“Polis təfəkkürlü adamların MTN-ə nazir gətirilməsi yolverilməzdir”

alovset-eliyevƏlövsət Əliyev: «Hakim komanda unudur ki, cinayətkarları cəzalandırmasa, özü xalq tərəfindən cəzalandırılacaq»

«Eldar Mahmudov «Qara kəmər» əməliyyatıyla Daxili İşlər Nazirliyinin bütün rəhbərliyinin həbsinə nail olmaq istəyirdi»

 

Son on gündə ölkədə gündəmi zəbt edən mövzu Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələrdir. Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılmasından tutmuş, bu qurumda məsul vəzifə tutan çoxsaylı adamların həbsi, həmçinin bu dalğaya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının da qatılması bir xeyli suallar yaradıb. Uzun illər Daxili Işlər Nazirliyində mühüm postda çalışmış hüquqşünas Əlövsət Əliyevlə söhbətimiz də əsasən bu mövzuda oldu:

– Siz necə hesab edirsiz, MTN ətrafında baş verənlər kökündə dayanan səbəb nədir?

– MTN ətrafında baş verənləri alqışlayıram, amma bunu Azərbaycanda cinayətkarlığa qarşı mübarizə kimi qiymətləndirənlərə acıyıram. Hədə-qorxu ilə tələb etmə, vəzifədən sui-istifadə, qanunsuz olaraq azadlıqdan məhrumetmə, rüşvətxorluq və s. cinayətlər bu gün ölkədə hüquq-mühafizə orqanları, məhkəmə sistemi və icra hakimiyyəti orqanlarının böyük əksəriyyətində davamlı olaraq törədilir. Bu, az qala, adi davranış qaydasına çevrilib. Hələ mən seçkilərin saxtalaşdırılması, icra başçılarının özbaşınalığı kimi daha ağır cinayətlərdən danışmıram. Məmurların əksəriyyəti tutduğu vəzifənin ona verdiyi səlahiyyətlərdən həm də dövlət əmlakını talamaq, vətəndaşların hüquq və azadlıqlarını pozmaq və digər cinayətləri törətmək üçün istifadə edir.

MTN-ə gəlincə, son qərarın verilməsi MTN haqqında davamlı olaraq prezidentə cinayət xarakterli məlumatların daxil olması ilə bağlıdır. Cahangir Hacıyevin ətrafında baş verən son olaylar və onun vəzifədən çıxarılması Eldar Mahmudovun ölkə başçısının yanında müəyyən qədər nüfuzdan düşməsinə səbəb oldu. Ona görə də Beynəlxalq Bankdan götürülən pulların iş adamlarından zorla alınıb qaytarılması MTN-ə yox, Daxili Işlər Nazirliyinə həvalə olundu.

Usubovun Əliyevə təqdim etdiyi sənəddə nələr var?

– Illərdir Daxili Işlər Nazirliyilə Milli Təhlükəsizlik Nazirliyi arasında gizli savaş getdiyi sirr deyil. Son hadisələri həmin “soyuq müharibənin” yekunu kimi qiymətləndirmək olarmı?

– Təbii ki, Daxili Işlər Nazirliyi bu imkandan kifayət qədər faydalanmalı idi və faydalana da bildi. Məlumatlara görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə gətirilən “sahibkarlardan” bankdan götürdükləri pulun neçə faizini kimə verdikləri barədə rəsmi izahat alınıb. Sahibkarlar eyni zamanda, MTN tərəfindən onların telefonlarının dinlənilməsi, alınan pulların daha “yuxarılara” çatdırılması, hətta prezidentin ailə üzvlərilə danışıqlarının dinlənilməsi barədə izahat veriblər. Həmin izahatlar əsasında Daxili Işlər Nazirliyində hazırlanmış hesabat Ramil Usubov tərəfindən prezidentə şəxsən təqdim olunub. Yəqin ki, həmin hesabatda Beynəlxalq Bankdan pul götürənlər barədə məlumatın MTN-ə kimlər tərəfindən və hansı məqsədlərlə verilməsi də detallı göstərilib. Beləliklə, Daxili Işlər Nazirliyinin rəhbərliyi yaranmış imkandan tam faydalanmaqla, bir güllə ilə iki dovşan vurmağa nail ola bildi. Ilk növbədə, öz mövqeyini müəyyən müddətə möhkəmləndirdi, ikincisi, uzun illər “soyuq müharibə”də olduğu rəqibin vəzifədən getməsinə nail oldu. Hətta “Qara kəmər” əməliyyatının əvəzini müəyyən qədər çıxaraq, o hadisə ilə əlaqədar Daxili Işlər Nazirliyinin itirilmiş nüfuzunun bərpasına qismən də olsa, nail ola bildilər.

