Komitə sədri iri layihələrin icraçısı olmaqla iri oliqarxlarla üz-üzə gəlib
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşının oğurlanması barədə yayılan xəbər hələ ki, rəsmən təkzib olunmayıb. Xatırladaq ki, bu xəbəri “Yeni Müsavat” qəzeti yayıb. Xəbərdə deyilirdi ki, bu əməliyyatı Azərbaycanda fəaliyyət göstərən Hacı Məmmədovun dəstəsinə bənzər cinayətkar qruplaşma reallaşdırıb. Dəstə Kərəm Həsənovun qardaşlarından birini axşam saatlarında uzun müddətli izləmədən sonra oğurlayıb. Daha sonra o, Dağıstana aparılıb. Bir neçə gün sonra baş verən olay barəsində Kərəm Həsənova zəng edilərək məlumat verilib və komitə sədrindən külli miqdarda pul istənilib. Dəstə yalnız istədikləri məbləğin onlara çatdıralacağı təqdirdə girovu azad buraxacaqlarını bəyan ediblər. Təxminən 15 gün sonra tələb olunan məbləği məbləği cinayətkarlara çatdıran Kərəm Həsənov qardaşını girovluqdan azad edib. Mənbə qəzetə məlumatında bildirib ki, qardaşının azad olması üçün Kərəm Həsənov bir neçə milyon dollarından keçməli olub. Daha bir maraqlı məlumat ondan ibarətdir ki, Kərəm Həsənov qardaşını oğurlayan dəstənin başında kimlərin durduğunu və həmin dəstənin hansı cinayətlərə imza atdığını bilir. Amma bu dəstəni himayə edən şəxslərin kifayət qədər yüksək çinli olması onu susmağa vadar edir.
“Azadlıq” qəzeti dünənki sayında mövzunu davam etdirərək məlumatla bağlı DIN-in və Kərəm Həsənovun mövqeyini öyrənməyə çalışıb. DIN-in rəsmisi Orxan Mansurzadə xəbəri nə təsdiq, nə də təkzib edib. O, “bizdə bu barədə məlumat yoxdur” deməklə kifayətlənib. Kərəm Həsənov isə “Azadlıq”ın suallarına cavab verməkdən yayınıb.
Biz xəbərin doğru yaxud, yalan olduğunu iddia etməkdən uzağıq. Amma bu gün həqiqətən də Kərəm Həsənov hədəfdə olan məmurlardandır. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən tutmuş, Paşayevlərə qədər bir neçə dəfə himayədarını dəyişən komitə sədri hazırda bir sıra iri layihələrin icraçısıdır ki, bu da onun hədəfə gəlməsinə səbəb olub. Söküntü işlərini həyata keçirmək, “Avrovizion 2012″ Mahnı Müsabiqəsinin keçirilməsi üçün areanın inşasına məsul edilmək və s. bu kimi iri layihələr Kərəm Həsənov üçün ciddi problemlər yaradıb. Bu baxımdan onun hər hansı formada cəzalandırılması mümkündür. Bunu unutmaq lazım deyil ki, komitə sədri qrup lideri olmadığı üçün onun üzərinə yerinə yerimək o qədər də təhlükəli deyil.
Informasiya şöbəsi