgə neft maşınqayırması sahəsində layihələr həyata keçirək. Məqsəd gələcəkdə neft və qaz sahəsində yerli istehsal məhsullarını genişləndirməkdir”. Bu fikirləri  tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev söyləyib.

O da məlum olub ki, Böyük Britaniya Azərbaycana ümumi investisiyalar üzrə birinci, neft-qaz sahəsinə investisiyalarda ikincidir. Britaniya investisiyaları $21 mlrd, o cümlədən neft-qaz sahəsinə investisiyalar $1,3 mlrd təşkil edir.

Bəli, həm rəsmi məlumatlar təsdiqləyir ki, Azərbaycanın əsas ticarət portnyoru Avropa ölkələridir, həm də aydın görünür ki, hökumət Avropaya minnətçi düşüb.

Bu məqamda sual meydana çıxır ki, Avropa pisdirsə, niyə əməkdaşlıq edirsiniz? Avropa erməni lobbisinin təsirindədirsə, bizə qarşı qərəzlidirlərsə, niyə minnətə gedirsiniz? Doğrudan da Azərbaycanın Avropadan asılılığı yoxdursa, valyuta ehtiyatlarımızı Avropadan imtina etməklə də artıra biləriksə, Avropa ölkələrinə neft-qaz satmayın,  Avropadan gələn investisiyaları qəbul etməyin.

Amma bu mümkün deyil. Ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək, xarici ticarət dövriyyəsini artırmaq üçün Qərblə əməkdaşlıq zəruridir. Təbii ki, hakimiyyət də bunu başa düşür. Xüsusən də indiki şəraitdə Qərblə əməkdaşlığa daha çox ehtiyac duyulur. Hakimiyyətin Böyük Britaniya şirkətlərinə elçi düşməsi də bu ehtiyacdan doğur.

Demək istəyirik ki, gecə-gündüz Avropanı söyənlər imkan tapan kimi Avropadan yardım istəyirlər, Avropa şirkətlərinə minnətçi düşürlər. Bu faktlar da təsdiqləyir ki, hakimiyyətin Avropanı hədəf seçməsində yeganə məqsəd demokratik islahatlardan qaçmaqdır. Avtoritarizmə haqq qazandırmaq üçün Avropanı xalqın gözündən salmaq lazımdır.

Amma reallıq təsdiqləyir ki, Azərbaycanın dövlət maraqları Rusiyanı deyil, Avropanı seçməyi diktə edir.

Samir