Əslində, Ramil Usubov Eldar Mahmudovu çox yaxşı tanıyır, onun nə qədər tamahkar biri olduğuna bələd idi. Ona görə də Eldar Mahmudov hələ Daxili Işlər Nazirliyində işlədiyi müddətdə onun daha yüksək vəzifə tutmasına mane olmağa çalışırdı və buna nail olurdu. O zamandan da onların arasında münaqişələr davam edirdi. Eldar Mahmudov gözlənilmədən və Daxili Işlər Nazirliyinin xəbəri olmadan   milli təhlükəsizlik naziri təyin olunmuşdu. Və nazir olduğu müddətdə də daim Usubov başda olmaqla, Daxili Işlər Nazirliyinin nüfuzdan salınmasına çalışırdı. Eyni zamanda, Daxili Işlər Nazirliyinin bəzi səlahiyyətlərini almaq üçün bütün qüvvəsindən istifadə etdi. “Qara kəmər” əməliyyatında məqsədi Daxili Işlər Nazirliyinin bütün rəhbərliyinin həbsinə nail olmaq idi, amma nazir müavini, mərhum general  Zahid Dünyamalıyevin işdən çıxarılmasına, nazirliyin Baş Cinayət Axtarış Idarəsinin rəisi Zakir Nəsirov və bir şöbə rəisinin həbsinə nail ola bildi.

Məncə, Eldar Mahmudov sona qədər MTN-in bir dövlət orqanı olaraq, vəzifələrini dərk edə bilmədi.

MTN-in qanunsuz əməllərindən ölkə başçısına və prokurorluğa edilən şikayətlərə hüquqi qiymət verilmirdi. Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən hər bir əcnəbinin sənədləri yoxlama məqsədilə Dövlət Miqrasiya Xidmətindən MTN-ə göndərilir. MTN yoxlamanı ərizəçi ilə görüşmədən aparıb, Miqrasiya Xidmətinə qaytarmalıdır. Lakin hər bir ərizəçi MTN-ə dəvət olunur və müsbət cavab üçün 20-50 min arası rüşvət tələb olunurdu. Nəzərə alsaq ki, vətəndaşlığa qəbul prezidentin səlahiyyətlərinə aiddir, o zaman hər bir əcnəbi təbii olaraq düşünürdü ki, yəqin alınan rüşvətdən  ölkə başçısının da xəbəri var. Bunu ərizəçilər bizə açıq şəkildə deyirdilər. Biz rüşvət tələbilə əlaqədar dəfələrlə prezidentə, milli təhlükəsizlik nazirinə, baş prokurora  müraciət etmişdik. Dövlət Miqrasiya Xidmətinin rəisi və müavinlərilə görüşərək, bu qanunsuzluğa son qoyulmasına yardım istəmişdim. Lakin həmin müraciətlərin heç biriə cavab ala bilmədik. Əksinə, şikayətçi olanlar MTN-in təkidilə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədən deportasiya edildilər.

Sonda özbaşınalıq o həddə çatmışdı ki, MTN, hətta  prezidentin ailə üzvlərinin telefonlarını dinləməklə, onlarla maliyyə bağlılığı olmayan iş adamlarının siyahısını müəyyənləşdirir, bəzi hallarda isə vəzifəli şəxslərdən, hətta nazirlər və ya nazir müavinlərindən hədə-qorxu, şantajla pul almaqdan çəkinmirdilər.

Bütün qeyd olunanlarla yanaşı, mənə bəlli olan, amma demək istəmədiyim və ya mənə də bəlli olmayan digər hallara ölkə başçısı dözə bilməzdi və son qərarını verdi.

