“Araşdırmaçı jurnalist Xədicə İsmayılova Azərbaycanda məhkumdur. O, Azərbaycan hakimiyyəti tərəfindən məhkum edilib. Amma onun həmkarları buradadırlar. O həmkarları ki, onun fəaliyyətini davam etdirirlər, onun səsinə çevriliblər”.
Norveçin Araşdırmaçı Jurnalistlər Assosiasiyasının prezidenti Jan Gunnar Furuly təhqiqatçı jurnalistlərin 9-cu qlobal konfransının açılışı zamanı çıxışına belə başlayıb.
14 ildir dünyanın hər nöqtəsindən jurnalistləri bir araya gətirən toplantıya bu il ev sahibliyini Norveç edirdi. Lillehammer şəhərində keçirilən bu tədbirin əsas siması isə azərbaycanlı jurnalist Xədicə İsmayıl idi – hər tərəfdə onun fotoları, az qala hər əhəmiyyətli təqdimatda onun xatırlanması… Konfransın builki jurnalının üz qapağı da “Xədicəni azad edin!” manşeti ilə çıxıb.
Jan Gunnar Furuly jurnalistlərin peşə həmrəyliyi göstərməsinin əhəmiyyətli olduğunu vurğulayıb və korrupsioner rejimləri ifşa edib həqiqətləri çatdırmaqda əməkdaşlığın vacib olduğunu deyib. Və sözü yenə də Xədicə İsmayılova nümunəsinə gətirib:
“Xədicə Layihəsi” başlatmaqla dünya jurnalistləri onu tək qoymadılar və onun araşdırmalarını davam etdirdilər. Siz tək deyilsiniz!”.
Konfrans dünyanın 121 ölkəsindən 800-dən çox mətbuat nümayəndəsini görüşdürüb. Onlar arasında müxtəlif siyasi hakimiyyətlərin, güclü korporativ qurumların, mafiya dastələrinin təzyiqlərinə məruz qalmış, həbslə üzləşmiş nüfuzlu jurnalistlər var.
Panellərdən biri “Təhqiqatçı jurnalistlər təhdid altında” adlanıb. Səhnədəki 3 jurnalist peşəsini icra edərkən başına gələnlərdən, ölkələrindəki azadlıqların vəziyyətindən bəhs edib. Dördüncü jurnalist isə Xədicə İsmayıl olmalı idi. Lakin onu həmkarı Drew Sullivan əvəz edib.
“O, Azərbaycanda yüksək səviyyədə korrupsiyanı araşdıran nadir jurnalistlərdəndir. Buna görə də ona qarşı hökumətyönlü media vasitəsilə başlanan qaralama kampaniyası daha da irəli getdi və hökumət onu susdurmağın yeganə yolunu həbsdə gördü”.
Jurnalistlərin Qlobal Konfransında Azərbaycan digər bir paneldə də, isveçli jurnalist qrupunun təqdimatında da müzakirə mövzusuna çevrilib. “Telia Sonera: Sərhədləri aşan korrupsiyanı necə araşdırmalı?” – panel belə adlanırdı. Burda söhbət İsveçin telekommunikasiya şirkəti TeliaSoneranın Azərbaycanda, eləcədə digər Avrasiya ölkələrində prezident ailələri ilə korrupsiya əlaqələrindən gedir. İsveç televiziyası və Şərqi Avropa ilə Mərkəzi Asiya ölkələrinin araşdırmaçı jurnalistlərini bir araya gətirən OCCRP qrupunun araşdırmasında iddia edilir ki, TeliaSonera Azərbaycanda prezident ailəsi ilə razılığa gələrək 790 milyon dolları dəyərində hökumət aktivlərinin mənimsənilməsinə kömək edib.
Müəlliflər digər həmkarlarına apardıqları araşdırmanın texnikası, sənədləri əldə etmə, faktları toplama yolundan, bu yolda üzləşdikləri çətinliklərdən bəhs ediblər, onlara qlobal cinayətkarlığı üzə çıxarmaqla bağlı təlim keçiblər.
Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi bu cür təlimlərin keçirilməsi, dünyadakı jurnalistlərə araşdırma imkanlarının artırılması, bacarıqlarının inkişaf etdirilməsi üçün ildə 500. 000 dollar xərclədiyini açıqlayıb. Şəbəkənin yeni icraçı direktoru, ABŞ-ın tanınmış araşdırmaçı jurnalisti David Kaplan deyib ki, bütün maneələrə baxmayaraq, ildən-ilə sıraları genişlənir:
“Biz dünyanın hər yerinə yayılan yaxşı bir virusuq. Buna nə ad qoyursunuz qoyun: hesabat jurnalistikası, nəzarətçi jurnalistika, araşdırmaçı jurnalistika və s. Gələcək bizik. Əgər cəmiyyətlər və hökumətlər inkişaf etmək, qabağa getmək istəyirlərsə, araşdırmaçı jurnalistlərlə hesablaşmalı olacaqlar”.
Qlobal Araşdırmaçı Jurnalistika Konfransının bundan əvvəl Braziliyada 2013-cü ildə təşkil edilmişdi. Həmin il Konfransın təsis etdiyi baş mükafat – “Global Shining Light Award” Azərbaycana təqdim olunmuşdu. Mükafata layiq görülən araşdırma isə Xədicə İsmayılla Nüşabə Fətullayevanın “Azərbaycanda korrupsiya” adlanan, prezident ailəsinə məxsus biznesdən bəhs edən birgə araşdırmasıdır.


Natiq Güləhmədoğlu



