“AMAY Abdulla” yenidən məhkəmə qarşısında; iş adamının öz əmlakı ilə yanaşı, ona görə başqasının mülkiyyəti də müsadirə olunub
Abdulla Abdullayev: “Məhkəmə prokurorluğun çaldığı hava ilə oynadı…”
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin 13 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində proses başlayıb. Dünən bu iş üzrə ilkin baxış iclası keçirilib.
İclasda çıxış edən Abdulla Abdullayev barəsində çıxarılmış hökmün cəfəngiyyat olduğunu bildirib: “Bu hökm dövlətə xəyanətdir, hüquqa üsyandır”.
“AMAY Abdulla” kimi tanınan iş adamının sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi faktiki “prokurorluğun çaldığı hava ilə oynayaraq”, belə bir hökm çıxarıb: “Əvvəla, verilmiş kreditlərə görə müqavilə vaxtı bitməmişdi. İkincisi, hər hansı problem olsaydı belə, əvvəlcə xəbərdarlıq edilməliydi. Ən əsası, kredit öhdəliklərilə bağlı məsələ mülki işdir. Buna görə cinayət işi qaldırmaq qanunsuzluqdur.
Bu hökm sifarişlə çıxarılıb, cəfəngiyyatdır, prokurorluğun, konkret olaraq, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin çaldığı hava ilə oynamaqdan başqa bir şey deyil. Müstəntiqin yazdıqlarını köçürüb, adını da qoyublar “Azərbaycan Respublikası adından hökm”. Belə hökm dövlətə xəyanətdir, hüquqa üsyandır.
Abdulla Abdullayev Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyasına müraciət edərək, onları obyektiv araşdırma aparmağa çağırıb.
Abdulla Abdullayevin vəkili Osman Kazımov iş adamının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması, eləcə də “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qanunsuz və əsassız olduğunu deyən müdafiəçinin sözlərinə görə, Abdulla Abdullayevə heç bir aidiyyəti olmayan müəssisələr ona məxsus olması ehtimalı ilə müsadirə edilib. Osman Kazımov həmin müəssisələrlə bağlı hərtərəfli araşdırma aparılması üçün apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib: “Martın 27-də cinayət işi başlayıb, elə həmin gün də Abdulla Abdullayevin barəsində axtarış qərarı verilib. Görüntü yaradılıb ki, guya, Abdullayev istintaqdan yayınır. Halbuki, belə bir hal olmayıb. Aprelin 4-də özü könüllü şəkildə prokurorluğa gedib, həmin gün də həbs-qətimkan tədbiri seçilib.
Söz yığını olaraq yazıblar ki, Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondundan götürülmüş 144 milyon 211 min 344 manatın bir hissəsini İranda naməlum biznes fəaliyyətinə sərf edib. Söhbət İrandakı hansı biznesdən gedir? Ortada heç bir sübut yoxdur.
“Qaradağ Tikinti Materialları” ASC tamam kənar şəxsin mülkiyyətində olduğu halda, hökmə əsasən, müsadirə edilib. Belə əsaslandırılıb ki, guya, müəssisə faktiki Abdulla Abdullayevə məxsusdur. Bu nə deməkdir? Eyni məntiqlə, Şirvan Apellyasiya Məhkəməsinin qərarını faktiki Bakı Apellyasiya Məhkəməsinin qərarı hesab etmək olar. Abdulla Abdullayevin avtomobili də müsadirə edilib.
Sahibkarlığa Kömək Milli Fondundan Abdulla Abdullayevə kredit veriləndə məlum idi ki, o vəsait AMAY-ın yeni binasının təmir-tikintisinə sərf olunacaq. Elə yazıblar ki, guya, bu gizli bir şey olub. Ona görə xahiş edirəm, Fondun nümayəndəsi, həmçinin müvəkkil bank olaraq, “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev məhkəmədə dindirilsin”.
Qısa müşavirədən sonra hakimlər ilkin baxış iclasının qərarını elan edib. Vəkil Osman Kazımovun vəsatətləri təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi, apellyasiya şikayətinə istintaq aparılmadan və əlavə sübutlar tədqiq olunmadan baxılması barədə qərar qəbul olunub. Məhkəmə isə noyabrın 13-nə təyin olunub.
Xatırladaq ki, sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmə əsasən, Abdulla Abdullayev dələduzluq, mənimsəmə kimi ittihamlarla 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib. Onlardan yalnız Abdulla Abdullayev və Elşən Novruzovun vəkilləri apellyasiya şikayəti verib.
Aytən Məmmədova