“Bu adamların ölkədən çıxışına qadağa qoyulmalıdır”

– MTN-dən çıxarılan vəzifəli şəxslərin əlində kompromatlar ola bilər. Sizcə, bu kompramatlar hakimiyyətin özünə problemlər yaradarmı?

– Işdən çıxarılan, amma hələ həbs olunmayan şəxslər hakimiyyətə problem yaratmaq gücündə olan şəxslər deyil. Onların müqaviməti olsaydı, nazirliyin rəhbərliyində təmsil olunanların qanunsuz göstərişlərini icra etməzdilər. Bəzən mənə elə gəlir ki, Azərbaycanda ümumiyyətlə, heç bir güc strukturunda etiraz etmək gücünə və mədəniyyətinə malik, yüksək vəzifə tutan şəxslər yoxdur.

Mediadakı məlumatlardan görünür ki, MTN-də yerləşdirilmiş, şəxsi maraqlara xidmət edənlərin əksəriyyəti hansısa formada dövlət sirri olan məlumatlara çıxış əldə edə biliblər. Belə olan halda, bu işlə bağlı istintaqa cəlb edilmiş və ya edilməyən şəxslər həmin məlumatlardan Azərbaycanın ziyanına istifadə edə bilərlər. Odur ki, həm istintaq orqanları,  həm də MTN-in indiki rəhbərliyi dövlət sirri hesab olunan məlumatları qanunsuz və ya qanuni yolla dinləmiş və ya əldə etmiş əməkdaşların siyahısını dəqiqləşdirməli və onların hər birinin ölkədən çıxmasına qadağa qoyulmalıdır.

Qanunvericiliyə görə də dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır.

– Bu məsələdə bir sıra digər yüksək vəzifəlilərin “yanacağı” ehtimalı da səslənir. Sizcə, onlar kimlər ola bilər?

– Eldar Mahmudov nazirliyi elə günə saldı ki, az qala, bu qurumla əlaqəsi olanların hər birinə təhlükəli şəxslər kimi baxılır. Bu, daxilində dövlətçilik sevgisi olan hər kəs üçün çox ağrılıdır.

Milli təhlükəsizlik nazirinin adından verilən göstərişləri icra edənlərin məsuliyyət məsələsi gündəmdə olmalı deyil. Tutduğu vəzifədən asılı olmayaraq, xidməti fəaliyyətilə bağlı Eldar Mahmudovla əlaqə saxlayanların bu gün adlarının hallanması və mətbuata çıxarılması yolverilməzdir. Mahmudovun əməllərinə görə, hətta onun yaxınları və ailə üzvlərinin də təqibə məruz qalması yolverilməzdir. Bu iş üzrə bu vaxta kimi qudalar – Cahangir Əsgərov və Eldar Mahmudov həbs olunmayıbsa, digər nazirlər və başqa yüksək vəzifəlilərin “yanacağını” ehtimal etmirəm.

“Mədət Quliyevi qınayanlar səhv edir”

– MTN-in əməliyyatları nəticəsində həbsdə olan xeyli adam var, son olayların onlara təsiri ola bilərmi?

– MTN tərəfindən həbs edilən şəxslərə münasibətin qismən yumşalacağını düşünmürəm. Lakin gələcəkdə əfv olunanları nəzarətdə saxlasanız, görərsiniz ki, onların əksəriyyətini MTN-in həbs etdiyi insanlar təşkil edəcək.

– Mədət Quliyevin bir müddət sonra nazir vəzifəsinə təsdiqlənəcəyi gözlənilir. Sizcə, təsdiqlənsə, bu vəzifənin öhdəsindən gələ biləcəkmi?

– Mədət Quliyevi qeyri-peşəkarlıqda qınayanlar səhv edir. Mən onu kifayət qədər peşəkar əməliyyatçı hesab edirəm, idarəçilik sahəsində də kifayət qədər təcrübəsi var. MTN-də müavin kimi fəaliyyəti səmərəli ola bilər. Lakin nazir vəzifəsinə daha təcrübəli və islahata meylli şəxs gətirilməlidir. Polis təfəkkürünə malik şəxslərin MTN-ə nazir təyin olunması yolverilməzdir.

Azərbaycan Almaniyadan necə görünür?

