Məhəmməd Talıblı: «Yoxlamaların bir niyyəti də bankların devalvasiya qərarına təsirini minimuma endirmək ola bilər»
Xəbər verdimiz kimi, Azərbaycan Mərkəzi Bankı ölkənin 3 aparıcı bankında davamlı yoxlama tədbirlərinə başlayıb. Söhbət sistem əhəmiyyətli “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “Unibank”dan gedir. Yoxlamalar beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirilir. “Davamlı yoxlamalarda məqsəd bank sektorunda yarana biləcək problemləri yerindəcə həll etməkdir”- deyə məlumatda bildirilir.
Amma bir sıra ekspertlərin fikrincə, başlayan yoxlamaların başqa məqsədləri də ola bilər. Onlar sırasında xüsusilə o məqamı vurğulamaq lazımdır ki, Mərkəzi Bank bu addımı ilə bankların dayanıqlığını yoxlamağa çalışır. Eyni zamanda bu addımlar ikinci devalvasiyaya hazırlıq məqsədi də daşıya bilər.
Iqtisadçı Məhəmməd Talıblının fikrincə, Mərkəzi Bankın kommersiya bankları ilə bağlı islahat kursu müxtəlif formalarda davam edir. M.Talıblının sözlərinə görə, kommersiya banklarının azaldılması istiqamətində həyata keçirilən addımlar ondan xəbər verir ki, kommersiya banklarının bu addımlara sonadək dözəcəyinə az inanmaq olar: “Bu, onların sayı 25-30-a düşənə qədər davam edəcək. Mərkəzi Bankın son addımı isə göstərdi ki, əslində məqsəd sağlamlaşdırma istiqamətində həyata keçirilən mərhələli islahatlardan daha çox, düşünülmüş siyasət kursu təsiri bağışlayır. Çünki, bankları bazar şərtlərinə uyğunlaşdırmaq istəyiriksə, o zaman mərhələli olaraq onları yüksək xidmətə və rəqabətli bazar şəraitinə hazırlamalıyıq. Amma deyək ki, onların nizamnamə kapitalı 50 milyon manatdan 500 milyon manata qədər yüksəldildi. Bankların indiki şərtlər altında əlavə resursları bu tələbi yerinə yetirmək gücündə deyil. Təbii ki, bu bütün banklara aid deyil. Amma bankların müəyyən bir hissəsində bu, problem yaradacaq”.
M.Talıblının sözlərinə görə, bu və digər addımların təsiri altında bankların bəziləri ya bazardan çıxacaq, yaxud birləşməyə gedəcəklər. “Amma bu yoxlamaların bir niyyəti də bankların devalvasiya qərarına təsirini minimumlaşdırmaq da ola bilər. Mümkün qədər bankların devalvasiyaya rəvac verməsinə təsirlərini azaltmaq da ola bilər”,- deyə M.Talıblı vurğuladı.
Xəyal