elnurastanbeyli@gmail.com
Mədəniyyət və Turizm Nazirliyinin Vaqif Bəhmənli adlı şöbə müdiri öz nazirinə tərif dolu şeir yazıb, həmin şeir sosial şəbəkələrdə lağlağı obyektinə çevrildikdən sonra isə nazir Əbülfəs Qarayev götürüb ona töhmət verib. Açığı, mən töhmətin məhz şeir ətrafında kinayəli, ironiyalı hay-küydən qaynaqlandığını düşünmürəm, hətta burada bir az siyasi çalar da sezirəm.
Təsəvvür edin, Bəhmənlinin şeirində belə misralar vardı: “Nizamülmülk kimi yaxşı vəzirsən”, yaxud “Çürük kötükdə də pöhrə gücü var”.
Əsas da ona görə ki, ölkədə tərifin, mədhiyyəçiliyin bir ünvanı ola bilər, bütün xoş sözlər, gözəl kəlmələr, ancaq həmin ünvana tuşlanmalıdır. Nə vaxtdan saray ədəbiyyatında vəzirləri (oxu: nazirləri!) öyür, mədh edirlər!
Bunlar öz yerində. Açığı, mən bir tərifnamə ətrafında bu qədər fırtına qoparılmasını anlaya bilmədim. Sanki qeyri-adi, fövqəladə, gözlənilməz nə baş verib? Azərbaycanda yaltaqlıq, məddahlıq yəni bu qədərmi nadir, tək-tük fakt və ya hadisədir ki, əli qələm, dilim söz tutan düşüb Bəhmənlinin üstünə?
Əlbəttə, belə deyil. Mən sosial şəbəkələrdə məlum məsələdə qara-qışqırıq salan, məzə, mırt tutan xeyli adama baxdım, onların bir çoxu ilə müxtəlif vaxtlarda xeyli şair-yazıçı ilə mübahisəmiz düşüb, söz güləşdirmişik. Tutaq ki, mənim hansısa xalqsız xalq şairinin, yaxud xalqsız xalq yazıçısının yaltaq hərəkəti, ölkədə baş verənlərə qeyri-vətəndaş münasibəti, həqiqəti pərdələmək, malamaq cəhdi haqda yazımı oxuyub qeyzləniblər, üstümə düşüblər ki, bəs “hələ özün get əvvəlcə onun yazdıqlarının yarısını yaz, sonra danış”, nə bilim, “yazıçının yaradıcılığını şəxsiyyətindən ayırmaq lazımdır”, falan-filan.
Indi isə ikinci, üçüncü dərəcəli bir şairin üstünə elə amansızlıqla düşüblər, sanasan, zaman-zaman anar rzayevlərin, fikrət qocaların, elçin əfəndiyevlərin, zəlimxan yaqubların əl-üzünü yuyan, onları qorumağa, müdafiə etməyə, sudan quru çıxarmağa çalışan heç bunlar deyillər.
Yaltaqlığa, məddahlığa, tərifbazlığa belə ikili, ikiüzlü münasibət bir nazirliyin şöbə müdirinin öz nazirinə mədhiyyə oxumasından daha çirkin, daha idbar, daha iyrəncdir!
Harda yazılıb ki, yaltaqlığı xalq şairi, xalq yazıçısı edəndə yaxşıdır, buna göz yummaq olar, amma bunu heç bir titulu, şan-şöhrəti, yüksək vəzifələri olmayan bir şair, yazıçı edəndə pisdir, iyrəncdir, onu ələ salmaq lazımdır?!
Yaltaqlıq kimin etməsindən asılı olmayaraq ürəkbulandırıcı hadisədir. Yaltaqlığın istənilən forması zərərlidir, zəhərlidir, toplumu çağın gerisinə atır. Yaltaqlıq qədər bir xalqı kor, zəlil edə biləcək, onu köləliyə, mütiliyə yuvarladacaq heç nə yoxdur.
Yaltaqlıq ölkə başçısına yönələndə də, hansısa başqa bir vəzifə sahibinə ünvanlananda da, hətta hansısa arayış almaq üçün JEK müdirinə söylənəndə də qəbuledilməzdir.
Yaxşı, bir halda ki, bu ölkədə bir tərifnaməyə bu qədər qəzəblənən, əsəbiləşən, kinayə edən bu qədər adam var, niyə biz bu gündəyik? Niyə hələ də düşdüyümüz mənəvi bataqlıqdan, siyasi girdabdan xilas ola, qurtula bilmirik? Niyə hələ də hansısa xalqsız xalq şairi, xalqsız xalq yazıçısı barədə güldən ağır bir söz yazanda dörd tərəfdən əli baltalı, dəhrəli, yabalı adamlar az qalır səni yeddi yerə şaqqalayıb, hər tikəni qulağın boyda eləsinlər?
Niyə kimsə yaltaqlanıb “Şöhrət” alanda onu təbrik etmək üçün növbəyə düzülürlər, amma başqa birinin yaltaqlığını görəndə, töhmət alanda, hamı düşür üstünə, tənənin, qınağın, məzənin, mırtın biri-bir qəpik olur?
Yuxarıda da yazdıq – yaltaqlığa belə ikili münasibət hər hansı yaltaqlıq faktından daha iyrənc, daha tragikomikdir.
Yaltaqlığın istənilən görsənişləri ikraha layiqdir. Lütfən, yaltaqlıq hadisələri arasında fərq qoymayın, hansısa mədhiyyəçiliyə əsəbiləşəndə, ya da onu ələ salanda “yaltaqlanan kimdir?” və “kimə yaltaqlanıb?” seçimi etməyin.
Bir də unutmayın: bu ölkədə necə oldu, tərifbazlıq, məddahlıq bu qədər dəbə mindi, kütləviləşdi, insanların uğur, karyera, komfort qazanmaq üçün bir nömrəli çıxış yoluna çevrildi?