Foqts Azərbaycan yığmasından gedir

Almaniya mətbuatı: «Buna səbəb yerli klubların Foqtsun tələblərinə əhəmiyyət verməməsidir»

 

Almaniya mətbuatı Berti Foqtsun Azərbaycan milli komandasının baş məşqçisi postundan gedəcəyini iddia edir. Almaniyanın “FAZ” qəzetinə istinadən “qol.az” məlumat yayıb ki, Foqts millimizlə müqaviləsini uzatmayacaq.
Almaniya mətbuatı Foqtsun millimizin noyabr ayının 11-də Tiranada Albaniya ilə keçirəcəyi yoldaşlıq görüşündən sonra qəti qərarını açıqlayacağını yazır: “Böyük ehtimalla Foqts Azərbaycan millisi ilə yollarını ayıracaq. Buna əsas səbəb isə yerli klubların Foqtsun tələblərinə əhəmiyyət verməməsidir.
Hər zaman yerli futbolçulara daha çox şans verilməsini və klubların tez-tez məşq keçməklə oyunlara çıxmasının tərəfdarı olan Foqtsun bu tələblərinin yerinə yetirilməməsi onun postundan ayrılmasını zəruri edir. Üstəlik, Azərbaycan millisinin Ufuq Budaqdan (“Frayburq”, Almaniya) başqa ölkə xaricində çıxış edən futbolçusunun olmaması da Foqtsun ayrılmasına əsas səbəblərdən biri kimi göstərilir.
Albaniya ilə yoldaşlıq görüşündən sonra Foqts AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcək və çox güman ki, Azərbaycan millisindən gedəcəyini açıqlayacaq. Artıq Foqtsa iki milli komandadan da təkliflər var. Bunlardan biri Türkiyə yığmasıdır. O, bu postda Quus Hiddinki əvəzləyə bilər”.