Hələ indi də çoxları unutmayıb. H.Əliyev Azərbaycan Xalq Hərəkatının öncüllərindən, Xalq Cəbhəsinin yaradıcılarından olan Tofiq Qasımova Milli Məclis tribunasından dedi: “Sən nə istəyirsən, Tofiq Qasımov?”. Bu yerdə “soruşdu” olmalıydı, mən bilərəkdən “dedi” yazıram. Doğru-düzgünlüyü ilə tanınan Tofiq Qasımovun nə istədiyini bütün xalq kimi H.Əliyev də bilirdi. Di gəl, onun istədiyini H.Əliyev istəmirdi. Onun istədiyini bildiyindən, ona acıqla deyirdi: nə istəyirsən?.. Tofiq Qasımov xalqına Özgürlük, Demokratiya istəyirdi!
Bugünlərdə gözlənilməz bir soraq – I.Əliyevin 2013-cü il prezident seçkisinə qatılmayacağına oxşar soraq yayıldı. Çoxları bundan xeyli sevincək olmuşdu: “Görünür, Ərəb diktatorlarının başına gələnlər buna dərs olub”, deyirdilər. Dərs-zad hamısı yalan imiş, xalqın sevinci uzun sürmədi: I.Əliyevin iki başlıca sözçüsündən biri – Əli Əhmədov (o birisi Əli Həsənovdur) çaparaq ortaya atılıb xalqı sevinməməyə çağırdı: “Ilham Əliyev 2013-cü ildə prezidentliyə namizədliyini verəcək!”. Ancaq xalq üçün ən yamanı bu deyildi, rejimin başlıca əlaltılarından sayılan F.Ağa malının dedikləri idi. Ağa malı xalqın gələcəyə olan-qalan inamının kökünü baltaladı: “Ölkəmizdə Ilham Əliyevdən başqa prezidentliyə layiqli namizəd yoxdur və ola da bilməz!”.
Ərəblərin DƏHŞƏT sözü bu yerdə necə də yerinə düşür! DƏHŞƏT, nə DƏHŞƏT! Ərəb ölkələrində devrimlər bir-birinə calanıb, devrim dalğasının bizim regiona gəlib çıxmasına azacıq qalır, bu adamlar xalqa hələ də Bin Əli, Mübarək, Qəzzafi nağılları danışırlar: “Ilham Əliyevdən bir dənədir, bu ölkədə ondan başqa prezident ola biləcək kimsə yoxdur”. Ola bilsin, rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq rejiminin başçısı kimi I.Əliyev doğrudan da təkdir; ola bilsin, bu baxımdan ölkəmizdə kimsə onun yerini verə bilməz – bizim buna sözümüz yoxdur. Ancaq bu adamlar, axı, xalqdan nə istədiyini soruşmurlar. Soruşsalar, bilərlər: bu xalq özünə bütünlüklə başqa tipli başçı-prezident seçmək istəyir: ölkənin yeraltı-yerüstü var-yatırına təkbaşına yiyələnməyəcək doğru-düzgün başçı-prezident.
Bu xalq oxullarında rüşvət-soyğunçuluq olmayan təhsil sistemi istəyir. Bu xalq xəstəxanalarında rüşvət-soyğunçuluq olmayan sağlamlıq sistemi istəyir. Bu xalq soyğunçu prezident yerinə QANUNÇU prezident istəyir. Bu xalq onu sevəcək, eləcə də onun sevəcəyi prezident istəyir. Fakt ortadadır: Ilham Əliyev “ata kursuna” bağlı qalaraq bu xalqı sevmədi, sevə bilmədi. Buna görə biz, sözsüz, I.Əliyevi qınaya bilmərik: sevmək qanunla, direktiv göstərişlə olmur, ola bilməz. Sevmədən başına gəldiyin, sevmədən illərlə başında durduğun bir xalqı lap prezident olsan belə, özünə söz verib, özünə güc gəlib sevə bilməzsən. I.Əliyev bu xalqı sevmədiyinə, sevə bilmədiyinə görə ölkəni rüşvət-korrupsiya bataqlığına batırıb. I.Əliyev bu xalqı sevmədiyinə, sevə bilmədiyinə görə yoxsulları varlandırmaq yerinə, varlıları (iş adamlarını) da yoxsullaşdırmaq yolu tutub. I.Əliyev bu xalqı sevmədiyinə, sevə bilmədiyinə görə xalqa çatacaq milyardlar mənimsəndikən sonra qalan qəpik-quruşa divar çəkdirir, qaralmış divarlara ağ üzlük vurdurur. Biz çox istərdik Ilham Əliyev başında durduğu bu xalqı sevsin (bundan hamımız qazanardıq), ancaq o, bu xalqı sevmirsə, göründüyü kimi, sevə bilmirsə, onda neyləmək olar?!
…2013-cü ildən sonra da prezident olmaq istəyinə görə bizim ondan bunu soruşmağımız qalır: “Sən nə istəyirsən, Ilham Əliyev?”. Sən bu xalqı sevmirsənsə, sevə bilmirsənsə, ondan nə istəyirsən?! Bu xalq, bu xalqa yazığı gələn, ürəyi yanan demokratik dünya səndən DEMOKRATIYA istəyir, sənsə “Diktatura!” deyib durursan. Liviya Milli Keçid Şurası başçısının Qəzzafi ilə bağlı dediyi necə də yerinə düşür: “Istərdim Qəzzafidən Liviya xalqına bu zülmləri niyə etdiyini soruşum”.