– Ümumiyyətlə, Azərbaycanda baş verənlər kənardan, konkret Almaniyadan necə görünür?

– Kənardan belə görünür: qanunvericilik və məhkəmə hakimiyyəti yoxdur; hakimiyyət daxilində çox ciddi qruplaşmalar var; kadr seçimində və yerləşdirilməsində ciddi səhvlərə yol verilir; dövlət qurumları dövlətçiliyə deyil, daha çox qurumun rəhbərinə xidmət edir; hakimiyyətin ən yüksək eşelonunda təmsil olunanlar Azərbaycana müvəqqəti yaşayış yeri kimi baxır; insanlarda yaranan ümidsizlik çox aydın görünür. Hakim komanda unudur ki, cinayətkarları cəzalandırmayacağı halda, özləri xalq tərəfindən   cəzalandırılacaq.

– Sizcə, bu vəziyyətin yaranmasının səbəbi nədir? Çıxış yolunu nədə görürsünüz?

– Bu ilk növbədə idarəçilik sahəsində olan problemlərlə bağlıdır. Azərbaycanda müvafiq səlahiyyətlərə malik  vəzifəli şəxslər əlçatan deyil. Sanki məmurlar insanlara xidmət üçün yox, əzab vermək, onların hüquq və azadlıqlarını davamlı pozmaq üçün vəzifələrə təyin olunurlar. Bütün sahələrin idarə olunmasında təkhakimiyyətlilik mövcuddur. Məmur özbaşınalığından edilən şikayətlərə baxılmır. Idarəçilik sistemi elə qurulub ki, sadə insanlara, o cümlədən orta səviyyədə sahibkarlıq fəaliyyətilə məşğul olanlara yaradılan problemlər haqqında yuxarılara birbaşa şikayət etmək mümkün deyil.

Prezident vətəndaşları qəbul etmir, vətəndaşlarla müzakirələr aparmır, Bakı və Sumqayıtda səfər zamanı ancaq məmurlarla əhatə olunur. Regionlara səfərdə icra başçılarının əvvəlcədən siyahı üzrə müəyyən etdiyi insanlar görüşə gəlir, onlar da ölkə başçısı, onun uğurlu siyasəti və ailə üzvləri haqqında təriflər deyirlər. Ən yaxşı halda, kimsə əvvəlcədən müəyyən edilmiş bir sual və ya təklif verə bilir.

Bu idarəçilik sistemi əslində, korrupsiya və rüşvətxorluğun, habelə özbaşınalığın inkişafına xidmət edir.

Nazirlər tərəfindən regionlarda vətəndaşların qəbulu bir qayda olaraq, görüntü üçün aparılır. Mexanizm elə qurulub ki, hətta vətəndaşları qəbul edən nazirlərə problemlər barədə obyektiv məlumat vermək mümkün deyil. Şikayətçilərin əksəriyyəti həmin görüşə buraxılmır.

Hər bir hüquq-mühafizə orqanında istintaq aparatının olması ölkədə korrupsiya elementlərini daha da gücləndirir. Bütün hüquq-mühafizə orqanlarının – Daxili Işlər Nazirliyinin, prokurorluğun, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin, Ədliyyə Nazirliyinin, MTN-nin, Dövlət Sərhəd Xidmətinin, Hərbi Prokurorluğun, Fövqəladə Hallar Nazirliyinin ayrıca istintaq aparatları var. Bu isə o deməkdir ki, cinayət işlərinin ibtidai istintaqını aparan müstəntiqlər müstəqil deyil və tabe olduqları nazirliyin rəhbərliyinin verdiyi göstərişlərə uyğun “istintaq” aparırlar. Bu isə prosessual qərar qəbul edən şəxsin müstəqilliyini kölgədə qoyur.

Istintaq nə qədər ki, müvafiq nazirliklərin tabeliyindədir hüquq mühafizə orqanlarında korrupsiya elementləri dərinləşməkdə davam edəcək. Hesab edirəm ki, təcili olaraq Istintaq Komitəsi yaradılmalı, prosessual qərar qəbul edən şəxslərin müstəqilliyi təmin olunmalıdır.

Müstəqil məhkəmə hakimiyyətinin olmaması da təbii ki, əsas problem olaraq qalmaqdadır.

Təzəxan Mirələmli